“SUPERNAZİR” GÖZLƏNTİLƏRİ DOĞRULTMADI – Ramin Quluzadə Əli Abbasovdan sonra qalan problemləri həll etmək əvəzinə…

    9

    Görünür, dövlət büdcəsindən ayrılan vəsaitlər düzgün xərclənmədiyindən nəqliyyat və rabitə sektoru hələ də arzuolunan səviyyədə deyil

    Əslən Ordubad rayonundan olan Ramin Quluzadə rəhbərlik etdiyi qurumda həmyerlilərini yerləşdirməklə, bu sahəni tam inhisarına almağa çalışır

    Təxminən 3 il öncə keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında yaşanan olayların ardınca Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ciddi yoxlamalara start verildi. Məhz bu yoxlamalar nəticəsində adıçəkilən qurumun bir qrup rəhbər şəxsləri barəsində cinayət işi açıldı, Əli Abbasov isə 2004-cü ildən bəri tutduğu postdan kənarlaşdırıldı. Sözügedən olaylardan bir qədər sonra, daha dəqiq desək, 2015-ci ilin noyabrın 25-də Ramin Quluzadə ölkə başçısının sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin I müavini vəzifəsinə, 2016-cı ilin yanvarın 15-də isə rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin olundu.

    Sözün açığı, Ramin Quluzadənin gəlişindən sonra çoxları elə düşünürdü ki, artıq ölkənin rabitə və texnologiyalar sahəsində ciddi irəliləyişlərə imza atılacaq, Əli Abbasovun zamanında mövcud olan çoxsaylı neqativ hallar, uzun illərdən bəri həllini gözləyən problemlər nəhayət, aradan qaldırılacaq. Lakin bununla bağlı gözləntilər heç də özünü doğrultmadı. Əksinə, Ramin Quluzadənin səlahiyyətləri durmadan artsa da, hələlik ortada nəzərəçarpacaq elə bir ciddi nailiyyət yoxdur. Məsələn, ötən ilin fevral ayında prezident Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilərək, onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması, Ramin Quluzadənin isə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu ilin yanvar ayında isə dövlət başçısının fərmanı ilə Dövlət Dəniz Agentliyi və Dövlət Mülki Aviasiya Agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibinə daxil edilib. Məhz elə həmin vaxtdan etibarən mətbuatda, o cümlədən cəmiyyətdə Ramin Quluzadəyə "supernazir" deyilməyə başladı. Çünki artıq o, sabiq nəqliyyat naziri Ziya Məmmədovun, həmçinin keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun səlahiyyətlərinə sahib olmaqla yanaşı, yeni və daha geniş yetkilər edib.

    Qeyd etdiyimiz kimi, Ramin Quluzadəyə verilmiş bu qədər geniş səlahiyyətin qarşılığında hələ də ölkənin nəqliyyat, eyni zamanda rabitə sistemi arzuolunan səviyyədə deyil. Belə ki, sərnişin nəqliyyatda çalışan sürücülərin hamısı olmasa da bir qismi qeyri-peşəkar olduğundan yol hərəkəti qaydalarına əməl etmirlər və nəticədə digər sürücülərin həyatını ciddi təhlükə qarşısında qoyur, qəza şəraitinə səbəb olurlar. Məsələn, bir də görürsən ki, öz yolunla hərəkət etdiyin vaxt dayanacaqdan qəfil avtobus çıxır və heç nəyə məhəl qoymadan, xəbərdarlıq-filan etmədən sənin qarşına keçir. Və ya normal sürətlə hərəkət etdiyin vaxt sağındakı avtobus anidən öz yolundan çıxaraq səni sola doğru sıxmaqla yolunu dəyişir. Bütün bunlar, əsasən də sərnişin daşınmasında yol verilən kobud nöqsanlar onu deməyə əsas verir ki, bu gün ölkədə nəqliyyat sektoru ən bərbad sahələrdən biri olaraq qalmaqdadər. Görünür, dövlət büdcəsindən bu sahənin inkişafına ayrılan vəsaitlər düzgün xərclənmədiyindən nəqliyyat sistemində mövcud olan problemlərin bir hissəsi öz həllini tapsa da, digər neqativ hallar zaman keçdikcə daha şiddətli xarakter almağa başlayıb.

