“POLİS OLMASINA ARXALANIB, MƏNİ DÖYÜB TƏHQİR ELƏDİ” – ŞİKAYƏT

    24

    Hüquq-mühafizə orqanının əməkdaşı vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur

    Fərqanə Cəfərova: “Niyə iki uşaq anasının heç bir günahı olmadan döyülüb xəsarət alınmasına göz yumulur?

    İsa Hacıyev: “O, özü-özünə xəsarət yetirib, özünü yerə yıxdı, sürüdü”

    Redaksiyamıza üz tutan daha bir vətəndaş haqqının tapdanmasından şikayətçidir. Bu dəfə Sabunçu rayonu, Balaxanı qəsəbəsi 2-ci mədən yaşayış massivinin sakini Fərqanə Cəfərova hüquq-mühafizə orqanlarının qapılarını döyməkdən, amma haqqını ala bilməməkdən narazıdır.

    Şikayətçinin dediyinə görə, o, ötən ilin oktyabrında qonşusu Xəzər rayon Polis İdarəsinin Mühafizə Xidmətinin əməkdaşı Hacıyev İsa Yusif oğlundan huquq-mühafizə orqanlarına şikayət edib. Buna səbəb isə onun qonşusu tərəfindən döyülməsidir.

    Öncə onu deyək ki, F.Cəfərova ilə İ.Hacıyev arsındakı qarşıdurmaya səbəb şikayətçi xanımın həyətinə hasar çəkməsi olub.

    F.Cəfərovanın dediyinə görə, həyətlərinin taxta hasarının daşla əvəzləmək istəyirmişlər. Amma bu istəyi ona canının hesabına başa gəlib: “Biz 12 ildir burda yaşayırıq. Qonşumuz İsa Hacıyevgil isə bura təqribən 5 il olar köçüblər. Biz həyətimizin ətrafındakı taxta hasarı söküb daşla əvəzləmək, darvaza qoymaq istəyirdik. Hətta mübahisəli qonşumuzun atası Yusif kişi özü həyat yoldaşıma darvazanın yerini hazırlamaqda kömək elədi. Amma sonra İ.Hacıyevlə anası hasarı yeniləməyimizə etiraz elədilər. Dedilər ki, guya biz hasarı daşdan tiksək, onlar evin qarşısından keçən yolu görə bilməyəcəklər. Onlar istəyirdilər ki, darvazaları açılan kimi birbaşa Balaxanı-Mehdiabad yolu görünsün. Halbuki bizim hasarımız nə onların yolunu, nə qapılarının qarşısını kəsmir”.

    F.Cəfərovanın sözlərinə görə, divar 8 daş qaldırılandan sonra etiraz edib onun sökülməsini tələb edən qonşunu dilə tutmağa, razılışa ğəlməyə çalışıblar. Amma bunun heç bir faydası olmayıb: “Əslində isə onunla bizim aramızda üç qonşu var. Yəni biz onlarla o qədər də yaxın deyilik. Bayaq dediyim kimi, bizim hasarımız onun yolunu da kəsmir. Sadəcə, İsa Hacıyev bizim hasarımızı təzədən hörməyimizi istəmədiyi üçün belə elədi. O, vəzifəsində sui-istifadə edib, istəyini yeritdi. Biz onun bəhanələrinin əsassız olduğunu sübut etməyə çalışsaq da, mümkün olmadı. O adam bizə hədə-qorxu gəldi. Eyni zamanda “Balaxanı neft”ə dəfələrlə haqsız şikayətlər elədi. Nəticədə neft şirkətinin işçiləri bizim divarımızı tamam sökdülər”.

    Divarın söküldüyü gün isə qonşular arasında ciddi qarşıdurma olub. Nəticədə F.Cəfərova döyülərək qabırğası sınıb: “İsa Hacıyev divarımızı sökdürəndə qonum-qonşu ona ağız açdı ki, eləmə, camaatı ziyana salma. O isə ayağını dirədi ki, sökdürəcəm! Buranı yerlə yeksan eləməsəm, əl çəkməyəcəm. Mən də gördüm vəziyyət gərgindir, həyat yoldaşımı təkləyiblər, müdaxilə elədim. Qonşuya izah etməyə çalışdım ki, bizim sənə heç bir zərərimiz yoxdur. Üz-üzə gəlmirik, sizin yolunuz ayrı, bizimki ayrı. O, mənim söhbətə qarışmağımı görüb üstümə yeridi, əvvəlcə məni silləylə vurdu. Kənardakılar onu tutanda təpik atmağa başladı. Mən aldığım zərbələrdən yıxılıb özümdən getmişəm. Təcili yardımla xəstəxanaya aparılmışam. Bir müddət xəstəxanada müalicə aldım. Amma o vaxtdan bu vaxta qədər hələ də həmin sınığın, zədələrin altını çəkirəm. İsa Hacıyev polisdə işləməsinə güvənib, qoluzorluluq elədi. Mənə həm mənəvi, həm də fiziki, həm də maddi ziyan vurdu. Biz o sökülən divarın daşını min əziyyətlə almışdıq. İki balamızın ağzından, əynindən kəsib pul toplamışdıq. Həm pulumuzu göyə sovurdu, həm də məni yarımcan elədi. Mən dava-dərmana nə qədədr pul xərclədim”.

    Şikayətçi idda edir ki, onu aldığı xəsarətlərdən daha çox övladlarınını gözü qarşısında döyülməsi üzüb: “Mənim iki körpə balam var. İsa Hacıyev məni onların gözünün qabağında döüb. Uşaqlarım gördüklərindən stress keçirdi. İndi də qapıya gələn olanda uşaqlar həyəcan keçirilər. Bunu Allah götürər?”

