“MİNGƏÇEVİR İES ARTIQ ÖZ DÖVRÜNÜ KEÇİB”

    18

    Fəqan Əliyev: “Bu, bizim enerji bloklarında olan bir “çepe”dir”

    “Niyə dövlətimizin rəhbərini, xalqmızı aldatdılar?…”

    “Mənim o pulların hara xərclənməsinə cavabım düz çıxmaz, onlar düz cavab verərlər”

    İyunun 3-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən, ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-də 6-cı blokda baş vermiş yanğın söndürülsə də, baş vermiş partlayış ölkədə bir çox problemlər yaradıb. Belə ki, hadisə nəticəsində ölən və yaralanan olmasa da, ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişinin dayanmasına səbəb olub. Eelektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən isə Bakı şəhəri ərazisində 18 nəfər yaşayış binalarının liftlərində köməksiz vəziyyətdə qalıb və onlar hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən liftdən çıxarılıblar. Hətta problem aradan qaldırılan müddət ərzində Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Sınıq Körpü” keçid məntəqələrində nisbi sıxlıq yaranıb. Eyni zamanda elektrik verilişinin dayanması üzündən Bakı şəhərində metronun və nəqliyyatın hərəkətində də məhdudiyyətlər yaranıb. Bakı metropoliteninin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları müəyyən müddət işləməyib və yaranan problemlə bağlı srağagün günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayıb. Hətta yaranmış vəziyyətlə bağlı “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərdən müvəqqəti narahatçılığa görə üzr istəyib.

    Mingəçevir İES-də baş vermiş yanğının xəstəxanaların işində problem yaratmadığı barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat versə də, “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin qaranlığa qərq olması ilə bağlı video görüntülər yayılıb ki, bu da verilən məlumatın əksini ortalığa qoymuş oldu. Xəstəxananın işıqsız qalması həkimlərin işində çətinlik yaradıb. Xəstəxanaya müraciət edən xəstələrdən yüngül xəsarət alanlar 3 saylı Kliniki Tibbi Mərkəzə və Travmatoji Mərkəzə yönləndirilib. Hətta həkimlər məcbur olaraq, əl fanarlarının köməyi ilə ilkin tibbi yardım göstəriblər.

    Əlqərəz, Mingəçevir İES-də baş vermiş yanğın ölkənin fövqalədə vəziyyətə hazır olmadığını ortaya qoydu.

    Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov deyib ki, 2005-2015-ci illərdə alternativ enerji sahəsinə 987,4 milyon manat vəsait yatırılıb ki, onun 83 faizi dövlət, 17 faizi isə özəl sektorun hesabına əldə olunub. Maraqlıdır ki, alternativ enerji sahəsinə 1 milyard manata yaxın vəasit yatırılsa da, Mingəçevir İES-də baş vermiş qəzadan sonra Azərbaycanın Gürcüstandan elektrik enerji idxal etməsi nə dərəcədə normaldır? Bəs, alternativ enerjiyə xərclənən milyonlar nə üçün hazırkı fövqalədə vəziyyətdə işə yaramadı?

    “Gürcüstan Dövlət Elektrosistemi” Səhmdar Cəmiyyətinin məlumatına görə, hazırda qonşu ölkədən Azərbaycana elektrik enerjisinin ötürülmə gücü 57-60 MVt təşkil edir. Doğrudur, zaman-zaman Azərbaycan Gürcüstandan fövqalədə vəziyyətdə köməyini əsirgəməyib, bu gün də bu davam edir. Gürcüstanda olan erməni kilsələrinə pulsuz qazın verilməsi bunun əyani sübutudur. Amma məsələ burasındadır ki, alternativ enerjiyə milyonlar xərcləyən ölkə niyə qonşu Gürcüstandan enerji idxal etsin? Təbbi ki, o xərclənən milyonlar alternativ enerji sahəsində səmərəli, effektiv xərclənsəydi, hazırkı durumda Gürcüstandan enerji idxal etməyə ehtiyac da qalmazdı. Nə kimlərsə liftdə qalıb stress, həyacan yaşayardı, nə metro və digər nəqliyyat növlərinin hərəkətində məhdudiyyətlər olardı, nə də ölkə əhalisi müəyyən müddət işıqsız, sussuz qalardı.

    Yeri gəlmişkən, dünən gecə saatlarında elektrik enerjisinin kəsilməsi bütün ölkə boyu su təchizatına da mənfi təsir göstərib. Bu barədə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib ki, elektrik enerjisinin kəsilməsi ilə əlaqədar bütün su təmizləyici qurğuların fəaliyyəti dayanıb:

    “Bildiyiniz kimi, Oğuz-Qəbələ su kəmərində quyulardan su çıxarılır və nasoslar elektrik enerjisinin köməyi ilə işləyir. Demək olar ki, şəhərdaxili nasos stansiyalarında iş dayanmışdı. Artıq biz Ceyranbatan su təmizləyici qurğusunu qoşmuşuq. Kür su təmizləyici stansiyasının fəaliyyəti bərpa olunub, qismən gücü ilə işləyir və artıq onun gücünü artırırıq. Yaxın saatlarda Oğuz-Qəbələ su kəmərində qoşulmanı planlaşdırırıq. Ona görə də hazırda şəhərin böyük hissəsində su təchizatında problemlər mövcuddur. Bilirsiniz ki, Mingəçevirdə elektrik enerjisi qoşularkən qısa müddət ərzində, 3 saniyə ərzində Bakıda elektrik enerjisinin verilişi bərpa olunur. Amma suyu kürdən Bakıya gətirmək üçün boruların doldurulması ən azı 12-14 saat vaxt aparır. Buna görə də gün ərzində su təchizatında problemlər yaşanacaq”.