    Ölkənin rabitə sistemi ilə bağlı vəziyyətə gəlincə, nəzərinizə çatdırmalıyıq ki, müasir informasiya texnologiyalarının inkişafı, rabitə sistemlərinin yenilənməsi, dünya standartlarına uyğunlaşdırılması üçün son illər dövlət büdcəsindən yüz milyonlarla manat vəsait ayrılıb. Bu vəsaitin içərisində ölkənin rabitə sisteminin, poçt şöbələrinin, avtomat telefon stansiyalarının yenidən qurulması, ən son avadanlıqla təmin edilməsi nəzərdə tutulurdu. Lakin Ramin Quluzadənin nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyinatından sonra belə, sözügedən sektorda ciddi dəyişikliklər müşahidə olunmayıb. Məsələn, elektron hökumət quruculuğu, o cümlədən informasiya kommunikasiya texnologiyaları və internet xidmətləri sahəsində ciddi geriləmə hiss olunur. Belə ki, bu sahənin ekspertləri iddia edirlər ki, son dövrlər özəl provayderlər daha çox sıxışdırılır, onlardan əsassız tariflərin ödənilməsi tələb olunur. Hələ bu, harasıdır. Əldə etdiyimiz məlumatlarda o da deyilir ki, qeyd olunan sahədən məlumatsız şəxslərin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rəhbər vəzifələrə təyin olunması bu sektorda hər hansı ciddi irəliləyişin baş vermə ehtimalını sıfra endirir. Verilən informasiyalara görə, əslən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundan olan Ramin Quluzadə rəhbərlik etdiyi qurumda həmyerlilərini yerləşdirməklə bu sahəni tam inhisarına almağa çalışır. Lakin bu zaman vəzifəyə təyin olunan rəhbər şəxslərin nəqliyyat və rabitə sektorunda iş təcrübəsinin olub-olmaması nəzərə alınmır. Bu isə sonda qeyri-peşəkarların şəxslərin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində söz sahibi olmasına gətirib çıxarır.

    Bu arada, mövzu ilə bağlı apardığımız araşdırma zamanı o da bəlli oldu ki, Ramin Quluzadənin nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyinatından sonra həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında poçt, həmçinin internet rabitəsi özünün durğunluq dövrünü yaşayır. Məhz buna görə də internetin sürətinin zəif, küləkli havada isə ümumiyyətlə olmaması istifadəçilərin haqlı etirazına səbəb olur. Mövzu ilə bağlı fia.az-da yayımlanan informasiyadada deyilir ki, abonentlər aylıq 10-15 manat ödəniş etsələr də normal səviyyədə internetlə təmin olunmurlar. Məsələnin maraqlı tərəfi isə ondadır ki, internetdə problem yaşansa da, istifadəçi yüksək sürət üçün ödədiyi pulun müqabilində saatlarla aşağı sürətli internetlə təmin olunsa da bunun qarşılığında şikayət edəcəyi yer yoxdur. Yəni istifadəçi hüquqları kobud şəkildə pozulur. Belə ki, ayın əvvəlindən tarifə uyğun olaraq istifadəçidən ödənişi tələb edən provayderlər, istifadəçini tarifdə qeyd olunan sürətə uyğun internetlə təmin edə bilmir. Gün ərzində internetin kəsilməsi, sürətin zəifləməsi isə tarifin bitmə tarixinə təsir etmir. Bununla bağlı verilən bilgilərdə qeyd olunur ki, son zamanlar ölkədə internet probleminin yaşanmasının səbəbi "Bakinternet"in həddindən artıq yüklənilməsidir. Lakin qurğular köhnə olduğu üçün yüklənməni qaldırmaq çətinləşir. Bunun üçün də internetdə problemlər yaşanır. Görünən odur ki, burada əsas məqsəd Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzarətində olan "Bakinternet"in daha çox qazanc götürməsini təmin etməkdir. Yəni nazirlik müxtəlif yollara baş vuraraq internetdən gələn gəlirin böyük bir hissəsini özəl provarderlərin əlindən alıb "Bakinternet"in nəzarətinə verdiyindən bunun cəzasını istifadəçilər çəkməli olur.

    Xülasə, sadalanan netativ hallar onu sübuta yetirir ki, bu gün ölkənin nəqliyyat və rabitə sektoru irəliləmək əvəzinə xeyli geriləyib. Buna görə əsas məsuliyyət isə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri kimi Ramin Quluzadənin üzərinə düşür. Çünki o, Əli Abbasovdan sonra qalan problemləri həll etmək əvəzinə, onların sırasına yenilərini də əlavə edib. Bu isə öz növbəsində, Ramin Quluzadənin ölkə başçısının etimadını doğrultmadığından xəbər verir.

    "Hürriyyət"in Araşdırma Qrupu