“Ukrayna ordusu 27 dəqiqəyə…” – Jirinovskidən ŞOK SÖZLƏR

    15

    Ukrayna ordusu 27 dəqiqə ərzində Rusiya qoşunları tərəfindən məhv ediləcək.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya siyasətçisi, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Rossiya-1” telekanalında tok-şouda bildirib.

    “Hər şey təkrarlanır. Bir vaxtlar anqlosakslar Hitleri SSRİ-yə hücum etməyə məcbur etdilər. Poroşenko, əlbəttə ki, Hitler deyil, amma o, bu rolu oynayır”, – Jirinovski deyib.

    Partiya lideri nasist Almaniyanın “Qaliçina” diviziyasının taleyini xatırladıb. Diviziya 1944-cü ilin iyulunda döyüşdə sovet qoşunları tərəfindən darmadağın edilmişdi.

    “Hitler “Qaliçina” diviziyası yaratdı. Bu diviziya Sovet ordusu ilə nə qədər döyüşdü? 27 dəqiqə. Avakov və başqa nazirlər deyirlər ki, müharibə üç gün ərzində bitəcək. Hansı üç gün? 27 dəqiqədə bitəcək və Ukrayna ordusundan heç nə qalmayacaq”, – Jirinovski xəbərdarlıq edib.

    Onun sözlərinə görə, 2019-cu ildə Ukraynanın Rusiya ilə müharibəyə başlayacağı faktı Rusiyanın xüsusi xidmət orqanları üçün sirr deyil. Jirinovski vurğulayıb ki, seçkilər Kiyev hakimiyyətinə lazım deyil.

    Maraqlıdır ki, Jirinovski sentyabrın əvvəlində Ukrayna ordusunu məhv etmək üçün 5 dəqiqənin kifayət edəcəyini bildirmişdi.