    Şikayətçi idda edir ki, aldığı xəsarətdən sonra o, Sabunçu rayon Polis bölməsinə şikayət edib. O gündən bu günədək hüquq-mühafizə orqanlarının qapılarını döyməkdədir: “Baş verənlərlə bağlı şikayət elədim. Ekspertiza sınıq olduğunu təsdiq elədi. Rəydə “yerdəyişməyən sınıq” olduğunu yazdı. İşə Sabunçu rayon Prokurorluğunun əməkdaşı Əfsər Cəfərov baxırdı. Amma mən cəmi bircə dəfə həmin şəxsin səsini eşitdim. O da telefonla zəng edib hadisənin necə baş verdiyini soruşdu. Sonra da dedi ki, lazım olanda sizi çağıracağıq. O vaxtdan sonra bir də xəbər tutdum ki, işi bağlayıblar. Mən bu qədər xəsarət aldığım halda iş necə bağlana bilərdi, anlamadım”.

    F.Cəfərova məsələnin həllini tapmadığı və verilən qərarla razılaşmadığı üçün yenidən Bakı şəhər Prokurorluğuna müraciət edib: “İkinci dəfə müraciət elədim. İşi yenidən qaytarıb Əfsər Cəfərova verdilər. Dəfələrlə Prokurorluğa təpik döysəm də, Əfsər Cəfərovla görüşə bilmədim. Gah dedilər burda yoxdur, gah dedilər prokurorun qəbulundadır. Sonra öyrəndim ki, o adam bizim işimizlə bağlı qərar verdikdən sonra təqaüdə çıxıb. Heç demə, İsa Hacıyev bizim davamıza aidiyyatı olmayan, yəni hadisə yerində olmayan, üstəlik bizdən çox uzaq yaşayan iki qonşunu ora şahid kimi gətirib, işi öz istədiyi kimi həll edib. Buna görə də işdən heç bir günahı olmayan adam kimi sıyrılıb. Mən anlaya bilmirəm, bu ölkənin vətəndaşı deyiləmmi? Niyə iki uşaq anasının heç bir günahı olmadan döyülüb xəsarət alınmasına göz yumulur? Həmin şəxsin vəzifəsindən sui-istifadə etməsinə imkan verilir”.

    F.Cəfərovanən sonuncu müraciətindən sonra iş təkrar baxılmaq üçün Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürovaya həvalə olunub: “Məni yenidən ekspertizaya göndərdilər. Dedilər ki, işə təzədən baxılacaq. Amma yenə də ümidsizəm. İsa Hacıyev polis orqanlarında çalışdığına görə, o adamın işə müdaxilə edəcəyini düşünürəm”.

    Sözügedən məsələdə adı hallanan İsa Hacıyevlə əlaqə saxladıq. Haqqında deyilənlərin hamısının yalan, şər olduğunu bildirən İ.Hacıyev məsələdə günahsız olduğunu bildirdi: “Onlar mənə şər atırlar. Çox çalışdılar ki, yalanlarını sübut eləsinlər. Fərqanə Cəfərovanın ailəsi ilə bir yerdə çörək kəsmişik. Biz onlarla bir ailə kimi olmuşuq. Amma onlar hasarı təzələyəndə onu 7-10 metrədək irəli çəkdilər. Nəticədə də mənim qapımın qarşısı kəsildi. Evimin qabağı türmə kimi qaranlıq oldu. Əgər o, normal qaydada çəkilən hasar olsaydı, heç vaxt sökülməsini istəməzdim. Həm də o hasarı mən yox, müvafiq qurumun işçiləri qanunsuz olduğu üçün sökdülər”.

    F.Cəfərovanın döyülüb qabırğasının sındırması ittihamına da etirazını bildirən İ.Hacıyev bunun da ona atılan şər olduğunu dedi: “Mənim o qadına dırnağım belə dəyməyib. Allahdan başqa heç kimdən qorxum yoxdur. Əgər onu eləmiş olsam, heç nədən çəkinmədən boynuma alaram. O, özü-özünə xəsarət yetirib, özünü yerə yıxdı, sürüdü. Sonra da gedib polisdə oturub ki, guya mən onu döymüşəm”.

    Onun hüquq-mühafizə orqanının əməkdaşı kimi səlahiyyətindən istifadə etməsinə gəlincə, İ.Hacıyev bunları dedi: “Mənim harda işləməyimin bu məsələyə heç bir aidiyyatı yoxdur. Haqq-ədalət nədirsə, o da ortaya çıxır. Mən kiməm ki, hadisəyə müdaxilə edim? Serjant rütbəsində olan bir adamam. Guya nə səlahiyyətim var ki, prosesə də müdaxilə edim? Dövlətin qanunu var, qanun qarşısında boynum qıldan incədir. Ondan da başqa göydə Allah var. Bəndə kimdir ki, nəyisə həll eləsin?!”

    Məsələ ilə bağlı Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürova ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Prokurorluqdan bildirdilər ki, Ülviyyə Şükürova Apellyasiya Məhkəməsində olduğu üçün zənglərimizə cavab verə bilməyəcək.

    Qeyd edək ki, şikayətçi məsələnin ictimailəşdirilməsi ilə yanaşı, ölkə başçısı İlham Əliyevə məktubla müraciət edib.

    Altunay, Hurriyyet.org