“Xəzərin hüquqi statusunu müəyyənləşdirmək o qədər də asan deyil” – POLİTOLOQ

    6

    Elxan Şahinoğlu: "Rusiya və İrandakı müəyyən dairələr Xəzərin statusu ilə bağlı məsələnin uzanmasında maraqlıdır"

    "Türkmənistan qazının Xəzərin dibi ilə Avropaya daşınması Kreml və Tehranın maraqlarına cavab vermir"

    Xəbər verdiyimiz kimi, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti iclası 21-24 may 2018-ci il tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək. Qeyd edək ki, bununla əlaqədar, Xüsusi İşçi Qrupunun Azərbaycan tərəfindən rəhbəri xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti hazırda Astana şəhərində səfərdədir. İclas zamanı Konvensiya layihəsi ilə bərabər Xəzəryanı dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısına aid digər sənədlərin də müzakirəsi nəzərdə tutulur. Səfər çərçivəsində, həmçinin, Azərbaycan və Qazaxıstan xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.

    Məlumat üçün bildirək ki, dünyanın ən böyük qapalı su hövzəsi hesab olunan Xəzər dənizinin strateji önəmini artıran amillər onun zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır. Məhz elə bu səbəbdən də uzun illərdir 5 Xəzəryanı dövlət – Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran və Rusiya dənizin hüquqi statusunu müəyyən edə bilmirlər. Əsas mübahisə dənizin milli sektorlara bölünmə prinsipinin razılaşdırılmamasıdır. Belə ki, Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan dənizin dibinin və səthinin beynəlxalq konvensiyalara uyğun olaraq orta xətt boyunca 5 sektorlar bölünməsinin tərəfdarıdır və sahildən 25 dəniz mili məsafədə daxili milli sektorların yaradılmasını istəyir. Azərbaycan bu yanaşmada Rusiya və Qazaxıstanla ortaq mövqe sərgiləyir. Məsələn, Azərbaycanla Qazaxıstan arasında 2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Xəzər dənizində sərhədlərin müəyyən olunması barədə müqavilə imzalanıb. 2003-cü il mayın 14-də isə Azərbaycan, Qazaxıstan və Rusiya Xəzər dənizindəki milli sektorlarının sərhədlərini müəyyən edən razılaşma imzalayıb. Qeyd edək ki, bu razılaşma 3 dövlətin su sərhədlərinin ortaq xətt boyunca müəyyənləşdirilməsini nəzərdə tutur, həmin ölkələrə neft-qaz və mineral resursların öz milli sektorları daxilində istismar etməsinə şərait yaradır.

    Nəzərinizə çatdıraq ki, bu məsələdə Azərbaycanın əsas mübahisəsi İran və Türkmənistanla mövcuddur. Belə ki, dənizin dibinin orta xətt boyunca bölünməsini son illərdə dəstəkləməyə başlayan Türkmənistan bununla belə, Azərbaycanla Kəpəz yatağına görə mübahisə edir. Qazaxıstan isə Xəzər dənizinin quru sərhədindən başlayaraq orta xətt boyunca müəyyən olunmasının tərəfdarıdır. Qazaxıstan 2003-cü ilin mayında Azərbaycan və Rusiya ilə imzaladığı müqavilələr əsasında Xəzər dənizinin 64 faiz sərhədini müəyyən edib. Rusiya ilə mübahisə mövzusu olan Xvalınoe, Mərkəzi və Qurmanqazı neft yataqları isə iki ölkə tərəfindən birgə istismar olunur.

    Rusiyaya gəlincə, o, Xəzər dənizində sərhədləri müəyyən olunmuş yeganə ölkədir. Çünki Xəzər dənizi boyu həmsərhəd olduğu Azərbaycan və Qazaxıstanla imzalanmış müqavilələr Rusiyanın dəniz sərhədlərini müəyyən edib. İran isə bu gün Xəzəryanı ölkələr arasında ən radikal mövqe sərgiləməkdədir. Belə ki, İran Xəzər dənizində sərhədlərin yalnız bütün tərəflərin razılığı əsasında müəyyən olunmasını istəyir. Bundan başqa, İran da Rusiya kimi xaric ölkələrin hərbi gəmilərinin Xəzər dənizində hərəkət etməsinin qadağan olunmasının tərəfdarıdır.

