“KTMT-nin zirvə görüşü Ermənistanın xahişi ilə təxirə salınıb” – PUTİNİN KÖMƏKÇİSİ

    21

    Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) zirvə görüşünün vaxtı Ermənistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq dəyişdirilib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib.

    “Astanadakı ötən görüşdə liderlər bu barədə (növbəti görüşü dekabrın 6-da keçirmək – red.) razılığa gəlmişdilər, sonra isə… 9 dekabr seçkiləri ərəfəsində keçirilən seçki kampaniyasını əsas gətirən Ermənistan höklumətinin də xahişi nəzərə alınmaqla KTMT sammitini keçirməmək qərarlaşdırıldı", – o qeyd edib.

    Xatırladaq ki, noyabrın 8-də Astana sammiti zamanı KTMT-nin baş katibi vəzifəsini Ermənistandan sonra Belarus nümayəndəsinə həvalə etmək qərarı verilmişdi. Daha sonra həmin ölkənin Prezidenti Aleksandr Lukaşenko Azərbaycan səfiri Lətif Qəndilovla görüşü zamanı sözügedən vəzifəyə üç namizədinin olduğunu diqqətə çatdırmışdı.

    Qeyd edək ki, KTMT-yə üzv ölkələr Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Rusiya və Tacikistandır.