“Qara qızıl”ın qiymətinin artması yaşayışımıza niyə təsir etmir?

    3

    Neft dövlət büdcəsində göstərilən məbləğdən 36,32 dollar baha satılsa da, ölkədə ərzaq, geyim və digər məhsulların qiyməti durmadan artır

    İqtisadçı ekspertlər iddia edirlər ki, neftin qiyməti 100 dolları keçsə belə, bu, istehlak bazarında ucuzlaşmaya səbəb olmayacaq

    Hazırda Azərbaycan neftinin qiymətində ciddi artım müşahidə olunur. Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,42 dollar artaraq 81,32 dollar təşkil edib. Bu isə öz növbəsində, neftin qiymətində ucuzlaşma baş verdiyi vaxtdan, yəni 2014-cü ildən bu yana qeydə alınan ən yüksək göstəricidir. Nəzərinizə çatdıraq ki, "AzeriLight" markalı neftin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

    Beləliklə, 2018-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 45 ABŞ dolları səviyyəsində qəbul edildiyini nəzərə alsaq, o zaman (81,32-45) Azərbaycanın hər barelə görə əlavə 36,32 dollar xeyir götürdüyü məlum olur. Bu isə son nəticədə milyardlarla dollar qazancın əldə olunması deməkdir. Məsələnin maraqlı tərəfi ondadır ki, neft satışından daxil olan gəlirlər Azərbaycan iqtisadiyyatının əsasını təşkil etsə də, "qara qızıl"ın qiymətinin artması əhalinin gəlirlərinə elə də ciddi təsir etmir. Halbuki neftin qiyməti artdığı təqdirdə, analoji olaraq bu, vətəndaşların yaşayış səviyyəsində müsbət mənada öz təsirini göstərməlidir. Təəssüf ki, hazırda bunun tam əksi müşahidə olunmaqdadır. Belə ki, "qara qızıl" dövlət büdcəsində göstərilən məbləğdən 36,32 dollar baha satılsa da, ölkədə ərzaq, geyim və digər məhsulların, o cümlədən xidmət sahələrinin qiyməti durmadan artır. Buradan da belə qənaətə gəlmək olar ki, neftin qiymətinin artmasının Azərbaycan əhalisinin güzəranına heç bir təsiri yoxdur.

    Qeyd edək ki, iqtisadçı ekspertlərin böyük əksəriyyəti təxminən, eyni mövqedən çıxış edərək, "qara qızıl"ın qiymətinin artmasından sonra belə, ölkədə ərzaq məhsullarının ucuzlaşmayacağını iddia edirlər. Məsələn, Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli bugünlərdə yenicag.az-a açıqlamasında bildirib ki, dünya bazarında neftin 100 dollara çatması ölkəmizdə ərzağın qiymətinin bahalaşmasının qarşısını almaya bilər. Yəni bu fonda ərzağın da bahalaşmasının gözlənildiyini deyən ekspertin sözlərinə görə, bunun müqabilində ölkə vətəndaşlarının gəlirləri də artacaq: "Hazırda neftin dünya bazarında qiymətinin müəyyənləşdirilməsi iqtisadi amillərlə bağlı deyil. 3 ildən çoxdur ki, neftin qiymətinin formalaşmasında siyasi amillərin təsiri daha mühümdür. Yəni indi neftin qiyməti dünyanın aparıcı dövlətlərinin iradəsiylə müəyyənləşir. Ona görə də 2015-ci ildə götürülən siyasi kurs məqsədə çatmayana qədər neftin qiymətinin bazarın öhdəsinə buraxılması mümkün olmayacaq. Eyni zamanda, siyasi sferada vəziyyət, iqtisadi sfera ilə müqayisədə daha çevik dəyişir. Bu mənada siyasi vəziyətin dəyişməsilə neftin qiyməti haçansa sərbəst buraxıla və "qara qızıl"ın qiyməti iqtisadi çalarlardan asılı olaraq daha da yüksələr. Bu belə olarsa, əslində neftin qiyməti elə 100 dollar ətrafında olmalıdır. 100 dollar civarında Azərbaycanın gəlirləri də artacaq. Çünki ölkəmizin dövlət büdcəsi əsasən neft gəlirlərindən formalaşır. Azərbaycan dövlət büdcəsinin formalaşmasında neft amilinin təsiri hər zaman 65-70 faiz həndəvərində olub. 100 dollara qalxan neft Azərbaycan valyutasını da sabit saxlamağa imkan verəcək. Həmçinin daxildə müxtəlif vasitələrlə bolluq yaratmaq imkanları da artacaq. Amma neftin bahalaşması heç də o demək deyil ki, Azərbaycan daxilində başqa sahələrdə də hansısa bir bahalaşma baş verəcək. Hətta bahalaşma dalğası olsa da, əhalinin gəlirlərinin artması ilə proses kompensasiya ediləcək. Əslində, Azərbaycan üçün mənfi hal dünya bazarında neftin qiymətinin aşağı düşməsidir. Belə olan halda hökumət manatın məzənnəsini sabit saxlamaqda ciddi çətinliklərlə üz-üzə qalacaq".