    Bu arada, qeyd edək ki, "Xəzər" Gələcək Naminə Tərəfdaşlıq Təşkilatının rəhbəri, siyasi şərhçi Rüstəm Məmmədov hələ bir müddət öncə Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsinə bir sıra amilin mane olduğunu, əsas sırada isə İranla ABŞ-ın qarşıdurmasının durduğunu bildirib: "İkincisi, Suriya məsələsidir. Suriya məsələsində İranla Rusiyanın mövqeyi eyni, ABŞ-ın mövqeyi fərqlidir. Üçüncüsü, Yaxın Şərq problemidir. İsrail-ərəb qarşıdurması davam edir və burda mövqelər dəqiq deyil. Dördüncüsü, ABŞ-Rusiya qarşıdurmasıdır. Bu da geopolitik bir baxımdır. Beşincisi, Ukrayna-Rusiya qarşıdurması, altıncısı, Türkiyənin regiona can atmasıdır. Bu geopolitik durum bu gün Xəzər dənizində fikir aydınlığının yaranmasına imkan vermir. Çünki Xəzər dənizinin hüquqi statusu formalaşsa, o zaman dövlətlər öz mövqelərini konkretləşdirə bilərlər. Ona görə də məsələ abstrakt vəziyyətdə qoyulur ki, problem həllini tapmasın. Məsələn, bilirsiniz ki, Rusiya Xəzər dənizinin şimalından Suriyaya raket zərbələri endirirdi. Sizcə, status müəyyənləşəndən sonra Rusiya bunu edə biləcək?! Yox! Təbii ki, statusun formalaşması buna maneçilik törədəcək. Odur ki, qarşıdurma hələ də davam edir və dövlətlər Xəzər dənizinin statusunu formalaşdırmaq iqtidarında deyillər".

    Digər politoloq Tofiq Abbasov isə hesab edir ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair mürəkkəb məsələlərin ətrafında tərəflərin mövqeləri üst-üstə düşür, yəni konsensus tapılıb: "Nəzərə almaq lazımdır ki, Xəzər dənizi ona çıxışı olan 5 dövlətin ümumi su hövzəsidir. Bu səbəbdən də heç bir ştatdankənar problemlər yaranmaması, hərbi-texniki məsələlərin həllində tərəflərin bir-birinin maraqlarına hörmətlə yanaşması, digər tərəfdən, mövcud olacaq ümumi sabit rejimin, təhlükəsizlik rejiminin hamının gözləntilərinə cavab verməsi bütün dövlətlərin ümumi marağıdır. Təhlükəsizlik məsələlərinə gəldikdə, beş dövlətin hərbi strukturları, onların hər birinin su hövzəsində özünümüdafiə hüququnun olmasına və hərbi donanma yaratmaq, liman salmağa dair artıq razılığa gəliblər. Tərəflərin bir-birilərinə iddialarının olmadığını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, narahatlıq doğuran məqamlar yox səviyyəsindədir".

    “Anjey Kaspşik elə varlanıb ki, ikinci villasını tikir” - POLİTOLOQ

    Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd etdi ki, avqust ayında Astanada 5 ölkənin prezidentlərinin iştirakı ilə toplantı keçiriləcək və orada konvensiya imzalanmalıdır: "Lakin məsələ burasındadır ki, bu konvensiya da ziddiyyətləri ortadan qaldırmır. Çünki belə məlum olur ki, konvensiya imzalandıqdan sonra belə, Azərbaycan, Türkmənistan və İran sərhədləri öz aralarında müəyyənləşdirməlidir. Onsuz da Azərbaycan, Rusiya və Qazaxıstan arasında Xəzərin statusu ilə bağlı mübahisə yoxdur, sərhədlər müəyyənləşib. Yəni əsas mübahisəli məsələ Türkmənistan və İranladır. Əgər bu konvensiya məsələni yoluna qoymayacaqsa, bu, o deməkdir ki, hələ status müəyyənləşmir".

    Politoloqun sözlərinə görə, Rusiya və İrandakı müəyyən dairələr Xəzərin statusu ilə bağlı məsələnin uzanmasında maraqlıdır: "Çünki Xəzərin statusu müəyyənləşsə, o zaman Türkmənistan qazı da Xəzərin dibi ilə Avropaya daşına bilər. Bu isə Kreml və Tehranın maraqlarına cavab vermir. Məhz bu səbəbdən də yekun statusu müəyyənləşdirmək heç də o qədər asan deyil".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org