“Rusiyanın Xəzər dənizi ilə bağlı çox çirkin niyyətləri var”

    45

    Erkin Qədirli: ""Bal-E" raket qurğularının satılmamasının səbəbi Azərbaycanın Fransadan hava hücumlarına qarşı müdafiə sistemini almaq üçün gördüyü hazırlıqlardır"

    Üzeyir Cəfərov: "Bizim "Bal-E" sahil raket kompleksinə o qədər də əlimyandı ehtiyacımız yoxdur"

    "Belə davam edərsə, o zaman gələcəkdə Xəzərlə bağlı gərginliklər baş verə bilər"

    Xəbər verdiyimiz kimi, Rusiya "Bal-E" sahil raket komplekslərini Azərbaycana satmaqdan imtina edib. Bununla bağlı "Kommersant" qəzetində yer alan yazıda deyilir ki, Azərbaycan Silahlı Qüvvələrinin "Bal-E" sahil raket kompleksləri ilə təchiz olunması Rusiya Federasiyası Müdafiə Nazirliyinin mövqeyi üzündən baş tutmayıb. Qeyd edək ki, "Bal-E" ərazi sularına nəzarət, bazaların, sahil infrastrukturlarının və dəniz kommunikasiyalarının müdafiəsi üçün nəzərdə tutulub. Kompleksin tərkibinə özügedən komanda idarəetmə və rabitə məntəqələri, gəmi əleyhinə raketlərlə özügedən buraxılış qurğuları, nəqliyyat-yükləmə maşınları daxildir. Zərbə endirmə məsafəsi 120 km-ə qədər təşkil edir.

    "Kommersant"ın yazdığına görə, əvvəlcə tərəflər kiçik BRK partiyasının və onlarla 3M24 raketinin (X-35 raketlərinin ixrac versiyası) alqısı haqqında müqaviləni paraflayıblar. Amma saziş imzalanma mərhələsinə çatmayıb. Rusiya tərəfin hesablamaları göstərib ki, bu raketlərin ixrac modifikasiyası belə Rusiyanın ərazi sularında olan Hərbi Dəniz Donanmasının gəmiləri üçün potensial təhlükə daşıyır. Yüksək vəzifəli mənbənin sözlərinə görə, "Bal-E" sahil raket komplekslərinin Azərbaycan hərbiçilərinə satılması mövzusu "kifayət qədər incə geosiyasi məqamla" əlaqədar olduğundan müzakirə edilmir. Nəşrin həmsöhbəti bildirib ki, Moskva Bakının bu silahdan Dağlıq Qarabağda istifadə etməsini istəmir.

    Nəzərinizə çatdıraq ki, Azərbaycanın Rusiyadan "Bal-E" raket komplekslərini almaq niyyəti barədə məlumatlar hələ bir neçə il əvvəldən yayılmışdı. Daha sonra tərəflərin müqavilə bağladığı, yaxud müqavilə bağlamaq ərəfəsində olduğu bildirilirdi. Ancaq qəzet yazır ki, tərəflər bu raket komplekslərinə dair qəti qərara gəlsələr də, Rusiya Müdafiə Nazirliyi yekun müqavilənin imzalanmasına qarşı çıxıb və bu raketlərin Azərbaycana verilməsini "məqsədəuyğun" hesab etməyib. Məsələnin maraqlı tərəfi ondadır ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti ölkəmizin "Bal-E" raket sistemlərinin alınmasında maraqlı olduğu, lakin Rusiyanın kompleksin satışını məqsədəuyğun saymaması barədə yayılan məlumatları şərh edərkən bildirib ki, Azərbaycan "Bal-E" raket sistemlərinin alınması barədə Rusiyaya müraciət etməyib. Qeyd olunub ki, bununla bağlı heç bir rəsmi danışıq aparılmayıb: "Rəsmi olaraq bildiririk ki, adıçəkilən "Bal-E" raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb və kompleksi əldə etmək niyyətimiz də olmayıb. Eyni zamanda onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket komplekslərindən istifadə edilir".

    Картинки по запросу Erkin Qədirli

    Bu arada, məsələ ilə bağlı mövqeyini özünün "Facebook" səhifəsində bölüşən ReAL Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini Erkin Qədirli xatırladıb ki, Rusiya daha öncə bu raket qurğularını Azərbaycana satmağa söz vermişdi, anlaşma da imzalamışdı: "Rusiyanın Müdafiə Nazirliyi imtina üçün rəsmi səbəb kimi qurğuların Azərbaycana satılacağı təqdirdə Xəzərdəki hərbi gəmilərinə təhlükə yarada biləcəyini bildirib. Üstəlik, bildirildi ki, bu raket qurğuları yalnız dənizdə deyil, quruda olan hədəfləri də vura bildiyindən, onların Azərbaycana satılması əlavə təhlükələr yarada bilər. Maraqlıdır, Moskva anlaşmanı imzalayanda bunu bilmirdimi? Yaxşı bilirdilər. Bəs niyə o raket qurğularını bizə satmaqdan indi imtina edirlər? Güman ki, səbəb Azərbaycanın Fransadan hava hücumlarına qarşı müdafiə sistemini almaq üçün gördüyü hazırlıqlardır". Erkin Qədirli Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya gəldiyini xatırladaraq bildirib ki, Bakıda bu məsələ müzakirə olunacaq.