    Neft qiymətlərinin artımı və bunun ölkədəki satış qiymətlərinə təsiri ilə bağlı bu yaxınlarda "qafqazinfo"ya müsahibə verən Neft-qaz Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki, "qara qızıl"ın qiymətinin artmasının istehlak bazarında ucuzlaşmaya səbəb olmamasında iki yanaşma var: "Birinci məsələ ondan ibarətdir ki, vergi ödəyiciləri hökuməti çox pis öyrədib. Biz hökumətə imkan yaradırıq ki, neft gəlirləri azalanda vergi ödəyiciləri hesabına özünün bütün problemlərini həll etsin. 2015-ci ildən etibarən hökumət məhz vergi ödəyiciləri hesabına özünün problemlərini həll etdi. Ölkəyə gətirilən malların vergiləri dəfələrlə artırıldı. Müxtəlif kateqoriyalı insanlar vergiyə cəlb edildi. Mənə ən çox verilən sual odur ki, bu ilin büdcəsində neftin orta ixrac qiyməti 45 dollardan götürülüb. Hökumət may ayında büdcəyə yenidən baxıb onun xərcləmə hissəsini artıra bilərmi? Mən onlara deyirəm ki, axı xərclər niyə artırılmalıdır? Xərcləmələrin artması əlavə izafi xərclər deməkdir. Bu, əsasən də tikinti sektoruna ayrılır. Tikinti isə hər yerdə izafi xərcləmələrdir. Nəticə etibarilə biz inflyasiyanı stimullaşdırmış oluruq. Axı heç kim demir ki, biz 2016-cı ildə minimal büdcə ilə özümüzü dolandırdıq və effekti gördük. Düzdür, heç kəs 2016-cı il səviyyəsində yaşamaq istəmir. Amma təsdiq edilmiş büdcə ilə onun effektivliyinin artırılmasını heç kim hökumət qarşısında qaldırmır". Ekspertin fikrincə, hökumət 45 dollardan artıq olan hissəni Dövlət Neft Fonduna köçürə, sonra da gələn ilin büdcəsi üçün Neft Fonduna layihələr yazıb elə ondan özünün büdcə xərclərini qarşılamaq üçün istifadə edə bilərdi: "Neftin yüksək qiymətində izafi gəlirlər olan zaman qiymətlər enmir. Çünki kifayət qədər rasional xərcləmələr olmadığından iştah daha çox qazanmağa yönəlir. İndi neftin qiyməti istər 100, istərsə də 200 dollar olsun qiymət düşən deyil".

    Bu arada, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı alim Vüqar Bayramov isə bu qənaətdədir ki, neftin dünya bazar qiymətinin yüksək olması dövlət büdcəsinin gəlir və xərclərində dəqiqləşdirmələr aparılmasını gündəmə gətirib. O, hesab edir ki, bu il dövlət büdcəsinin gəlir və xərclərinin artırılacağı gözlənilir: "İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hesablamarına əsasən, neftin orta qiymətinin 75 dollar olması Azərbaycan üçün əlavə 5 milyard manatdan artıq gəlir deməkdir. Bu isə həm Dövlət Neft Fonduna, həm də dövlət büdcəsinə proqnozlaşdırıldığından əlavə daxilolmalar vəd edir. Neftin mövcud qiymətləri fonunda Azərbaycanın strateji valyuta ehtiyatlarının artacağı da proqnozlaşdırılır. 2018-ci ilin dövlət büdcəsinin xərclərinin əvvəlki illə müqayisədə 3 milyard manata yaxın çox proqnozlaşdırıldığını nəzərə alsaq, büdcə sənədinə ediləcək dəyişikliklərdə xərc maddələrinin kəskin artırılması arzuolunan deyil. Təbii ki, gəlir və xərclərin hansı səviyyədə artırılması neftin büdcədəki yeni qiymətindən asılı olacaq. Yeni qiymətin yüksək müəyyənləşdirilməsi büdcəyə daxil olmaları daha çox artıra bilər. Bütövlükdə, fiskal konsolidasiya siyasətinin davam etdirilməsi daha məqsədəuyğundur. Siyası faktorlar zəifləyərsə, neftin dünya bazar qiymətinin uzun müddətli dövrdə yüksək qalacağı az inandırıcıdır".

    Vüqar Bayramovun fikrincə, büdcəyə əlavə ediləcək vəsaitin bank sektorunun sağlamlaşdırılmasına, əhalinin xərclərinin azaldılması üçün dəqiqləşdirilmiş büdcədən xarici valyutada olan kreditlərdə yaranan fərqin bir hissəsinin kompensasiyasına ayrılması daha məqsədəuyğundur: "Bu baxımdan da daha məqbul hesab edilə biləcək yol məhz güzəşt mexanizminin tətbiq edilməsidir. CESD olaraq, 2015-ci ildə xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təkliflər paket hazırlayıb hökumətə təqdim etmişik. Biz üçtərəfli mexanizmin tətbiqini təklif edirik və bu "üçtərəfli güzəşt" mexanizmi adlanır. Söhbət fərqin üç tərəf – hökumət, banklar və müştəri arasında bölüşdürülməsindən gedir. Praktik olaraq, bu zaman yaranan fərqin üçdə birini dövlət, üçdə birini banklar, üçdə birini isə müştəri özü qarşılayır. Bunun özəlliyi ondan ibarətdir ki, hər bir tərəf yaranan fərqin az bir hissəsini, yəni, üçdə birini qarşılayır. Əgər müştəri 1.05 məzənnə ilə kredit götürübsə və artıq məzənnə 1.70-dirsə, o zaman yaranan 0.65 qəpiklik fərqin üçdə birini vətəndaş, digər üçdə ikisini isə dövlət və bank ödəyir. Bu, vətəndaş üçün də, bank və dövlət üçün də ağırlıq yaratmır. Bu mexanizmin özəlliyi ondan ibarətdir ki, burada tərəflərin heç birinə ciddi maliyyə ağırlığı düşmür. Nəticə etibarilə, bu imkan verir ki, problemli kreditlərin həlli istiqamətində ciddi addım atmaq mümkün olsun. Bu zaman Mərkəzi Bank heç də böyük olmayan vəsaitlə problemi həll etmək imkanına malik olur. Problemli kredit məsələsinin həlli üçün düşünürəm ki, bizim təkiliflərin qəbul edilməsi məqsədəuyğun olardı".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org