“Ukraynanın NATO-ya qəbul edilməsi Rusiyaya verilən ən kəsərli cavab olacaq” – POLİTOLOQ

    15

    Nəzakət Məmmədova: "Poroşenko gələn il yanvarın 25-dən sonra hərbi vəziyyəti uzada və bununla da seçkiləri təxirə sala bilər"

    "Yanukoviçin devrilməsindən indiyədək Ukraynanın gözəçarpan bir nailiyyəti olmayıb"

    Noyabrın 25-də Azov dənizində yaşanan insidentdən, daha dəqiq desək, Rusiya gəmilərinin Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açmasından sonra həm yerli, həm də xarici mətbuatda siyasi analitiklərə istinadən adıçəkilən ölkələr arasında müharibənin başlayacağına dair informasiyalar yer almaqdadır. Məsələn, rusiyalı politoloq Sergey Markov Rusiya-Ukrayna savaşının 2022-2023-cü illərdə başlaya biləcəyini qeyd edib.

    O, hesab edir ki, mövcud şəraitdə Ukrayna Rusiya ilə müharibəyə getməyəcək. Markovun fikrincə, belə səviyyəli qərarları Ukrayna prezidenti Petro Poroşenko yox, amerikalı kuratorları qəbul edirlər: "Onlar Ukraynanın Rusiya ilə indi baş tutacaq miqyaslı hərbi konfliktindən qorxurlar. Buna səbəb isə Ukrayna ordusunun əksər hissəsinin 2014-cü ildəki Krım böhranında olduğu kimi, Rusiyanın tərəfinə keçmək ehtimalıdır. Ya da bu ordu 2008-ci ildə Gürcüstanda olduğu kimi, heç bir şey edə bilməyəcək". "Ona görə də indi ABŞ-ın "dərin dövləti" Kiyevdəki rusofob rejimi zərbə altında qoymayacaq" deyən rusiyalı politoloq bildirib ki, Rusiya ilə müharibə onlar tərəfindən 2022 və ya 2023-cü il üçün planlaşdırılır: "Bu vaxta qədər Ukrayna ordusunu konvensial silahlar sahəsində və mənəvi ruh, yəni Rusiyaya qarşı nifrətin tərbiyəsi məsələsində daha güclü etmək planlaşdırılır. Bu, gələcək müharibənin hədəfidir: elə bir qardaş sallaqxanası yaratmaqdır ki, Putin və ya onun komandası öz hakimiyyətini 2024-cü ildən sonraya uzada bilməsinlər. Rusiya bu planı ləğv etməlidir".

    Bu arada, "Exo Moskva" radiosunun baş redaktoru Aleksey Venediktov isə bu qənaətdədir ki, Kerç böhranı Vladimir Putin və Pyotr Poroşenkoya sərfəlidir. Belə ki, Rusiya prezidentinin reytinqinin düşdüyünü deyən Venediktovun fikrincə, buna görə də Putin arxasında Qərb işğalçılarının dayandığı qonşusunun aqressiya təhdidinə qarşı xalqı ətrafına toplamalıdır: "Bu, artıq Putinin istifadə etdiyi və hər kəsə bəlli olan metodudur. Belə metodlardan Estoniya və Gürcüstan konfliktləri zamanı istifadə edilib. Poroşenkoya bu dəniz insidenti hərbi vəziyyət zamanı prezident seçkisinin keçirilməsinin dayandırılması üçün lazımdır. Hazırkı prezidentin reytinqi o qədər aşağıdır ki, o, ikinci tura keçə bilmir və Timoşenko ilə Yuri Boykonu özündən irəliyə buraxır. Kerç böhranını kimin başlaması vacib deyil. Vacib olan bundan Rusiya və Ukrayna prezidentlərinin siyasi fayda əldə etmələridir".

    Mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən politoloq Nəzakət Məmmədova da bu qənaətdədir ki, əgər indiki şəraitdə Ukrayna ilə Rusiya arasında müharibə olarsa, o zaman Ukrayna ordusunun bir hissəsinin Rusiya tərəfinə keçmək ehtimalı var: "Bu, mümkün variantdır. Çünki hazırda Ukrayna əhalisi iki yerə – Şərqi və Qərbi Ukraynaya bölünüb. Qərbi Ukrayna Avropapərəstdirsə, Şərqi Ukrayna bunun əksinə Rusiyayönümlüdür. Ümumiyyətlə, Şərqi Ukraynadan olan hərbi çağırışçıların, hərbi qulluqçuların Rusiyaya olan rəğbəti sirr deyil. Yəni Ukraynada heç də hər kəs Avropapərəst deyil, hələ də ruspərəst insanların sayı yetərincədir. Onlar hesab edirlər ki, slavyan xalqı olduqlarından ruslarla ümumi kökləri var. Bu səbəbdən də Qərbin, ABŞ-ın yanında deyil, məhz Rusiyanın yanında yer almağın tərəfdarıdı olduqlarını bəyan edirlər".

