“İRAN CİDDİ DƏYİŞİKLİKLƏR ƏRƏFƏSİNDƏDİR” – POLİTOLOQ

    27

    “İnanmıram ki, İran vəziyyətdən çıxış yolu tapa bilsin”

    “Proseslərin son məntiqi yekuna çatması üçün azərbyacanlıların da qoşulması lazımdır”

    Son günlər Tehranda yenidən hökumət əleyhinə mitinqlər başlayıb. Bildirilir ki, buna səbəb milli valyutanın anidən ucuzlaşmasıdır. Aksiya iştirakçıları milli valyutanın ucuzlaşmasının səbəbi kimi İranın Yaxın Şərqdəki qruplaşmalara verdiyi dəstəyi göstərir.

    Etirazçılar “Diktatora ölüm!”, “Xameneyiyə ölüm”, “Fələstinə ölüm!” şüarları səsləndirir.

    Minlərlə insanın iqtisadi böhran səbəbilə küçələrə axışması İranda 2012-ci ildən bəri yaşanan ən böyük protest hesab olunur və etirazçılar “heç bir işə yaramayan zorbalar” şüarı ilə Milli Məclisə doğru yürüş keçirib. Ölkədə iqtisadi böhran yaranmasının səbəbi kimi hökumətin Suriya və Fələstin siyasətini göstərən etirazçılar “Fələstini Suriyaya verin, öncə bizə baxın, bizi düşünün”, “düşmənimiz burada” kimi şüarlar da səsləndiriblər.

    O da qeyd olunur ki, polis kütləyə bibər qazı ilə müdaxilə edib. İran prezidenti Həsən Ruhani etirazçılara ABŞ ilə iqtisadi müharibə vəziyyətində olduqlarını bildirib. Paytaxt Tehranda təşkil edilən Ümumi Məhkəmə Yığıncağında çıxış edən prezident ABŞ-ın hədəfinin İran iqtisadiyyatı olduğunu deyib.

    Ölkə xaricində, təxminən, 6 milyon iranlının yaşadığını dilə gətirən Ruhani həmin şəxləri ölkələrinə geri qayıdaraq sərmayə yatırmağa da çağırıb.

    İranın dini lideri Əli Xamaneinin məsləhətçisi Yəhya Rəhim Səfəvi isə prezidentin fikirlərini tənqid edib. Səfəvi İrandakı mövcud siyasi və iqtisadi vəziyyətlə bağlı danışarkən bildirib ki, ölkədə hökumət olmazsa, daha yaxşı idarəçilik üsulu qurula bilər. Hökumətin xalqın problemləri ilə maraqlanmadığını dilə gətirən məsləhətçi bəzi qrupların da bu durumu rejimə qarşı etiraz aksiyalarına çevirməyə cəhd göstərdiyini deyib.

    Yəhya Rəhim Səfəvinin açıqlamasından aydın olur ki, prezident Həsən Ruhaniyə komandasını dəyişmək üçün təzyiq göstərilir. Ancaq Həsən Ruhani komandasını dəyişəcəkmi, bunu əvvəlcədən demək çətindir.

    Hətta İrandakı sosial gərginliyə görə, İran Milli Məclisinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komissiyası ölkədəki iqtisadi problemləri müzakirə etmək üçün fövqəladə toplantı keçirib. Toplantıda İranda milli valyutanın dollar qarşısında dəyərini itirməsinin qarşısını almaq üçün dolların məzənnəsinin 4200 tümənə sabitlənməsi təklif edilib. Hazırda İranda sərbəst bazarda 1 dollar 8000 tümənə dəyişdirilir.

    İran iqtisadiyyatının çökməsinin səbəbkarı olan Amerika artıq İrandan neft alan ölkələrə də təzyiq edir. Birləşmiş Ştatlar noyabrın əvvəllərindən İran neftinin idxalının dayandırılması üçün bütün ölkələr üzərinə təzyiq göstərməyə başladacağını bildirir. İyunun 26-da ABŞ Dövlət Departamenti bildirib ki, İran neftinin idxalı üçün heç bir istisnaya yol verilməyəcək. Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib ki, Tramp İrana qarşı sanksiyaların qaldırılması müddətinin 180 gündən artıq uzadılmayacağı barədə fikrində qətidir. Bu müddət noyabrın 4-də bitir. Tramp administrasiyası bu müddətdən o yana hətta öz müttəfiqləri üçün də güzəşt edilməyəcəyini bildirib. Rəsmi deyib ki, administrasiya İranın bütün valyuta gəlirləri kanallarını bağlamaq niyyətindədir.

