“Rusiya Ermənistandakı proseslərdən əndişələnir” – POLİTOLOQDAN AÇIQLAMA

    27

    Natiq Miri: "Ermənistan iqtidarı gələcəkdə Kremlin dəstəyi ilə xalq hərəkatını əzmək üçün gücdən istifadə edə bilər"

    "Hakim Respublika Partiyasının nümayəndələri məhz Rusiyanın təzyiqi ilə baş nazir seçkiləri zamanı Nikol Paşinyanın lehinə səs vermədilər"

    Xəbər verdiyimiz kimi, mayın 1-də düşmən ölkə Ermənistan parlamentində yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclas keçirilib. Sözügedən posta yeganə namizəd "Mənim addımım" etiraz hərəkatının lideri Nikol Paşinyan olsa da, o, baş nazir olması üçün tələb olunan səsi toplaya bilməyib. Belə ki, onun lehinə 45, əleyhinə isə 56 deputat səs verib. Halbuki ona seçilməsi üçün 53 səs lazım idi. Qeyd edək ki, Ermənistan qanunvericiliyinə görə, 7 gün ərzində parlament yeni baş naziri seçmək üçün ikinci cəhd göstərməlidir. Əgər bu dəfə də parlament baş naziri seçə bilməsə, o zaman prezident parlamenti buraxmalı və növbədənkənar seçki təyin etməlidir.

    Nəzərinizə çatdıraq ki, Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş sazişi" Partiyasının mətbuat katibi Tiqran Avinyan Paşinyanın baş nazir postuna namizədliyinin yenidən irəli sürüləcəyini bildirib: "Biz mütləq Nikol Paşinyanın baş nazir postuna namizədliyini yenidən irəli sürəcəyik. Düşünürəm ki, xalq hərəkatı artıq uğura nail olub, sadəcə bu nailiyyəti bir həftədən sonra hüquqi olaraq təsdiqləmək gərəkdir".

    Məsələnin maraqlı tərəfi ondadır ki, Nikol Paşinyan baş nazir olması üçün tələb olunan səsi toplaya bilmədikdən dərhal sonra Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarkisyan təcili Moskvaya üz tutub. Bu barədə məlumat verən Ermənistanın "Jamanak" qəzeti iddia edir ki, onların Rusiya hakimiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub. Görünür, Robert Koçaryan və Serj Sarkisyanın bu qərarı o qədər də gözlənilməz olmayıb. Belə ki, Sarkisyanın parlamentdəki baş nazir seçkisindən bir gün öncə Respublika Partiyasının deputatları ilə görüşməsi və onları Nikol Paşinyana səs verməməyə çağırması bu səfərin baş tutacağını təxmin etməyə imkan verirdi. Onu da qeyd etmək lazımdır ki, mayın 1-dən etibarən Ermənistanda fəaliyyət göstərən müxalif qəzetlər hökumətin aktiv olaraq növbədənkənar seçkiyə hazırlaşdığı haqda məlumat yayır. Seçkidə Nikol Paşinyana Respublika Partiyasının deputatlarının səs verməməsi isə bu məlumatların həqiqət olduğuna ciddi əsaslar verir.

    Onu da qeyd etməliyik ki, Ermənistanın "Jamanak" qəzetinin yaydığı başqa bir informasiyada isə Çiçəklənən Ermənistan Partiyasının sədri, biznesmen Qagik Çarukyanın baş nazir ola biləcəyi bildirilib. Belə ki, "Konstitusiyaya əsasən, ikinci turda yalnız 35 deputat baş nazir postuna namizəd irəli sürə bilər. Hazırda Çarukyan Bloku 31 deputata sahibdir. Lakin Yelk və Daşnaksütyunla birləşən blok istədiyi yetərsayı əldə edir. Respublika Partiyasının Paşinyanı dəstəkləməməsindən sonra Paşinyan Çarukyanın baş nazir olması versiyası ilə razılaşa bilər", deyə məqalədə qeyd olunub.

    Bu arada, Kremlin "danışan dili" kimi tanınan Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski isə hesab edir ki, Ermənistanda hakimiyyət dəyişikliyi ağrılı nəticələrə gətirib çıxara bilər: "Ermənistanda hakimiyyət dəyişikliyinə sevinmək hələ çox tezdir. Xalq Ermənistanın növbəti liderlərinin dövlət və onun vətəndaşlarına nə qədər sadiq olacağıyla bağlı zəmanət əldə edə bilmir. Dəyişiklik hakimiyyətə daha pislərin gəlməyəcəyinə də zəmanət vermir".

