“KREML İSTƏSƏ BELƏ, SSRİ-Nİ BƏRPA EDƏ BİLMƏZ” – ŞƏRH

    36

    Elxan Şahinoğlu: "Keçmiş sovet dövlətləri bir daha Rusiyanın caynağına keçməyəcək"

    ""Rusiyanın tərkibində yenidən Tiflis, Bakı, İrəvan, Kiyev və Odessa quberniyaları yaradılmalıdır" kimi ifadələr nağıldan başqa bir şey deyil"

    Rusiya Liberal-Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovskinin adı həm öz vətənində, həm keçmiş sovet dövlətlərində, eləcə də dünyanın əksər ölkələrində yetərincə məşhurdur. Çünki bu adam siyasət də daxil olmaqla bir çox mövzularla bağlı mütəmadi olaraq qeyri-adi, hətta bəzən qəribə olduğu qədər də gülməli açıqlamaları ilə gündəmi zəbt etməyi, diqqəti özünə yönəltməyi bacarır. Yəni Jirinovski elə siyasətçilərdəndir ki, marağında olduğu təqdirdə adi bir məsələni belə, böyüdüb cəmiyyətə taleyüklü problem kimi sırımağı bacarır. Bir sözlə, o, asanlıqla qarışqadan fil düzəltməyə qadirdir. Məhz bu xüsusiyyəti onu digərlərindən kəskin şəkildə fərqləndirir.

    Ümumiyyətlə, Jirinovskinin keçmişinə nəzər saldıqda, həmçinin bu gün səsləndirdiyi fikirlərə diqqət yetirdikdə aydın şəkildə görünür ki, bu adam aqressiv bəyanatları, hərdən etdiyi məzəli hərəkətləri, eyni zamanda bəzi davranışları ilə özünü gülünc vəziyyətə qoyur. Məsələn, LDP lideri bu günlərdə verdiyi növbəti qeyri-ciddi açıqlaması ilə yenidən nəzərləri özünə çəkməyi bacarıb. Qeyd edək ki, o, MDB ölkələrini daxili çaxnaşmalardan, qan axıdılmasından ancaq Rusiyanın xilas edə biləcəyini bildirib: "Amma bir şərtlə-gərək həmin ölkələr "ata evinə geri qayıtsınlar". Jirinovski hesab edir ki, Rusiyanın tərkibində yenidən Tiflis, Bakı, İrəvan, Kiyev və Odessa quberniyaları yaradılmalıdır. Əslində o, birinci dəfə deyil ki, bu tip cəfəng fikirlər səsləndirir. Belə ki, bir müddət öncə buna bənzər açıqlama ilə çıxış edən Jirinovski perspektivdə keçmiş SSRİ-yə daxil olmuş 15 respublikadan ibarət yeni İttifaq dövlətin yaradılacağını bəyan edib: "Biz indi federal dairələr sistemini təklif edirik. Artıq 8 dairə var. Paytaxt Moskva 9-cu olacaq. 10-cu Belarusdur. Gələckəkdə bura Pribaltika daxil ediləcək. 12-ci Moldova ilə birlikdə Odessa, 13-cü Cənubi Sibir və şimali Qazaxıstan, 14-cü Orta Asiyanın daxil olduğu Daşkənd və Azərbaycanın daxil olduğu Xəzərsahili dairədir. Hamı yenidən Rus imperiyasının və SSRİ xalqları ailəsinə qayıdacaq".

    Ötən ilin dekabr ayında isə LDP lideri partiyasının qurultayındakı çıxışı zamanı keçmiş SSRİ məkanındakı müstəqil ölkələrin – Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistanın könüllü şəkildə Rusiyanın tərkibinə qatılmasına çağırış edib: "Rusiya ilə birləşən regionlara geniş muxtariyyət verilməsi mümkündür. Onlara xarici siyasət, müdafiə, maliyyə məsələlərindən başqa bütün məsələlərdə sərbəstlik, geniş muxtariyyət vermək olar".

    “ABŞ-ın İsrailə dəstəyi daha çox simvolik xaraket daşıyır” - POLİTOLOQ

    Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, bu gün şərtlər tamamilə fərqli olduğundan keçmiş sovet dövlətləri bir daha Rusiyanın caynağına keçməyəcək: "Əgər Rusiyada kimlərsə yuxuda görürsə ki, sovet ittifaqını bərpa etmək olar, bu, bir xülyadır. Çünki heç kim sovet ittifaqını bərpa edə bilməyəcək. Keçmiş sovet dövlətlərindən heç biri bir daha Rusiyanın caynağına keçməyəcək. Düzdür, Kreml bu gün hansısa dövlətlərə təsir edə bilər. Lakin SSRİ-ni bərpa edə bilməyəcək. Bildiyiniz kimi, SSRİ Rusiyadan da güclü ölkə idi, ancaq sonda Qərblə qarşıdurmaya tab gətirməyib dağıldı. Ona görə də "Rusiyanın tərkibində yenidən Tiflis, Bakı, İrəvan, Kiyev və Odessa quberniyaları yaradılmalıdır" kimi ifadələr nağıldan başqa bir şey deyil. Moskva yalnız Ermənistanı geri qaytara bilər. Çünki Ermənistan faktiki olaraq Rusiyadan asılı vəziyyətdədir. Lakin Azərbaycan, Ukrayna, Gürcüstan, Baltik ölkələri bir daha sovet ittifaqının bərpasına imkan verməz. Həm də dövr o dövr deyil. Yəni ötən əsrin 20-ci illərində bolşeviklər dünya müharibələri, xaosdan istifadə edib Çar Rusiyasının yerində SSRİ-ni yaratdılar. Bu gün isə şərtlər tamamilə fərqlidir. Rusiyanın özünün heç doğru-dürüst müttəfiqi belə, yoxdur. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Jirinovskinin sözlərinə çox da fikir vermək lazım deyil. O, özü danışıb, özü eşidir".

    Rusiyanın resurslarının getdikcə zəiflədiyini qeyd edən politoloqun sözlərinə görə, Kreml istəsə belə, SSRİ-ni bərpa edə bilməz: "Putinin də belə bir fikri var ki, SSRİ-nin dağılması böyük faciədir. Bəlkə də Putin ürəyində istəyir ki, sovet ittifaqı bərpa olunsun. Ancaq bu, onun həll edə biləcəyi məsələ deyil. Qeyd etdiyim kimi, bu, mümkün olan iş deyil. Çünki Rusiyanın resursları getdikcə zəifləyir. Bu səbəbdən də Kreml istəsə belə, SSRİ-ni bərpa edə bilməz. Jirinovski ara-sıra bu fikirləri ortaya atmaqla sanki nəbz yoxlayır. Lakin nəbz yoxlamasının özü belə, Rusiya üçün yaxşı heç nə vəd etmir. Ona görə ki, bu halda Rusiyaya qarşı müqavimət güclənir".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org