“QARA QIZIL”IN QİYMƏTİ QALXIR – İQTİSADÇILARDAN PROQNOZ

    9

    Rəşad Həsənov:“Neftin qiyməti 85-90 dollara qədər yüksələ bilər”

    Natiq Cəfərli: “Gərginlik artsa, neft 80 dolları da keçə bilər”

    ABŞ Prezidenti Donald Tramp İranla bağlanan nüvə müqaviləsini pozduqdan sonra dünya neft bazarında qiymətlər artıb. Dünən isə dünyada ən çox istifadə olunan Brent markalı neftin qiyməti 77,81 dollara qədər qalxıb. WTI markalı xam neftin 1 barrel qiyməti isə 71,75 dollara qədər qalxıb. Çünki Trampın İranla bağlanan nüvə müqaviləsini pozması və İrana qarşı sanksiyaların tətbiq edilməsi İrandan neft idxal edən ölkələri də pis vəziyyətdə qoyub ki, bu da dünya neft bazarında neftin qiymətinin artmasına gətirib çıxarır. Bundan sonra da neftin bahalaşması gözləniləndir.

    “İranın gündəlik hasil etdiyi neftin həcmində 1 milyon barelə yaxın azalma ola bilər”

    Картинки по запросу İqtisadçı Rəşad Həsənov

    Neftin qiymətinin bahalaşması ilə bağlı iqtisadçı Rəşad Həsənov “Hürriyyət”ə dedi ki, hələlik bazar iştirakçıları idxalçı hesab olunan Çin, Türkiyə, Hindistan, Yaponiya kimi ölkələrin verəcəyi qərara daha çox fokuslanacaq: “Böyük ehtimalla Yaponiya çalışacaq ki, İrandan neft idxalı ilə bağlı məsələlərdə müəyyən güzəştlər əldə etsin. Çin, Hindistan isə bu embarqoları ümumiyyətlə qəbul etməyəcəkdir. Ola bilsin ki, İran müəyyən islahatlar etməklə növbəti dövrlərdə bu ölkələrə neft ixracını artıra və beləliklə İrandan idxal edilən neftin həcmi arta bilər. Amma bazar iştirakçıları növbəti 6 ayda daha çox bu istiqamətdə qəbul edilən qərarlara və ABŞ-la əməkdaşlıq edən ölkələrin mövqeyinə fokuslanacaq. Doğrudur, hazırda nüvə sazişi ABŞ tərəfindən ləğv edilib, amma digər ölkələr ABŞ-ın bu qərarını dəstəkləməyiblər. Buna baxmayaraq, istənilən halda ABŞ maliyyə nazirliyi İran neftinin idxalı ilə bağlı mərkəzlərə sanksiyaların tətbiq edilməsi və məhdudiyyətlərin qoyulması ilə bağlı öz mövqeyini ortaya qoyub və idxalçılara 6 ay vaxt verilib. Ona görə də neftin qiymətində artım dinamikası müşahidə ediləcəkdir. Baş verənlər fonunda neftin qiyməti 85-90 dollara qədər yüksələ bilər. Həm də hasilatın tənzimlənməsi ilə bağlı OPEK və OPEK-ə daxil olmayan olkələr arasında əldə olunan razılaşmadan sonra kommersiya neft ehtiyatlarının həcmində azalma baş verib və eyni zamanda gündəlik təklifdə 100-150 milyon barel artıqlıq var ki, bu da ciddi rəqəm deyil. Gözlənilən ehtimallar baş verərsə, İranın neft bazarlarına təklif etdiyi gündəlik neftin həcmində 1 milyon barelə yaxın azalma ola bilər. Bu isə vəziyyəti təklifin xeyrinə dəyişməklə, son nəticədə qiymətlərin əhəmiyyətli səviyyədə möhkəmlənməsinə səbəb ola bilər. Amma bununla yanaşı, digər ölkələrin də mövcud vəziyyətdə mövqeyi əhəmiyyətli olacaqdır. Məsələn, ən böyük neft istehalçılarından olan Səudiyyə Ərəbistanı bazarda tələb və təklifin qorunması üçün müəyyən addımların atıla biləcəyi ilə bağlı mesajlar verir. Bütün bu informasiyalar hazırda bazar iştirakçıları tərəfindən qiymətləndirilir. Amma buna baxmayaraq 6 müddətində son qərara hədəflənən qiymət artımları müşahidə olunacaqdır. Bu da qeyd etdiymiz kmi 90 dollara qədər bahalaşmya gətirib çıxara bilər”.

