“Suriyada bütün güclər Əsədə qarşı birləşir” – POLİTOLOQ

    6

    Qabil Hüseynli: “Bu birlik Suriyanın gələcək siyasi mənzərəsini dəyişdirə bilər”

    Suriyada Əsəd rejiminə qarşı döyüşən 11 müxalif qrup “Milli Müstəqillik Cəbhəsi” adı altında birləşib. Yeni yaradılan Milli Müstəqillik Cəbhəsinə Feylak-ı Dəməşq, Nasir Ordusu, Azad İdlib Ordusu, 1-ci Sahil Diviziyası, 2-ci Sahil Diviziyası, 1.fırka, 2-ci Ordu, Elitalar Ordusu, Seyyidüş- Əl İslam Dareyya, Əl Huriyye Briqadası və 23-ci Firqə qrupları daxil olub.

    Bildirilir ki, ölkənin şimal-qərbindəki İdlib və Xama rayonunun şimalındakı Azad Suriya Ordusuna (ASO) bağlı 11 hərbi müxalif qrup Bəşər Əsəd rejiminə qarşı “Milli Müstəqillik Cəbhəsi” adı altında birləşməyə qərar verib.

    Müxaliflərin sosial mediada bölüşdüyü birləşmə anonsunda qeyd olunub ki, yeni birliyin hədəfi Suriyada Azad Suriya Ordusunun komponentlərinin vahid çətir altında birləşməsidir.

    O da diqqətə çatdırılıb ki, “Milli Müstəqillik Cəbhəsi”nin lideri Faylak Dəməşq qrupunun komandirlərindən Fadıl Allah Əl Hacci, müavini isə Nasir Ordusundan Suhayp Leyyüş olub.

    Bununla da 30 minlik müxalif qrupların birləşməsi ilə Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən ən böyük hərbi qruplardan biri yaranıb.

    “Bu birlik Əsəd rejimini dəyişdirməyi gündəmə gətirib”

    Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

    Suriyada “Milli Müstəqillik Cəbhəsi” adı altında 30 minlik müxalif qrupların birləşməsi ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, bu birlik Türkiyənin dəstək verdiyi və müdafiə etdiyi Suriya Azadlıq Ordusunun təşəbbüsü ilə yaradılıb: “Suriya Azadlıq Ordusunun özünün döyüşçülərinin sayı 20 minə çatır. Digər müxalif qüvvələr xırda-xırda qruplardır, onlar birləşdikdən sonra Suriya Azadlıq Ordusunun adı dəyişdirilərək “Milli Müstəqillik Cəbhəsi” adlanmağa başlayıb. Bu birlik 30 min sayda ordu ilə qarşısına daha böyük hədəflər qoymaqla Suriyadakı Əsəd rejimini dəyişdirməyi gündəmə gətirib. Hələ ki, ABŞ-dan, Türkiyədən bu birləşməyə müsbət fikirlər səsləndirilməkdədir. Bu birlik Suriyanın gələcək siyasi mənzərəsini dəyişdirə bilər”.

    “Bu birlik Əsəd Rejimini devirə bilər”

    “Bu birlik Əsəd rejimini devirə bilərmi” sualına Q. Hüseyni belə cavab verdi: “İndi Suriya parçalanmış vəziyyətdədir. Böyük dövlətlər – Amerika, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, eləcə də İran bu ölkənin müxtəlif ərazilərində öz təsirlərini yayırlar. Zənnimcə, “Milli Müstəqillik Cəbhəsi”nin yaranması müsbət dəyişiklikdir. Yəqin ki, İranla, Rusiya bunu müdafiə etməyəcək, bunlara qarşı dayancaq. Amma Türkiyə, Amerika müsbət yanaşır. Səudiyyə Ərəbistanının isə mövqeyini bilmək çətindir. Çünki onlar çox manevr etməyi sevirlər. Amma hər halda o da bu dəyişikliyə müsbət yanaşa bilər. Əgər bu birliyə güclü dəstək verilərsə, vəziyyəti dəyişə və Əsəd Rejimini devirə bilər. Rusiya tam gücü ilə işə girişsə, havadan zərbələrlə bu güclərə qarşı mübarizə apararsa, yeni qanlı müharibə başlayarsa, bir az çətin ola bilər. İranın da orada “Həşti-Şaabi” partizan qruplaşmaları var. Ondan əlavə, “Hizbullah” və Bəşər Əsədə sadiq qüvvələr var. Ona görə, müəyyən çətinlikər yarana bilər. Amma hər halda qoyulan hədəf müsbət hədəfdir, xalq tərəfindən də müdafiə ediləcək”.

    ““Milli Müstəqillik Cəbhəsi”ndən Suriyada dəyişikliklər gözləmək olar”

    “Əlbəttə ki, Suriyada baş verən proseslərdə bu birlik həlledici rol oynaya ola bilər. Türkiyənin Afrin böllgəsində apardığı hərbi əməliyyatlarda Türkiyə ordusu ilə bərabər, əsas zərbəni öz üzərinə götürən Suriya Azadlıq Ordusu idi. Suriya Azadlıq Ordusu demək olar ki, Afrin bölgəsində hökmran qüvvədir və proseslərə nəzarət edir. Bundan sonra isə insan ehtiyatlarını artırmaqla Suriya Azadlıq Ordusu proseslərdə həlledici rol oynayacaq. Çünki təsir dairələrini genişləndirmək imkanları var və buna qadirdirlər. Zənnimcə, “Milli Müstəqillik Cəbhəsi”ndən Suriyada dəyişikliklər gözləmək olar”,-deyə politoloq vurğuladı.

    Şamo EMİN, Hurriyyet.org