“Plan qurduq ki, onlar öldürmədən biz öldürək” – AzTV sədrinə sui-qəsd işi

    18

    Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyevin, Zöhrab Şirinovun, Aqşin Hüseynovun barələrindəki cinayət işi üzrə məhkəmə davam edib.

    Hurriyyet.org xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Yaşar Eyyubov dindirilib.

    Şahid notariat konturun rəhbəri olduğunu deyib.

    Şahidlə təqsirləndirilən Ş. Əkbərov arasında mübahisə yaranıb.

    Hakim Şücaət Əkbərova xəbərdarlıq edib və onu zaldan çıxarıb.

    Buna etiraz edən Şücaət Əkbərovun qızı və keçmiş həyat yoldaşı da məhkəmə zalından çıxarılıb.

    Prosesdə fasilə elan edilib.

    Fasilədən sonra iclas Şücaət Əkbərovun iştirakı olmadan davam edib.

    Təqsirləndirilən Qoçəli Cəbiyevin vəkili vəsatət qaldıraraq müvəkkili barəsində məhkəmə tibbi ekspertizasının keçirilməsini tələb edib. O bildirib ki, müdafiə etdiyi şəxs birinci qrup əlildir.

    Vəsatət baxılmamış saxlanılıb.

    Prosesdə istintaq dövründə Şücaət Əkbərov və Qoçəli Cəbiyev arasında üzləşmənin görüntüləri izlənilib.

    Həmin görüntülərdə Qoçəli Nəbiyev bildirib ki, Şücaət Əkbərov ona düşməni olduğunu deyib: "Dedi ki, borcu var. Onu öldürmək istəyirlər. Mən də soruşdum ki, kimdir. Dedi, televiziyada işləyən adamdır. Adı Arifdir. Biz də plan qurduq ki, onlar onu öldürmədən biz öldürək. Plana əsasən, onlar Şamaxıya gələndə biz görüş təyin edib onları öldürməliydik. Zöhrabı Şücaətlə mən tanış etmişəm. Onunla danışdıq. O da Arifi vurmaq üçün Şücaətə kömək edəcəkdi. Bunun qarşılığında Zöhraba 100 min manat verəcəkdi. Ümumiyyətlə bu cinayətə bizi Şücaət Əkbərov sövq edib".

    Həmin görüntülərdə Şücaət Əkbərov da düşməni olduğunu etiraf edib O, sui-qəsdlə bağlı həmin görüntülərdə sifariş verdiyini nə təsdiq, nə də təkzib edib.

    Daha sonra prosesdə Zöhrab Şirinovla Şücaət Əkbərovun istintaqda üzləşmələrinin götüntüləri izlənilib.

    Həmin görüntülərdə Zöhrab Şirinov da Arif Alışanova sui-qəsd təşkil etdiklərini etiraf edib: "Qoçəli bizi tanış elədi. 100 min manat qarşılığında Arif Alışanovu öldürəcəkdik. İlk olaraq 7 min manata mənə "Niva" aldılar".

    Hər 3 təqsirləndirilən şəxs həmin ifadələri təzyiq altında verdiklərini deyib.

    Proses iyulun 4-də davam edəcək.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.