    “ABOEM inkişafımızı əlimizdən aldı”

    Mingəçevir İES-də 6-cı blokda baş verən yanğınla bağlı Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev “Hürriyyət”ə dedi ki, bu, bizim enerji bloklarında olan bir “çepe”dir”: “Ancaq bunu olduğu kimi qəbul etmək lazımdır. İnşallah, dövlət bu işi yoluna qoyar. Mənim ancaq başqa bir fikrim var ki, Mingəçevir İES artıq öz dövrünü keçdi. Mingəçevir İES Azərbaycana vaxtilə də köməklik edib, yenə də kömək edəcək. Amma illər boyu bərpa olunan enerjini bir günə qoymadıq ki, bunlar işləmədikcə, o enerji versin. Bundan yazmaq lazımdır. Mingəçevir partladı, partlayacaq da. Mingəçevir gölünün yarısından çoxunu lil basıb, özünün faydalı iş əmsalını 50 faziə salıb. Artıq bütün dünya, o cümlədən Almaniya alternativ enerjidən istifadə edir. Mən Naxçıvana getmişdim. Naxçıvan bu gün 50 faiz enejini alternativ enerjidən alır, halal olsun. İnkişaf etmiş ölkəmizdə heç bir damda günəş enejisindən istifadəni görmürsən. 10 ildən çoxdur o ABOEM (red-Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyini nəzərdə tutur-müəl.) yaradılıb, o ABOEM də bizə bir bayrer oldu, inkişafımızı əlimizdən aldı. Camaatımız bu işlə məşğul olmağa başlmışdı, monopoliya yaratdı, qoymadı. Bax, bundan danışaq. Nəyə görə biz alternativ enerjidən istifadə etmədik ki, bu gün səhər ürəyim ağrıya-ağrıya eşidirəm ki, Günəşlidə nə işıq, nə də su var. Belə şey olar? Şəhərin çox yerində işıq, su yoxdur. Bəs, neynəyəcik? Buna hazır olmaq lazım idi. O bərkgedən oğlanlar ki, altında böyük maşınları var, səni alternativə qoyublar, səni qoymayıblar ki, gedib xaricdə firmalar açasan, mən deməyim kim desin, cavan uşaq desin? Qoy, mən deyim ki, məni aparanda qoy bilsinlər ki, məni apardılar. Heç olmasa, bu gənclərə bufer olun də. Hadisə, texniki nasazlıq olar, bunlar olan şeydir. İnşallah, düzələr, ölkəmiz inkişafdadır, bloklarımız çoxdur, yerinə gəlib çıxacaq. Amma günəşi görürsən. Deyirik, enerjimiz yoxdur, bu Allahın enerjisidir, götürün istifadə edin də”.

    “Niyə dövlətimizin rəhbərini, xalqmızı aldatdılar?”

    “Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov deyib ki, 2005-2015-ci illərdə alternativ enerji sahəsinə 987,4 milyon manat vəsait yatırılıb. Bəs, alternativ enerji sahəsi niyə inkişaf etmir” sualına F. Əliyev belə cavab verdi: “Bunu Cəmilə sual verərsən, Cəmil sənə cavab verər. Cəmil o pulları hara qoyub bilmirəm, get, ondan soruş, onlar cavab versinlər ki, bir elə qoyulan puların qarşlığında camaata nə verdilər. Dövlət başçısı onlara etibar elədi, kömək etdi, dedi ki, bu sahəni inkişaf etdirin. Niyə dövlətimizin rəhbərini, xalqmızı aldatdılar? Niyə? Mənim o pulların hara xərclənməsinə cavabım düz çıxmaz, onlar düz cavab verərlər. Qoy, onlar cavab versinlər. Bu pullar hara sovrulub, bilmirəm. Amma onu bilirəm ki, Azərbaycanda intervensiya, elm, bilik adamları var. SSRİ dövründə günəş enerjisi üzrə Azərbaycan birincə yerdə idi, zavodu da var idi, inkişaf etmişdi. Hələ 900 il bundan qabaq Nəsrəddin Tusi bunun özəyini qoymuşdu. Azərbaycanda bu sahənin inkişafı olub, inşallah, gələcəkdə də olacaq. Bu sahə üzrə agentlik var, bu işdə onun məsuliyyəti var. Dövlət bu işi onlara tapşırıb. Ancaq tapşırığı yerinə yetirmirlər”.

    Şamo EMİN, Hurriyyet.org