“Sosial sığorta haqqında” Qanuna edilən dəyişikliklər SAHİBKARLARA PROBLEM YARADACAQ

    27

    Natiq Cəfərli: "Azərbaycanda sözügedən məsələnin fəlsəfəsində ciddi problem var"

    Rövşən Ağayev: "Çox güman ki, hazırda ictimailəşdirilən layihədə qeyri-müəyyənlik aradan qaldırılacaq və bu məsələ dəqiq şəkildə əks olunacaq ki, sonradan sui-istifadəyə yol açmasın"

    "Gərək dövlət bu sahədə daha çox liberal addımlar atsın, rəqabətli mühüt yaratsın və buna uyğun olaraq vətəndaşlara seçim imkanları versin"

    Xəbər verdiyimiz kimi, "Sosial sığorta haqqında" Qanuna ciddi dəyişikliklər nəzərdə tutulur. Belə ki, sözügedən qanuna məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsinə nəzarətlə bağlı təklif edilən yeni əlavəyə əsasən, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sığorta haqqının qaytarılması Vergilər Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Bundan başqa, qanuna sığorta haqqına cəlb edilən aylıq gəlirləri ilə qrafikə də əlavələr edilib.

    Təklif olunana dəyişikliyə görə, 200 manatadək maaş alan şəxsdən cəmi 25 faiz sosial sığorta tutulacaq ki, bu 25 faizin sığortaolunanın gəlirlərindən 3 faizi, 22 faizi isə sığorta edən tərərfindən ödəniləcək. 200 manatdan çox maaş alanların 10 fazini sığortaolunan, 15 faizini isə sığortaedən ödəyəcək. Həmçinin, qanuna muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcədə ödənilməsi təklif olunur. Sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında, mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla gəlirlərin 25 faizi miqdarında, xüsusi notariuslar üzrə minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında, müəlliflik qonararı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla hesablanmış qonarar məbləğinin 15 faizi miqdarında, Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar. Sərbəst mühasiblər gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta ödəyəcək. Qanuna təklif olunan dəyişikliklər isə gələn ilin yanvarın 1-dən etibarən qüvvəyə minəcək.

    Nəzərinizə çatdıraq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin iclasında "Sosial sığorta haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən, burada mahiyyətin qeyri-leqal məşğulluğun qarşısının alınması olduğunu bildirib: "Bildiyiniz kimi, qeyri-leqal fəalyyətlə məşğul olan işçilərin sosial sığortası yoxdur. Bu baxımdan prezident İlham Əliyev tərəfindən 2017-ci il 9 oktyabr tarixli imzalanan sənədə əsasən qeyri-leqal məşğulluğun qarşısınının alınması ilə bağlı tədbirlər görülür. Bizim istədiyimiz leqallaşma ilə bağlı addımlar Vergilər Nazirliyi tərəfindən atılır. Digər bir istəyimiz sosial sığorta ilə bağlıdır. Qanuna ediləcək dəyişikliklərlə əlaqədar həm sahibkarın vergi yükü azalır, həm də işçilər sosial sığortaya cəlb olunur. Əvvəllər əməliyyatlar DSMF tərəfindən aparılırdısa, indi bu məsələ Vergilər Nazirliyi tərəfindən tənzimlənəcək. Bütövlükdə layihə sahibkara həm də işçiyə dəstəkdir".

    Картинки по запросу Rövşən Ağayev

    İqtisadçı ekspert Rövşən Ağayev isə məsələ ilə əlaqədar özünün "facebook" səhifəsində bildirib ki, nəhayət, mülki-hüquqi xarakterli müqavilələrin sosial sığortaya cəlb edilməsi mexanizminə dəqiqləşdirmə gətirmək mümkün olub. Onun sözlərinə görə, əgər xidməti göstərən şəxs VÖEN-i olan fərdi sahibkarlıq subyekti olacaqsa, sığorta ödənişi ticarət və tikinti üzrə 65 minimum əməkhaqqının 50 faizi (65 manat), yerdə qalan sahlər üzrə 25 faizi (32.5 manat) qədər olacaq: "İndiyə qədər də belə idi, amma 2 fərqlə. Birincisi, hazırda qüvvdə olan versiyada Bakı şəhəri, kəndlər və digər şəhərlər arasında fərq mövcuddur. İndi isə heç bir differensiya yoxdur. Hər yer üçün vahid dərəcə. İkincisi, əvvəl minimum əmək haqqına nisbətən 20 faiz tutulurdu, indən sonra 25 faiz olacaq. Çox güman ki, hazırda ictimailəşdirilən layihədə qeyri-müəyyənlik aradan qaldırılacaq və bu məsələ dəqiq şəkildə əks olunacaq ki, sonradan sui-istifadəyə yol açmasın".