    ABŞ rəsmisi onu da əlavə edib ki, ABŞ özünün Yaxın Şərq müttəfiqləri ilə neft hasilatının artırılması barədə razılaşma əldə etməyi planlaşdırır. Vaşinqtonun fikrincə, bu yolla İran neftinin idxalının qadağanı neft qiymətlərini təsirləndirməməlidir.

    ABŞ Xəzinə Nazirliyinin telekonfransla jurnalistlərə verdiyi açıqlamada da müttəfiq ölkələrin və şirkətlərinin İrandan etdikləri neft idxalını 4 noyabra qədər dayandırmalarını tələb etdiyi qeyd olunub.

    Açıqlamada sözügedən şirkətlərin bu tarixdən sonra İrandan neft idxal etdikləri təqdirdə ABŞ-ın sanksiyalarına məruz qala biləcəkləri xəbərdarlığı edilib.

    Xəzinə Nazirliyinin səlahiyyətlisi ABŞ-ın Türkiyə, Çin və Hindistan kimi İrandan neft idxal edən ölkələrlə məsələ haqqında danışıqlar aparacağını qeyd edib.

    İrana isə milli pul vahidi rialın dollar qarşısında ucuzlaşmasının qarşısını almaq məqsədilə ölkəyə idxal edilən 1300-dən çox məhsula qadağa tətbiq edib. Çünki ABŞ-ın İranla əldə etdiyi nüvə razılaşmasından çıxması və Tehrana qarşı sanksiyalara başlamasından sonra valyuta məzənnələrində ciddi bahalaşma müşahidə edilir.

    İranın sənaye və ticarət naziri Mohammad Şəriətmədari 1339 adda məhsulun ölkəyə idxalına qadağası ilə bağlı deyib ki, bu məhsulları İran özü istehsal edə bilər.

    Həmin məhsullara toxuculuq, ayaqqabı, dəri məmulatları, mebel və səhiyyə avadanlıqları daxilıdir.

    Aydındır ki, bu məhsulların xaricdən idxal olunması üçün dollar lazımdır, İranda isə dollar böhranı yaşanır. Beləliklə də Amerikanın İran siyasəti onun iqtisadiyyatını çökdürməyə yönəlib ki, nəticədə bu gün İran xalqı yenidən küçələr axışıb və bu da İranın çarəsiz duruma gətirib çıxarıb.

    “İran çox təhlükəli məqamları yaşayır”

    Paşinyanın cəbhəyə gəlmə səbəbi: Bakı zərbəyə hazırlaşır?

    İranda yenidən baş verən sosial etirazlarla bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə bildirdi ki, İran çox təhlükəli məqamları yaşayır: “Vəziyyətin bu hala gəlib çıxmasında İran siyasi rəhbərliyinin təqsiri az deyil.Yəni aydın olur ki, İranın Suriya əməliyyatlarında, İraqda, Yəməndə apardığı ideoloji müharibələr və İslam İnqilabı ilə bağlı ideyaların gerçəkləşdirilməsi üçün yeritdiyi siyasət özünün əks təsirini göstərməyə başlayıb. İran iqtisadiyyatında ciddi problemlər yaranıb, ölkənin sosial vəziyyəti xeyli gərgindir. Ona görə də əhali bu siyasətin dayandırılmasını tələb edir. İranın əlinə Barak Obama dönəmində çox yaxşı fürsət düşmüşdü. İranla nüvə sazişi imzalananda İranın Amerika banklarında yatan 50 milyard dollarlı şah dövründən qalma avuarların 20 milyard dolları sazişdən dərhal sonra İrana qaytarıldı. İran da bu 20 milyard dolları sosial problemlərin həllinə yönəltmək əvəzinə, Suriyada, İraqda, Yəməndə müxtəlif avantüralara sərf etdi. Üstəlik də ölkənin milli büdcədə olan bir sıra vəsaitlərini də yenə həmin istiqamətlərdə olan işlərə sərf etməkdə davam edir. İndi isə Amerikanın nüvə sazişindən çıxması İrana qarşı sanksiyaların yeni həmləsinin başladılmasına rəvac verib. Nəticə etibarilə bu gün İran iqtisadiyyatı ağır vəziyyətdədir. İranın rialı, yəni milli pu vahidi dollar qarşısında dəyərini ciddi surətdə itirməkdədir və ölkədə inflyasiyanın yaratdığı bahalaşmalar əhalinin sosial vəziyyətinə ciddi surətdə təsir göstərməkdədir. Bax, ona görə də əhali çox yaxşı başa düşür ki, bu cür avanturist siyasət əhalinin sosial vəziyyətini ağırlaşdırmaqda davam edəcək və İranı ciddi sosial fəlakət qarşısına gətirib çıxaracaq”.