    Картинки по запросу Üzeyir Cəfərov

    Mövzu ilə əlaqədar fikirlərini "Hürriyyət"lə bölüşən hərbi ekspert, ehtiyata buraxılan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, "Bal-E" sahil raket kompleksinin Azərbaycanın Hərbi Dəniz Qüvvələri üçün alınması məqsədiylə danışıqlar aparılmışdı və Rusiya tərəfi də buna etiraz etmirdi: "Müxtəlif sərgi və görüşlərdə ayrı-ayrı mövzulara dair müzakirələr olub. Onlardan da biri "Bal-E" sahil raket kompleksinin alınması idi. Rusiya tərəfi buna razılıq vermişdi. Amma sonradan nə baş verdisə fikirlərindən döndülər. Hesab edirlər ki, guya "Bal-E" sahil raket kompleksinin Azərbaycana verilməsi Rusiyanın Xəzərdəki gəmiləri üçün təhlükə təşkil edəcək. Qeyd edim ki, "Bal-E" sahil raket kompleksi yalnız suda işlətmək üçün nəzərdə tutulan silah deyil. Belə ki, müəyyən əlavələr etdikdən sonra ondan quruda da istifadə etmək olar. Bu səbəbdən də Rusiya tərəfi hesab edir ki, Azərbaycan "Bal-E" raket kompleksindən Dağlıq Qarabağda erməni separatçılarına da qarşı istifadə edə bilər. Ona görə də bundan "Bal-E" sahil raket komplekslərini satmaqdan imtina ediblər". Azərbaycanın bundan heç nə itirmədiyini vurğulayan hərbi ekspertin sözlərinə görə, bizim "Bal-E" sahil raket kompleksinə o qədər də ciddi ehtiyacımız yoxdur: "Bugünkü Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil ki, bütövlükdə Rusiyadan asılı olsun. Bildiyiniz kimi, bu gün Azərbaycan İsrail, Pakistan, Belarus, Çin, qardaş Türkiyə və digər ölkələrdən silah alır. Odur ki, bizim "Bal-E" sahil raket kompleksinə o qədər də əlimyandı ehtiyacımız yoxdur. Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin balansında son illərdə xeyli yenilənmə gedib. Həmin yenilənmə isə həm Azərbaycanın öz hesabına, həm də ABŞ-ın yardımları ilə baş verib. Belə ki, ABŞ bir neçə il əvvəl həm Hərbi Dəniz Qüvvələrinin, həm də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin gücləndirilməsi ilə bağlı müəyyən yardımlar edib".

    Rusiyanın Xəzərlə bağlı ciddi planlarının olduğunu deyən Üzeyir Cəfərov hesab edir ki, belə davam edərsə, gələcəkdə Xəzərlə bağlı gərginliklər baş verə bilər: "Ötən aylarda Rusiya prezidentinin müdafiə naziri Sergey Şoyqunu Dağıstana göndərməsi və orada təcili Rusiyanın ən müasir tələblərə cavab verən hərbi dəniz bazasının yaradılması, onun infrastrukturunun gücləndirilməsi ilə bağlı göstəriş verəndə biz bilirdik ki, Rusiya Xəzərdə hegemonluq iddiasına düşüb. Görünən odur ki, şimaldan Rusiya, cənubdan isə İran Xəzərdə özünün Hərbi Dəniz Qüvvələrinin gücünü artırır. Türkmənistan və Qazaxıstan isə bu prosesə hələ yeni qoşulur. Bildiyiniz kimi, Kreml Dağlıq Qarabağ məsələsində Azərbaycana heç bir dəstək vermir, daha çox Ermənistana qahmar çıxır. Rusiya dildə deyir ki, biz Azərbaycanın strateji müttəfiqiyik. Lakin strateji müttəfiqin hərəkətlərinə baxdıqda, adam sadəcə iyrənir. Rusiyanın tanınmış şəxslərinin Ermənistanda yığışıb "Lazerev klubu"nda səsləndirdiyi fikirlər Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür. Odur ki, bütün bunlara rəğmən, Azərbaycan öz işini davam etdirməlidir. Bizim yaxın zamanlarda İtaliyadan aldığımız təyyarələr, Hərbi Hava Qüvvələri üçün Fransadan alacağımız avadanlıqlar, o cümlədən qardaş Türkiyə, Pakistan və digər ölkələrdən alacağımız silah-sursatlar Azərbaycanın müdafiə gücünü bir az da artıracaq. Uduzan isə Rusiya tərəfi olacaq. Biz Ermənistan deyilik ki, yalvar-yaxarla kreditlə Rusiyadan ikinci dərəcəli silah alaq. Bir daha qeyd edim ki, Xəzər dənizi ilə bağlı Rusiyanın çox çirkin niyyətləri var. Ruslar dildə deyirlər ki, Xəzər demilitarizasiya olunmalı, yəni hərbisizləşdirilməlidir, lakin əslində Kremlin Xəzərlə bağlı çox ciddi planları var. Hesab edirəm ki, belə davam edərsə, o zaman gələcəkdə Xəzərlə bağlı gərginliklər baş verə bilər".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org