    “ABŞ-da hökumət və neft istehsalçıları arasında müəyyən fikir ayrılığı var”

    “Amerika özü həmişə neftin qiymətinin aşağı olmasında maraqlı olub. Buna rəğmən, Trampın nüvə anlaşmasını pozması neftin qiymətini qaldırdı. Belə olan halda, Amerika neftin qiymətini necə tənzimləyəcək”sualına R. Həsənov belə cavab verdi: “Amerikada neft istehsal edən sektor özəl sektordur və bu sektorun marağındadır ki, neftin qiyməti qalsın. Təbii ki, bu sektor digər rəqibləri ilə müqayisədə daha az gəlir götürə bilir. Çünki onlar daha çox şist nefti istehsal edir, bu neftin də maya dəyəri yüksəkdir. Ona görə də burada hökumət və neft istehsalçıları arasında müəyyən fikir ayrılığı var. Baxmayaraq ki, hökumət neftin qiyməti ilə bağlı mühafizakar mövqe sərgiləyir, amma atdığı addımların böyük əksəriyyəti və İranla bağlı qəbul etdiyi son qərar neft bazarlarında qiymətlərin bahalaşmasını şərtləndirir. Təbii ki, indiki halda ABŞ-da neft istehsalı əhəmiyyətli səviyyədə artıb, amma İran tərəfindən hasil olunan neftin həcmində gözlənildiyi kimi, 20-25 faiz azalma baş verərəsə, bu, ən azından yaxın illərdə ABŞ istehsalçıları tərəfindən kompensasiya edilə bilən bir həcm deyil və bu da qiymətlərin bazarda artmasına gətirib çıxara bilər”.

    “ABŞ qiymətləri kəskin şəkildə ucuzşaldırcaq təzyiq formalaşdıra bilməz”

    “Rusiyanın və İranın sanksiyaların nəticəsində itirdiyi qazancı neftin qiymətinin artması kompensaiya edə bilərmi” sualına gəlincə, ekspert qeyd etdi: “Təbii ki, neftin qiymətinin artması sanksiyaların təsirini müəyyən qədər zəiflədir. Amma sanksiyaları kifayət qədər dərinləşdirmək və şaxələndirmək mümkündür. Neft təzyiq alətlərindən biri hesab olunur. Çoxlu sayda təzyiq alətləri var. ABŞ bunlardan istifadə etməklə öz rəqiblərinə müəyyən qədər təsir göstərə bilər. Onu da deyim ki, neftin istehsalı ilə bağlı avadanlıqların əsas istehsalçılarından biri ABŞ-dır. Bu avadanlıqların Rusiya və İran kimi ölkələrə satışına məhdudiyyətlərin tətbiq olunması mümkündür və artıq bu məhdudiyyətlər tətbiq olunub. Müəyyən zaman çəriçivəsində artıq köhnəlmiş və müasir tələblərə cavab verməyən texnologiya ilə neft istehsalı qeyd edilən ölkələrdə neftin maya dəyərinin artmasına və hasilatın həcminin zəifləməsinə gətirib çıxarmaqla neft sektorunda ABŞ yenidən həmin ölkələrə zərbə vura bilər. Bu, çox şaxəli bir siyasətdir. ABŞ Rusiyanı və İranı zəiflətmək istəyirsə, neftin dünya bazar qiymətini aşağı salacaqdır yanaşması birmənalı qəbul olunmamaldır. Təbii ki, ABŞ bunun üçün əlindən gələni edir, istehsalını artımağa çalışır, ən böyük istehsalçılarından birinə çevrilib və psixoloji səviyyəni, yəni gündəlik 10 milyon bareli belə aşıb. Amma buna baxmayaraq, ABŞ-ın da neft hasilatı müəyyən çərçivədədir və bugünkü bazar şərtləri daxilində ABŞ neft bazarında qiymətləri kəskin şəkildə ucuzşaldırcaq təzyiq formalaşdıra bilməz. Təbii ki, növbəti dövrlərdə müəyyən siyasi gedişlər etməklə, xüsusilə OPEK-lə müəyyən razılaşmalara nail ola bilər ki, bu zaman OPEK gündəlik təşkil etdiyi nefti artımaqla bazarlarda tarazılığı poza bilər”.

