“Qətərin OPEC-dən çıxması dünya neft bazarına az təsir göstərəcək” – EKSPERT

    6

    "Qətərin Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxması bu oyunçunun dünya neft bazarına təsir qüvvəsinin az olduğunu nəzərə almaqla bazara çox cüzi təsir göstərəcək".

    Hurriyyet.org xəbər verir ki, bu barədə report-a müsahibəsində Rusiya Energetika İnstitutunun elmi əməkdaşı, "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universitetinin Qiymət Formalaşması və Təbii İnhisarların Tənzimlənməsi Problemləri İnstitutunun Enerji Araşdırmalar Mərkəzinin aparıcı eksperti Dmitri Qruşevenko Qətərin energetika işləri üzrə dövlət naziri Səəd bin Şrida əl-Kəəbinin OPEC-dən ayrılmaqla bağlı bəyanatını şərh edərkən bildirib.

    Ekspert deyib ki, hazırda qiymətlər fundamental bərabərçəkili vəziyyətdədir və qiyməti bu zonadan çıxarmaq üçün daha böyük oyunçuların reaksiyaları lazımdır.

    "OPEC, eləcə də OPEC+ sazişi neftlə bağlıdır. Qətər isə neftə yox, daha çox qaz hasilatına (ilk növbədə LNG) yönəlib. "Qara qızıl" onlar üçün elə də əhəmiyyətli ixracat məhsulu deyil. Bununla yanaşı, son illərdə qazla spot ticarətin inkişafı nəticəsində neft və qaz bazarları tədricən "parçalanır", hətta bu iki əsas enerji daşıyıcısının qiymətləri artıq bir-biri ilə elə də bağlı deyil", – D.Qruşevenko deyib.

    D.Qruşevenko Qətərin OPEC-dən çıxışının mümkün səbəbləri barədə danışarkən qeyd edib ki, mümkün səbəblər LNG istehsalını artırmağı planlaşdıran və kartel sövdələşmələrindəki iştiraklarının amerikalı sərmayədarlarda onların investisiya cəlbediciliyinin azalmasına səbəb olacağından narahatlıq keçirən ölkənin siyasi elitasında gizlənir: "Amerikalı investorlar Qətərə böyük, yüksək texnologiyalı və kapital tutumlu LNG layihələrinin həyata keçirilməsi üçün lazımdır. Buna görə də ölkə kobud desək, neft bazarına təsir etməklə bağlı xəyali imkanını daha qazanclı qaz biznesinə qurban verir".