“Çox murdar adamsan, bunların hamısı da tamaşadır” – Xanımını binanın 5-ci mərtəbəsindən atan direktorun cinayət işi

    21

    Bakıda baş verən dəhşətli qətl hadisəsinə görə məhkəmə başlayıb.

    Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli hakim önünə çıxarılıb. İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılır.

    Əvvəlcə onu qeyd edək ki, təqsirləndirilən R.Taxveli Müalicə Müəssisəsində müalicə alır. O, məhkəməyə əlil arabasında gətirilib və deyilənə görə, özünü idarə edə bilmir, psixoloji problemləri var.

    Ramiz Taxvelinin vəkili mərhumun anası Samirə Süleymanovaya sual verib ki, hadisənin birbaşa şahidi olubmu? Samirə Süleymanova söyləyib ki, ötən prosesdə də hadisəni görmədiyini deyib və təkrar etməyə ehtiyac yoxdur.

    Vəkil məhkəməyə Ramizin ailəsi ilə birlikdə çəkdirdiyi fotoları təqdim edib. Müdafiəçi söyləyib ki, bu fotolar Ramizin ailəsinə qarşı olan səmimi münasibətini əks etdirir. Müdafiəçi izahatında bildirib ki, Samirə Süleymanovanın qızının döyülməsi, ailə münasibətlərində problemlərin olması haqda dedikləri doğru deyil.

    Hakim bildirib ki, hər ailədə söz-söhbət, problem ola bilər: "Biz burada ailədəki problemləri yox, hadisəni araşdırırıq. Şəxsi münasibətlərdə bu qədər dərinə getmək lazım deyil".

    Zərərçəkmiş tərəfin vəkili də fotolara münasibət bildirib. Deyib ki, ailənin hansısa şad günündən çəkilmiş fotoları məhkəməyə təqdim edərək onların mehriban olduğunu demək əsassızdır.

    R.Taxveli keçmiş qayınanasına sual verib. Deyib ki, qızını necə sevdiyini bilirmi? Samirə Süleymanova bu suala cavab vermək istəməyib: "Bu suala nə cavab verim? Sən çox murdar adamsan. Burada olanların hamısı da tamaşadır".

    Hakim Samirə Süleymanovaya xəbərdarlıq edib. Samirə Süleymanova məhkəmədən üzrxahlıq edib. Əlavə edib ki, qızı daim incidilib, döyülüb.

    Mərhumun anası qızının başına gələnlər haqda məhkəməyə bir hadisəni danışıb: "Uşaqlara münasibəti yaxşı deyildi. Xəstələnəndə belə, onlara dərman almağa getmirdi. Belə günlərdən birində qızım əsəbi şəkildə evdən çıxıb aptekə getmişdi. Yolu keçəndə onu maşın vurdu və xəsarət aldı".

    Ramiz Taxveli isə belə bir hadisəni xatırlamadığını deyib. Samirə Süleymanova Ramizin dediklərinə fikir verməyib və ifadəsini davam etdirib: "Bu bəy yatanda onu oyatmaq olmaz. Onun müqəddəs vaxtıdır. Saat 2-yə qədər yatardı. Öz istədiyi həyatı yaşayırdı".

    Məhkəmədə şahid qismində Sevda Rzayeva da dindirilib. Sevda Rzayeva mərhumun övladlarının dayəsi olub. O, bildirib ki, mərhum Adelya ilə münasibətləri çox yaxşı olub: "Adelya çox qanacaqlı, mədəni, kübar xanım idi. Hərəkətlərinin, danışığının yerini bilən biri idi. Mən onu çox istəyirdim. Mən əvvəl onların böyük övladlarına baxırdım. Sonra isə kiçik uşaqlarına baxdım. Adelya uşaqların hər problemi ilə maraqlanırdı".

    Suallara cavab verən Sevda Rzayeva mərhumla Ramiz Taxvelinin münasibətlərindən danışıb. Deyib ki, son zamanlar ər-arvadı arasındakı soyuqluğu hiss edib. Onun sözlərinə görə isə bu problem Ramiz Taxvelidən qaynaqlanıb.

    Hakim Sevda Rzayevadan Ramizin övladlarına münasibətini, onlara şiddət göstərib-göstərdiyini soruşub. S.Rzayeva bunları deyib: "Uşaqlarla əsasən Adelya maraqlanırdı. Ramilin öz rejimi var idi. Bir dəfə xatırlayıram ki, balaca uşaq qışqırıb ağlayırdı. Ramiz də yatmışdı. Yataq otağından gəlib uşağın qolundan tutub çölə çıxardı ki, səsi gəlməsin".

    Şahidə verilən növbəti sual isə Ramiz Taxvelinin narkotik vasitə istifadə etməsi barədə nə bilməsi olub. Sevda Rzayeva deyib ki, bir dəfə evdə kibrit qutusunda marixuana tapıb. Ramizin vəkili Sevda Rzayevadan marixuananı haradan tanıdığını soruşub.

    "Hər gün televizorda, filmlərə yüz dəfə göstərirlər. Mən uşaq deyiləm. Nə dediyimi yaxşı bilirəm" – deyə Rzayeva qeyd edib.

    Ramiz Taxveli isə şahidə etiraz edib: "Sevda, sənə ayıb olsun".

    İttihamda yazılır ki, Taxveli ilk qızının epilepsiya xəstəsi olaraq doğulmasında mərhum arvadı Adelyanı daim günahkar bilib. Bu səbəbdən də onların arasında mütəmadi olaraq mübahisə olub. Sonuncu dəfə ötən il dekabrın 9-da axşam saat 22 radələrində marixuana qəbul edib. Adelyanı yuxudan oyadaraq döyüb, saçından tutub sürüyərək otaqları gəzdirib və uşaqları ilə vidalaşmağa məcbur edib.

    İttihamda o da göstərilir ki, həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırparaq yuxudan oyadıb. Səsə digər övladları da oyanıb. Uşaqlar atalarına yalvararaq analarını döyməməsini istəyib. Taxveli arvadını sürüyərək balkona çıxarıb və balkondan aşağı atıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, hadisə Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib. Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

    Əvvəlcə mərhumun intihar etdiyi deyilirdi. Lakin araşdırmalardan sonra hadisənin intihar yox, qətl hadisəsi olduğu üzə çıxıb. Araşdırmalar zamanı o da məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb. Bildirək ki, Ramiz Taxveli “Buta Palace”nin art direktoru olub.