    “Neftin qiymətinin artmasının pis avantajları da var”

    R.Həsənov onu da vurğuladı ki, Azərbaycan həm fiskal gəlirlər, həm də ölkənin maliyyə təminatı, iqtisadiyyatı baxımdan birmənalı olaraq neftdən asılı ölkədir: “İndiki halda neftin qiymətinin artması Azərbaycanda hökumətin maliyyə mövqeyini gücləndirib, strateji valyuta ehtiyalarının həcminə təsir göstərir və hökumətin investisiya siyasətinin genişlənməsinə şərait yaradır. Bu baxımdan da dövlət büdcəsinin həcmində artımlar baş verir. Artımlar da əsasən investisiya təyinatlı layihələrə yönəldilir. Bundan başqa, tədiyyə balansının profsiti fonunda manatın məzənnəsinin sabitliyinin qorunması mümkün olub. Bütövlükdə götürəndə bunlar bu gün neftin qiymətinin bahalaşmasının avantajlardıır. Amma neftin qiymətinin artmasının eyni zamanda pis avantajları da var. Çünki biz artıq müşahidə edirik ki, neftin qiymətinin bahalaşması hökumətin fiskal konsentrasiya və iqtisadiyyatda neft vəsaitlərindən strelizasiya etmək istiqamətində ortaya qoyduğu yanaşmanı zəiflədir və hökumət yenə də əvvəlki fiskal eksponsiya siyasətinə keçməklə, istehlak iqtisadiyyatının mövqeyini gücləndirməklə müəyyən qədər sosial rifaha, yəni qısa müddətli dövrdə nailiyyətlərə daha çox üstünlük verir”.

    “Neftin qiymətinin 1 dollar artması hər gün Rusiyaya 8 milyon, İrana isə 2 milyon dollar əlavə qazanc gətirir”

    “İran balans yaratmağa çalışır” - NATİQ CƏFƏRLİ

    İqtisadçı Natiq Cəfərli isə bildirdi ki, Trampın bu addımı neft qiymətini artırmaqla, ABŞ-ın düşmən elan etdiyi Rusiya və İran daha çox pul qazanmağa başlayıb: “Neftin qiymətinin 1 dollar artması hər gün Rusiyaya 8 milyon, İrana isə 2 milyon dollar əlavə qazanc gətirir. Bir il bundan öncə neftin qiyməti 45 dollar idi, dünən 78 dollar yaxın olub, 50%-dən çox qiymət yüksəlib. Keçən ilin mayına nisbətən Rusiya əlavə günə 250 milyon, İran isə günə 62 milyon dollar qiymət artımına görə gözləntidən əlavə pul qazanır”.

    Cəfərli hesab edir ki, gərginlik bir az da artsa, neft 80 dolları da keçə bilər: “O zaman ABŞ-ın düşmən elan etdiyi ölkələr daha çox qazanacaq”.

    “Gərginlik azalan kimi, qiymətlər də düşəcək”

    “Neftin qiymətinin artması sırf hərbi-siyasi gərginliyə görə artan spekulativ qiymətlərdir. Deməli, dayanıqlı qiymət artımı deyil, gərginlik azalan kimi, qiymətlər də düşəcək”,- deyə iqtisadçı əlavə edib.

    Şamo EMİN, Hurriyyet.org