    Картинки по запросу Natiq Cəfərli

    Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, əsas problem ondadır ki, Dövlət Sosial Müdafiə Fondu yaradılarkən ilkin olaraq belə açıqlama verilmişdi ki, təqribən 2012-ci ildən sonra fond özü-özünü maliyyələşdirməyə keçəcək: "Lakin Sosial Müdafiə Fondunun idarəetməsində olan problemlər, ölkədə iş yerləri ilə bağlı problemlər, yəni əmək müqavilələrinin bağlanmaması, maaşların daha az göstərilməsi ona gətirib çıxardı ki, adıçəkilən fond günü bu gün də büdcədən ən çox dotasiya alan qurumlardan biridir. İndi hökumətin yeni yanaşmasına görə, Sosial Müdafiə Fonduna əlavə vəsaitin cəlb olunmasına qərar verilib. Sosial Müdafiə Fonduna əlavə vəsaitin cəlb olunması problem deyil. Problem ondadır ki, bu məsələdə ancaq Sosial Müdafiə Fondunun iştirakı nəzərdə tutulub. Əslində, Azərbaycanda özəl sosial, təqaüd fondları da yaradıla bilər və bu, qanunla qadağan deyil. Hesab edirəm ki, bu məsələdə vətəndaşlara seçim imkanı verilməlidir. Hazırda isə belə bir seçim imkanı verilmir. Ola bilər ki, hansısa vətəndaş özəl fondlarla müqavilə bağlayarkən qazancından daha böyük hissə ödəməyə razılıq verəcək ki, yaşlaşdıqda daha böyük məbləğdə təqaüd alsın. Yəni bu seçim imkanları qanunla yox, rəqabətli mühitlə tənzimlənməlidir ki, insanların özlərinin seçim imkanları olsun. Qeyd edim ki, Avropa ölkələrində, hətta Türkiyə, Gürcüstan və Rusiyada belə, bunabənzər addımlar atılıb. Yəni dövlətin nəzarəti altında özəl sosial müdafiə fondları yaradılıb. Həmin fondlara toplanan vəsaitlər isə sığortalanıb və insanlara seçim imkanı verilib. Odur ki, vətəndaşlar istəsə dövlət, istəsə özəl sosial müdafiə fondları ilə müqavilə bağlayır".

    Azərbaycanda sözügedən məsələnin fəlsəfəsində ciddi problemin olduğunu vurğulayan Natiq Cəfərli qeyd etdi ki, "Sosial sığorta haqqında" Qanuna edilən yeni dəyişikliklərə görə, minimum əməkhaqqının 25 və 50 faizi civarında Dövlət Sosial Müdafiə Fonduna fərdi sahibkarlar tərəfindən ödənişlər olunmalıdır: "Yəni indikindən azı 2 dəfə, 50 faiz ödədikdə isə 3 dəfə çox ödənişlər olunmalıdır. Bu isə öz növbəsində, kiçik həcmdə işlərlə məşğul olan və gəlirləri o qədər də yüksək olmayan sahibkarların Sosial Müdafiə Fonduna ödənişlərində problem yaradacaq. Bu isə ona gətirib çıxaracaq ki, özəl sahibkarlar, əsasən də xidmət göstərənlər müqaviləsiz xidmət göstərməyə, qeydiyyatsız fəaliyyət göstərməyə çalışacaqlar. Bununla da, yəni ödənişlərin həcmi yüksəldikdə Sosial Müdafiə Fonduna əksinə daha az vəsait daxil ola bilər. Bu nöqteyi-nəzərdən, təbii ki, məsələnin fəlsəfəsində problemlər var. Odur ki, gərək dövlət bu sahədə daha çox liberal addımlar atsın, rəqabətli mühüt yaratsın və buna uyğun olaraq vətəndaşlara seçim imkanları versin. Ola bilər ki, hər hansı bir fiziki şəxs və yaxud da maaşla çalışan vətəndaş özəl fondla müqavilə bağlamaqla əməkhaqqının 5-10 faizini yox, 30 faizini köçürmək haqda öncədən razılığa gələcək. Belə olan halda həmin şəxs təqaüdə çıxdıqda artıq dövlət tərəfindən deyil, özəl fond tərəfindən daha yüksək təqaüd alacaq. Düşünürəm ki, bu seçimi insanlara vermək lazımdır. Azərbaycan hökumətinin problemi odur ki, insanlara seçim vermir. Yəni hər şeyin dövlət nəzarəti altında olmasına çalışır ki, bu da fəsadlar yaradır. Bu kimi səbəblərə görə indiyə qədər də Sosial Müdafiə Fondu özü-özünü maliyyələşdirmə sisteminə keçə bilməyib".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org