“Qızımı Suriyaya apardığını eşidəndə yorğan-döşəyə düşdüm” – “Çeçen camaatı”na qoşulan Hüseynovun işi

    6

    Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə ittiham edilən şəxsin məhkəməsi keçirilib. O, Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib.

    Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə təqsirli bilinən Rufan Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

    Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

    İttihamda yazılır ki, Rufan Hüseynov 2014-2015-ci ildə Suriyadakı qanunsuz silahlı birləşmələrin təlimlərində iştirak edib.

    Məlumata görə, o, İŞİD tərkibində olan "Çeçen caamatı"a qoşulub. Daha sonra Türkiyəyə qayıdıb və orada saxlanaraq Azərbaycana deportasiya edilib.

    Rufan Hüseynov ittihamla özünü qismən təqsirli bilib və növbəti prosesdə ifadə verəcəyini deyib.

    Məhkəmədə şahid qismində Rufanın anası Malina Hüseynova dindirilib.

    Şahid ifadəsində oğlunun Suriya getməsindən xeyli sonra xəbər tutduğunu deyib.

    Deyib ki, oğlu xanımını da götürüb Türkiyə işləmək adı ilə gedib: "Bunu orada aldadıblar ki, Suriyada pulsuz ev, yaxşı iş var. Bu da aldanıb gedib. Orda ailəsindən uzaq salıb təlimlərə aparıblar. Pulu olmayıb. Axırda Türkiyədəki dostunun köməyi ilə oradan çıxa bilib".

    Rufanın qayınanası Mehriban Zeynalova da məhkəmədə ifadə verib. O deyib ki, Rufan çox ağıllı, savadlı oğlandır: "Ali təhsillidir. Sadəcə bir səhvdir edib. Məndə onlara heç nə deyə bilmərəm. Qızım da başını, üzünü bağlayıb. Mən də narahatam. Azərbaycanda belə şeylərə pis baxırlar. Inşallah normal yola gələrlər. Qızıma demişəm üzünü açsın. Birinci elə bilirdim Türkiyədə işləyirlər. Qızımı Suriyaya apardığını eşidəndə yorğan-döşəyə düşdüm. Xahiş edirəm azyaşlı körpələrini nəzərə alın".

    Qeyd edək, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb O qanunsuz silahlı birləşmələrdə təqsirli bilinir./musavat.com/