“Rusiya İranı Suriyada yarıyolda qoydu” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

    24

    "Moskva ilə strateji yola çıxan Türkiyə üçün də eyni analoji hal yaşana bilər"

    "Gələcək perspektivdə Rusiya və Çinin əsas planı İstanbul boğazlarını nəzarətə almaq, Türkiyəni zəiflətməkdir"

    "Ötən həftə Qüdsdə ABŞ, İsrail və Rusiyanın milli təhlükəsizlik şuralarının baş katibləri görüş keçirdi. Bu görüşdə əsasən İranın Yaxın Şərqdə artan hərbi avantürası və Suriya məsələsi müzakirə edildi. Qeyd edim ki, bu görüşdə tərəflərin ümumi məxrəcə gəlməsini İsrail hərbi havva qüvvələrinin Suriyada İranın və Hizbullahın hərbi obyektlərinə güclü zərbə endirməsi göstərdi". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

    O bildirib ki, həyata keçirilən iri miqyaslı hücumlar İranın Suriyada hərbi iştikarına güclü zərbə vurub, Rusiya isə yenə seyirci mövqe ortaya qoyub: "Qeyd edim ki, Suriyada terror təşkilatlarına qarşı müharibə böyük ölçüdə bitib. Artıq İran burada Rusiyaya lazım deyil. Ona görə də Rusiya İranı Suriyada qurban verir. Qüds görüşündə İranın Suriyada davamlı zərbə altına alınması razılaşdırılıb. Bir məsələni də qeyd etmək lazımdır ki, Rusiya müttəfiqi olan İranı Suriyada yarıyolda qoydu. Moskva ilə strateji yola çıxan Türkiyə üçün də eyni analoji hal yaşana bilər. AKP-nin Moskva ilə strateji yaxınlaşması onun Qərb müttəfiqləri ilə əlaqələrini zərbə altına qoyub. Baxmayaraq ki, ABŞ Türkiyəyə qarşı hələlik ciddi təzyiq mexanizmini işə salmır. Öz müttəfiqini danışıqlar yolu ilə anlaşmaya cəlb etməyə çalışır. G20 sammitində Trampın Ərdoğanla görüşündə ""S-400" raketlərinə görə sanksiya tətbiq etməyəcəyik" deməsi Ankaraya Vaşinqtonun müttəfiqlik yanaşmasıdır".

    ABŞ-ın Suriyada Türkiyənin milli təhlükəsizlik maraqlarına qarşı demarşlar etdiyini vurğulayan politoloq hesab edir ki, Ankara və Vaşinqton bu böhranlı vəziyyətdə yalnız danışıqlar yolu ilə problemi həll edə bilər: "İki müttəfiq ölkənin arasına girməyə çalışan Rusiya bundan kifayət qədər bacarıqla istifadə edir. Ankaranın Rusiya və Çin oxuna yaxınlaşması geosiyasi maraqlar çərçivəsində strateji səhvdir. Rusiyaya güvənən dövlətlər Qüds görüşündən ibrət almalı, Kremlin öz müttəfiqini maraqları çərçivəsində necə qurban verdiyini görməlidirlər. Türkiyə öz ənənəvi Qərb müttəfiqləri ilə ipi qoparmamalıdır. Gələcək perspektivdə Rusiya və Çinin əsas planı İstanbul boğazlarını nəzarətə almaq, Türkiyəni zəiflətməkdir. Bu gün Türkiyə-Azərbaycan oxuna qarşı əsas təhdid Rusiya-Çin oxudur. Hər iki ölkənin məqsədi dünyada işğal, siyasi liberalizmi məhv etmək, xalqları əsarət altına almaqdır".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org