“İcra başçısının, nazirin adı olan yazılar yazırdı” – Azər Naxçıvani “İrəvan press”də nələr edib…

    6

    "Reket" jurnalist məhkəmə qarşısına çıxarılıb. O, etdiklərini xatırlamadığını söyləyir.

    Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən "İrəvan Press" qəzetinin baş redaktoru Azər Abbasovun məhkəməsi keçirilib.

    Hakim Zeynal Ağayevin icraatında olan prosesdə zərərçəkmişlər ifadə verib.

    Zərərçəkmiş Etibar Hüseynov məhkəmədə verdiyi ifadəsində ticarətlə məşğul olduğunu deyib.

    Bildirib ki, təqsirləndirilən şəxs ona zəng edib ulu öndərlə bağlı kitab çap etdiklərini söyləyib: "Onlara kömək etməyimizi istədilər. Mən də 50 manat verdim. Bilirdim ki, bundan istifadə edirlər, amma olsun, yenə də verdim".

    Suallara cavab verən E.Hüdeynov söyləyib ki, kömək etməyəcəyi təqdirdə Azər Abbasov ona barəsində xoşagəlməz yazılar yazacağını deyib: "Guya vergidən yayınmışam, vəzifədə olan hansısa şəxslərə arxalanıram və s. İstər-istəməz bu cür yazıların yayılması xoş deyildi. İşgüzar nüfuzuma xələl gətirə bilərdi".

    Zərərçəkmiş hazırda şikayət və tələbinin olmadığını, Azər Abbasovu bağışladığını söyləyib.

    Prosesdə digər zərərçəkmiş Tofiq Hümbətov da dindirilib.

    T.Hümbətov söyləyib ki, İsmayıllıda Olimpiya İdman Kompleksinin direktoru işləyən zaman Azər Abbasov ona zəng edib.

    "Dedi ki, təcili mənimlə görüşməlisən. Mən də işlərim olduğunu dedim. Amma gəlməli olduğumu söylədi. Mən də Bakıya gəldim. Qara Qarayevdə görüşəndə 200 manat verdim. 500 manat istədi. Mən də razılaşmadım. Barəmdə yazılar yazacağını dedi. Mən də hüquq-mühafizə orqanlarına müraciət edəcəyimi dedim.

    Sonra danışanda razılaşdım ki, barəmdə yazılar yazılmasın. Dediyi yazılar, ittihamlar əsassız idi. Sadəcə cəmiyyətdə belə söz-söhbətlər yayılanda bəziləri inanır. Mən də istəmirdim ki, barəmdə yazılar yazılsın.

    İcra başçısının, nazirin, deputatın adı olan yazılar yazırdı. Qəzeti mənə və digər şəxslərə də göndərirdilər. Mən də pulu verməyə razılaşdım".

    Qeyd edək ki, Tofiq Hümbətovu qardaşının əməllərinə görə şantaj edilməsi də istisna edilmir.

    Çünki Tofiq Hümbətovun qardaşı Şükür Hümbətov ötən ilə narkotik ittihamı ilə həbs edilmişdi.

    Şükür Hümbətov 10 kiloqramdan artıq narkotik vasitələrin dövriyyəsində təqsirləndirilirdi.

    Yasamal rayonu ərazisində İsmayıllı rayon sakini Mərdan Mehrəliyevlə birlikdə həbs edilən Şükür Hümbətov İsmayıllıda dəri biznesi ilə məşğul olub. Bundan əlavə böyük fermer təsərrüfatına, Bakıda bir neçə mənzilə, ticarət obyeklərinə sahib olub. Hər iki şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdilər.

    Azər Abbasovun cinayət işi üzrə davam edən məhkəmədə digər zərərçəkmiş Səbuhi İsgəndərov da ifadə verib.

    O, apteklər şəbəkəsinin olduğunu, lakin indi həmin işinin dayandığını söyləyib.

    Bildirib ki, əvvəlcə Azər Abbasov ona zəng edərək ulu öndər haqqında kitab çap etdirəcəklərini deyərək kömək istəyib.

    S.İsgəndərov qeyd edib ki, bununla razılaşıb və onlara kömək edib, amma sonradan peşmançılıq yaşayıb: "Pulu verməyə peşman oldum. Arı kimi başıma daraşdılar. Bir-bir zəng elədilər. Sonradan şantaj və hədə-qorxu gəldilər. Sanki bir dəstə idilər.

    Azərbaycan Nəşriyatında hərəsi bir otaq götürüb oturublar orda. Mənim özümə o qədər maraqlı gəldi ki, durub ora getdim. Görüm ki, bunlar komdir, nə edidlər deyə maraqlanım. Balaca otaqlar, hərə birində oturub. Sonradan aptekə gəlib, şantaj yazıları yazdılar ki, guya narkotik satılır. Daha da irəli gedib ailəm haqqında yazdılar. Mənim öz səhvlərim oldu ki, indi işimi də itirdim. Artıq bunların əlindən bezmişdim".

    Zərərçəkmiş indi şikayət və tələbinin olmadığını deyib.

    Məhkəmə iclası iyunun 8-də davam edəcək.

    Rəsmi açıqlamaya görə, Bakı və regionlardan daxil olmuş ərizələrə əsasən və Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalar nəticəsində "İrəvan Press" qəzetinin və informasiya saytının baş redaktoru Abbasov Azər Arif oğlu (Azər Naxçıvani) xidmətə dəvət olunaraq hədə-qorxu yolu ilə tələb etmə cinayət əməlində ittiham olunaraq saxlanılıb, barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.