“Rəsmi Bakı islahatlara getməli, manipulyativ siyasətdən çəkinməlidir”

    27

    Məhəmməd Əsədullazadə: "Azərbaycanın Avropanın enerji siyasətində mühüm rol alması Moskvada narahatlıqla qarşılanır"

    "Avropa İttifaqı ilə çərçivə sazişini tez bir zamanda bağlamalı, bununla da ABŞ və Avropanın tam dəstəyinə arxalanmalıyıq"

    "Rusiyanın Avropanı enerji şantajı etməsinə baxmayaraq, bu gün Almaniya və Fransa bu ölkə ilə iqtisadi və enerji əməkdaşlığında maraqlıdır. Baxmayaraq ki, bu gün Kremlin əsas strategiyası Avropanın nizami qruluşunu dağıtmaq və özündən asılı salmaqdır". Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyib.

    Onun sözlərinə görə, Rusiyanın "Şimal-2" qaz kəmərinin əsas təyinatı Avropanı enerji aslılığına salmaqdır: "ABŞ-ın hədələyici sanksiyalarına rəğmən, Almaniya bu projedə daha da fəallıq göstərir. Rusiya "Şimal-2" axını qaz kəmərini işə saldıqdan iki il sonra Avropanın enerji sisteminin 40 faizinə nəzarət edəcək və bu, o deməkdir ki, ittifaqın 40 faizinin idarə olunması Putinin sərəncamında olacaq".

    Politoloq hesab edir ki, əgər ABŞ çevik şəkildə bu layihənin qarşısını almasa, o zaman Moskva Ukraynadan keçən qaz kəmərindən tadarükü dayandıracaq və daha da aqressiv siyasət sərgiləyəcək: "Avropanın enerji diversifikasiyasının bir hissəsi olan "Cənubi Qaz Dəhlizi" və onun əsas seqmentləri olan TANAP və TAP boru kəməri Avropanın Cənub-Şərqini enerji ilə təchiz edəcək. Bu gün Azərbaycanın qitənin enerji siyasətində mühüm rol alması təbii ki, Moskvada narahatlıqla qarşılanır. ABŞ bu layihəyə üstünlük verməklə, "TransXəzər" boru kəmərinin də çəkilməsində maraqlıdır. Bununla da Mərkəzi Asiyanın mavi yanacağı Avropanın enerji təminatında mühüm amil olacaq, Rusiyanın Avropanın enerji bazarında rolunu minimuma endirəcək. Əgər Avropa Rusiyanın mavi yanacağına üstünlük verib digər alternativlərə tam dəstək verməsə, Rusiyanın siyasi və iqtisadi şantajı ilə daim üzləşəcək. Amma Azərbaycanın da mühüm yer aldığı TANAP-ın genişlənməsinə və "TransXəzər" boru kəmərinə dəstək verəcəksə, Avropanın həm siyasi, həm də iqtisadi arealı genişlənəcək".

    Artıq Azərbaycan qazının TANAP vasitəsiylə Avropaya ixracına başlandığını vurğulayan Məhəmməd Əsədullazadə bildirib ki, TAP boru kəməri bir ildən sonra tam gücü ilə işləyəcək: "Demək, Rusiyanın Cənub-Şərqi Avropaya qaz ixrac imkanları sıfra endirilir. Avropanın şimal hissəsi Rusiyanın təsirindən xilas edilsə, Avropa Rusiyanın qarşısında daha güclü mövqeyə sahib olacaq və Cənubi Qafqazda əsas geosiyasi iştirakını genişləndirəcək. Azərbaycanın bu geosiyasi və geoiqtisadi sferada yeri olduqca xüsusi əhəmiyyət kəsb edir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi çəkiyə sahib olacaq. Avropa İttifaqı onda Azərbaycanı artıq öz tərkibində görmək istəyəcək. Mərkəzi Asiya da bu projedə yer ala biləcək. Ölkəmiz Avropa İttifaqı ilə çərçivə sazişini tez bir zamanda bağlamalı, ABŞ və Avropanın tam dəstəyinə arxalanmalıdır. Qarabağda hərbi əməliyyatlara başlasaq, boru kəmərlərinin təhlükəsizliyinin təmininə ABŞ və Qərbin sankiyalarından qorunacağıq. Avropada və regionda gedən geosiyasi prosesi ABŞ aparır və yaxın perspektivdə buna nail olacaq. Rəsmi Bakı davam edən bu proseslərdə islahatlara getməli, manipulyativ siyasətdən çəkinməlidir".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org