    “İranda müəyyən siyasi dəyərlərin gücdən düşməsi prosesi gedir”

    Hüseynli nəzərə çatdırdı ki, İranda “Fələstinə ölüm” şüarı səsləndirilməsi birinci dəfədir: “Halbuki, Qüds və Fələstin problemi İranda çox populyar idi və mövcud siyasi rejim həmin şüarlardan əhalini ayaqda saxlamaq üçün ideoloji təsir vasitələrindən biri kimi Qüds və Fələstin problemindən istifadə edirdi. Demək ki, İranda müəyyən siyasi dəyərlərin gücdən düşməsi, deqradasiyaya uğraması prosesi gedir. Əhali tamamilə baş örtüyünə və bir sıra İslami yaşayış qaydalarına etiraz edir, bir sıra şəhərlərdə ayrı-ayrı qadınlar baş örtüyünü ataraq nümayişkarənə surətdə İran rejiminə qarşı çıxdıqlarını bəyan edirlər və Xameneyidən tutmuş hamıya qarşı çıxış edirlər”.

    “İranda faktiki olaraq prezident hökumətin başçısıdır və hökumətin dəyişdirilməsi yeni prezident seçkilərinə gətirib çıxara bilər. Amma fars mənşəli bölgələr Xameneyiyə qarşı çıxış edirlər. Çünki Xameneyi miliyyətcə azərbaycanlıdır. Burada daha çox etnik faktorların aparcı rola malik olmasını qeyd etmək lazımdır. Farslar Ruhanini qoyub, Xamaneyiyə qarşı şüarlar səsləndirəndə ölkədə əsas etnik güc olan azərbyacanlılar da bundan inciyir və proseslərə qoşulmurlar. Ona görə də məsələnin siyasi yönü dəyişir. Mənim zənnimcə, İran ciddi dəyişikliklər ərəfəsindədir. Əlbəttə ki, proseslərin son məntiqi yekuna çatması üçün azərbyacanlıların da prosesə qoşulması lazımdır. Çünki indiyə qədər baş verən ayaqlanmalarda azərbaycanlıların iştirak etməməsi həmin ayaqlanmaların süqutuna gətirib çıxarıb. Amma İranda mütləq nələrsə etmək lazımdır ki, qaynayan qazanda buxarın təzyiqini aşağı salmaq mümkün olsun”,-deyə politoloq vurğuladı.

    “Propseslərin ciddi dəyişikliklərə gətirib çıxarcağı qənaətinə gəlmişəm”

    Q. Hüseynli diqqətə çatdırdı ki, İranda çox çətin proseslər baş verir: “Mən inanmıram ki, İran aksiyalar və sosial etirazlar qarşısında vəziyyətdən çıxış yolu tapa bilsin. Mən propseslərin ciddi dəyişikliklərə gətirib çıxarcağı qənaətinə gəlmişəm və hesab edirəm ki, bu, əvvəlkilərdən xeyli fərqli ola bilər”.

    Şamo EMİN, Hurriyyet.org