“Ölüm-dirim savaşına başlamalıyıq” – AKİF NAĞI

    3

    Qarabağ Azadlıq Təşkilatı (QAT) Beynəlxalq Qüds Günü münasibətilə “Qüds və Qarabağın azadlığı islam həmrəyliyindən keçir” mövzusunda Dəyirmi Masa keçirib.

    QAT-dan Hurriyyet.org-a verilən məlumata görə, tədbir Qarabağ, Qüds, bütün islam dünyası şəhidlərinin xatirəsinin yad olunması, Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb. QAT sədri Akif Nağı giriş sözü ilə çıxış edərək Beynəlxalq Qüds Gününün əhəmiyyətindən, vəhdət, birlik, həmrəylik ideyalarının vacibliyindən danışıb:

    “İslam dünyası bir olarsa, bütün problemlərini, o cümlədən, Qüds, Qarabağ məsələlərini çox asanlıqla həll edə bilər. Biz Qarabağ müharibəsində islam ölkələrinin, Türkiyə, İran, Əfqanıstanın, Pakistanın dəstəyini görmüşük. Qaçqın və köçkünlərə yardım edən də islam ölkələri olub, məcburi köçkünlər üçün İran çadırı, türk çadırı, ərəb çadırını görmüşük. Bu tarixi həqiqətləri yaddan çıxarmamalıyıq. Biz Azərbaycan xalqına, islam dünyasına söykənərək düşmənə qarşı ölüm-dirim savaşına başlamalıyıq”.

    Sonra QAT sədrinin mənəvi dəyərlər üzrə müşaviri Hacı Əfqan Muradov mövzuya dair məruzə ilə çıxış edib, məruzə ətrafında çıxışlar olub. Əfqan Muradov, Hacağa Nuri, Firudin Məmmədov, Tağı Kazımov, Barat İmani, Şakir Abbasov, Təranə Hüseynova və digərləri Beynəlxalq Qüds Günü, islam həmrəyliyi və digər məsələlərlə bağlı fikirlər bildirib, təkliflər irəli sürüblər.

    Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini yad edib, birlik və vəhdət duaları oxuyublar.

    Sonda tədbir iştirakçıları bəyanat qəbul ediblər. Bəyanatda göstərilir: “Müsəlman dünyasının mübarək Ramazan ayında Beynəlxalq Qüds Gününü qeyd etməsini yüksək dəyərləndirir və alqışlayırıq. İslam ölkələrinin bu gündə bir araya gəlməsi, vahid mövqe nümayiş etdirməsi çox vacibdir. İslam dünyası ciddi problemlər yaşayır. Bu problemlərin çoxu kənardan maraqlı qüvvələrin müdaxiləsi, işğalı, təcavüzü nəticəsində yaradılıb. Son dövrdə Qüds problemi, fələstinlilərin ağır vəziyyəti daha da kəskinləşib. Qüdsün müsəlman dünyasından qoparılıb tam şəkildə ilhaq edilməsi, fələstinlilərin məhv edilməsi istiqamətində heç bir ölçüyə sığmayan addımlar atılıb. ABŞ, İsrail kimi ölkələr müsəlman dünyasının bütün hüquqlarını pozurlar. İslam dünyasının ən sərt problemlərindən olan Dağlıq Qarabağ məsələsi dözülməz hala gəlib çatıb, təcili öz həllini tələb edir.

    İrana qarşı sanksiyaların tədbiqi, Türkiyənin terrorla təhdid olunması, Suriyada insanların qanuni haqqlarının tapdalanması, Yəmən xalqına qarşı qətliamın törədilməsi və digər dəhşətli problemlər bu günümüzün acı reallığıdır.

    Bütün bu problemlərin aradan qaldırılması, ədalətli həllini tapması üçün islam dünyasının bir araya gəlməsi, ixtilafların aradan qaldırılması, real islam həmrəyliyinin nümayiş etdirilməsi ən vacib şərtdir. Biz Beynəlxalq Qüds Günündə bir daha vəhdətə, islam həmrəyliyinə, konkret addımların atılmasına çağırırıq. Allah haqq yolu ilə gedənlərə kömək olsun! Amin!”

    Hurriyyet.org