    “ABŞ BU MƏSƏLƏDƏ İTİRMƏYƏ MƏHKUMDUR”

    Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz politoloq Natiq Mirinin sözlərinə görə, Ermənistandakı bütün siyasi proseslərdə Rusiyanın barmağı var: "Çünki Ermənistanın bütün prioritet xarici siyasəti, eyni zamanda daxili siyasətdə bir çox məqamlar məhz Kreml tərəfindən müəyyənləşdirilir. Bu gün isə Rusiya Ermənistandakı son proseslərdən çox ciddi mənada əndişələnir. Moskva narahatdır ki, xalqın çiynində hakimiyyətə gələ biləcək Nikol Paşinyan hökumət başçısı olarsa, gələcəkdə Ermənistanı Qərbə inteqrasiya xəttinə yönəlik istiqamətdə idarə edəcək. Bu isə tədricən İrəvanı Kremlin orbitindən çıxardacaq. Yəni belə bir təhlükə mövcuddur. Odur ki, Rusiya əbəs yerə bu məsələdən narahat deyil. Bildiyiniz kimi, Paşinyan Rusiyayönlü siyasətçi deyil. O, həm jurnalist kimi çalışdığı, həm də parlamentdəki fəaliyyəti dönəmində daim Serj Sarkisyanın qurduğu rejimə qarşı mübarizə aparıb, bütün zamanlarda onlara qarşı müxalif mövqedən çıxış edib. Bundan başqa, Paşinyan bu gün məhz Qərb ölkələrindəki – ABŞ və Avropa Birliyi məkanındakı erməni lobbisinin maliyyə dəstəyi ilə Ermənistanda xalq hərəkatını idarə edə bilir. Düşünürəm ki, Rusiya ən azından bu məlumatı bilir və gələcəkdə Qərbin dəstəyi ilə formalaşa biləcək demokratik hökumətin varlığını qəbul edə bilmir".

    Serj Sarkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyasının nümayəndələrinin məhz Rusiyanın təzyiqi ilə baş nazir seçkiləri zamanı Nikol Paşinyanın lehinə səs vermədiklərini vurğulayan politoloq hesab edir ki, Ermənistan iqtidarı gələcəkdə Kremlin dəstəyi ilə xalq hərəkatını əzmək üçün gücdən istifadə edə bilər: "Bu seçkidən öncə Ermənistanın xarici işlər naziri Nalbandyanla, kəşfiyyat orqanının rəhbəri Gevorgyan təcili olaraq Moskvaya səfər etdi. Təbii ki, bu səfər çərçivəsində Kreml onlara müəyyən tapşırıq və göstərişlər verdi. Onu da qeyd edim ki, Robert Koçaryan bu gün Ermənistanda ona görə mövcuddur ki, bu proseslərin qarşısı alınsın və hakimiyyətdə Sarkisyan rejiminin varlığını bundan sonra da davam etdirsin. Dünən (srağagün-red.) səsvermədə hakim Respublika Partiyasının Nikol Paşinyanı baş nazir seçməməsi də bilavasitə Rusiya qorxusu, Kremldən gələn tapşırıqlar və təzyiqlərlə əlaqəlidir. Ancaq bununla məsələ bitmir. Əgər Rusiya bu cür təzyiqlərlə Ermənistanda köhnə rejimin hakimiyyətdə qalmaqda davam edəcəyini düşünürsə, bu, yanlış fikirdir. Çünki Ermənistanda etiraz dalğası getdikcə daha geniş vüsət alır. Bu etiraz dalğası çərçivəsində isə erməni xalqının nifrəti Respublika Partiyasının hakimiyyətini bütövlükdə süpürüb ata bilər. Düşünürəm ki, göstəriş olarsa, o zaman Paşinyanın tərəfdarları bir çox hakimiyyət orqanlarını zəbt edə bilərlər. Belə olduğu təqdirdə Ermənistanda vətəndaş müharibəsi təhlükəsi yaranacaq. Hesab edirəm ki, Respublika Partiyasının deputatlarının Paşinyana səs verməməsi dolayısıyla hakimiyyətin gələcəkdə zorakılığa, gücə üstünlük verəcəyi anlamına gəlir. Ola bilsin ki, hakimiyyət Rusiyanın dəstəyi ilə xalq hərəkatını əzmək üçün gələcəkdə gücdən istifadə etsin".

    Bu gün Ermənistanda vəziyyətin çox faciəvi olduğunu deyən Natiq Mirinin fikrincə, önümüzdəki həftədə qarşıdurmalar daha şiddətli xarakter ala bilər: "Bu zaman isə bir çox idarəetmə orqanının xalq tərəfindən zəbt olunacağı istisna deyil. Bu da öz növbəsində, Ermənistan daxilində böyük qarşıdurmalara, hətta vətəndaş müharibəsinə gətirib çıxara bilər. Lakin onu da qeyd etmək lazımdır ki, Rusiyanın bütün cəhdlərinə rəğmən, Ermənistanda xalq hərəkatını asanlıqla yatırmaq mümkün olmayacaq. Çünki proseslər daha şiddətli xarakter alarsa, o zaman bu, ictimai-siyasi vəziyyətin pozulmasına, hətta gələcəkdə Ermənistanın iflasına səbəb ola bilər".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org