    Картинки по запросу ukrayna rusiya gəmiləri

    "Ukrayna hələ Rusiya ilə müharibəyə hazır deyil"

    Tərəflər arasında müharibəyə gəlincə, politoloqun fikrincə, bunun indi baş vermə ehtimalı olduqca zəifdir: "Çünki Ukrayna hələ Rusiya ilə müharibəyə hazır deyil. Bu gün onun vəziyyəti ağır, olduqca kritikdir. 22 fevral 2014-cü il tarixində baş vermiş inqilabdan, yəni Viktor Yanukoviçin devrilməsindən indiyədək Ukraynanın gözəçarpan bir nailiyyəti olmayıb. Əksinə, Ukrayna daha da yoxsullaşıb, Avropanın ən kasıb ölkəsinə çüvrilib. Eyni zamanda, bu illər ərzində Ukrayna geosiyasi mübarizə meydanına çevrilib, ərazilərinin bir hissəsini – Krımı itirib. Donetsk və Luqanskda isə Rusiyanın nəzarəti altında qondarma, separatçı rejimlər yaradılıb. Yəni bu ərazilər də itirilmiş sayılır. Çünki rəsmi Kiyev faktiki olaraq həmin ərazilərə nəzarət edə bilmir. Bütün bunları nəzərə alsaq, bu gün Ukraynanın Rusiya ilə müharibə etməyəcəyini demək mümkündür. Odur ki, bu, sadəcə bir demarşdır. Bunu daha çox seçkilərlə əlaqələndirirlər. Bildiyiniz kimi, gələn ilin mart ayının 31-də Ukraynada növbəti prezident seçkiləri keçiriləcək və hazırkı prezident Petro Poroşenkonun şansı azdır. Rəy sorğularına əsasən o, "Batkivşina" Partiyasının lideri Yuliya Timoşenkoya uduzur. Belə bir şəraitdə, son günlər baş verən olaylar Poroşenkonun seçkiqabağı xal qazanmaq, əhali arasında populizmi artırıb özünün reytinqini qaldırmaq istəyi kimi başa düşülür".

    "Yuliya Timoşenko və Vladimir Zelenskinin reytinqi Poroşenkodan üstündür"

    Petro Poroşenkonun seçkilərə "Ordu, dil və etiqad" şüarı ilə getmək istədiyini deyən Nəzakət Məmmədovanın sözlərinə görə, bu, rəğbət qazanmadı: "Çünki əhali artıq Poroşenkoya inanmır, onu "şokolad kralı" adlandırır. Onun indiyə qədər Rusiya ilə biznes əlaqələri olub. Biznesmen üçün vətən, dil və ordu kimi anlayışlar yaddır. Poroşenkonun şüarı o qədər də inandırıcı olmadı, o, əhalini şüarına inandıra bilmədi. Bu səbəbdən də əhali daha çox Yuliya Timoşenkonu və aktyor, şoumen Vladimir Zelenskini dəstəkləyir. Hal-hazırda onların reytinqi Poroşenkodan üstündür. Ona görə də Poroşenkonun Avoz dənizində gəmilərlə bağlı yaranmış insidenti qəsdən törətdiyi və bununla da seçkiqabağı əhali arasında reytinqini qaldırmaq istədiyi deyilir. Bildiyiniz kimi, artıq Ukraynada 2019-cu il yanvarın 25-dək hərbi vəziyyət elan olunub. Martın 31-də isə növbəti prezident seçkiləri keçiriləcək. Qeyd edim ki, hərbi vəziyyət uzadıla da bilər. Əgər bu, baş verərsə, o zaman seçkilər təxirə salınacaq. Çünki hərbi şəraitdə seçki keçirilə bilməz. Düşünürəm ki, Poroşenko bu yolla prezidentlik müddətini uzadaraq vaxt qazanmış ola bilər. Belə bir ehtimal var. Xatırlayırsınızsa, Türkiyədə 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddən sonra tətbiq edilən fövqəladə vəziyyət 2 il qüvvədə qaldıqdan sonra bu ilin iyul ayında ləğv edildi. Odur ki, Poroşenko da gələn il yanvarın 25-dən sonra hərbi vəziyyəti uzada və bununla da seçkiləri təxirə sala bilər".

    "Ukraynanın Qərbin nüfuz dairəsinə daxil olması Rusiyanın böyük Avrasiya strategiyasının üzərindən xətt çəkir"

    Politoloq eyni zamanda, onu da bildirdi ki, Ukrayna gəmiləri ilə bağlı Azov dənizində yaşanan son olay ABŞ və Avropanın təhrikləri nəticəsində də baş verə bilər: "Müharibə məsələsinə gəldikdə, bir daha qeyd edim ki, hazırda Ukrayna ordusu Rusiya ilə savaşa biləcək gücdə deyil. Belə bir vəziyyətdə Ukrayna Rusiya kimi bir dövlətlə müharibə edə bilməz. ABŞ və Avropanın Ukraynaya kömək etməsinə gəldikdə, inanmıram ki, Donald Tramp bunu etsin. Çünki o, daha çox ABŞ-ın öz problemləri ilə məşğul olmağın tərəfdarı olan prezidentdir. Düzdür, Pentaqon bu istiqamətdə hansısa addımlar ata bilər. Lakin hər bir halda Ukraynanın indiki vəziyyətdə Rusiya ilə savaşacaq gücü yoxdur. Odur ki, Putin və Poroşenko müharibəyə getməyəcək. Bu sadəcə qarşılıqlı güc nümayişidir. Düşünürəm ki, Rusiya-Ukrayna savaşı təxminən, 4-5 il sonraya təsadüf edə bilər. Çünki ona qədər artıq Ukraynanı silahlandıracaq, ölkə həm hərbi, həm də iqtisadi cəhətdən özünə gələcək, o cümlədən NATO-ya üzv qəbul edilə bilər. Ola bilər ki, məsələ heç savaş həddinə gəlməsin. Hesab edirəm ki, Ukraynanın NATO-ya qəbul edilməsi artıq Rusiyaya verilən ən kəsərli cavab olacaq. Çünki bilavasitə Azov və Qara dənizlərində, Rusiyanın sərhədlərində yerləşən bir ölkə – Ukrayna slavyan aləmindən qopub Qərbin nüfuz dairəsinə daxil olacaq. Məhz bu ehtimal Rusiya üçün ən təhlükəlisidir. Ona görə ki, Ukraynanın Qərbin nüfuz dairəsinə daxil olması Rusiyanın böyük Avrasiya strategiyasının üzərindən xətt çəkir".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org