“İCARƏHAQQI ARTA-ARTA GEDİR, ALVER YOX…” – “SƏDƏRƏK” TİCARƏT MƏRKƏZİNDƏ BAŞ QALDIRAN NARAZILIQ…

    18

    Mağazaların sahəsi zorla genişləndirilir, icarəhaqqı artırılır

    “1-və 2-ci cərgələrdə iş başlayıb. Artıq dəmir konstruksiyalar quraşdılır. Bununla da üzərimizə əlavə ödəniş qoyulur. Mən başqa cərgədəyəm, deyirlər, yayadək bütün cərgələrdəki mağazaların sahəsi artırılmalıdır. Sədərək rəhbərliyi deyir, kim narazıdırsa, olan-qalan borcunu ödəsin, mallarını yığışdırıb çıxıb getsin, heç kəsi burda zorla tutmuruq. Bir sözlə, onsuz da batmış sahibkarlara əlavə pul tələsi qurublar”.

    Hurriyyet.org-un məlumatına görə, “Sədərək” Ticarət Mərkəzində ticarətlə məşğul olanlar Meydan TV-yə danışırlar ki, bir neçə gündür rəhbərlik mağazaların sahəsini genişləndirir. Daha doğrusu, rəhbərlik sadəcə qərar verib, qərarı gerçəkləşdirməyi isə sahibkarların üzərinə qoyub. Mağaza icarəyə götürmüş hər bir sahibkar öz cibinin hesabına mağazanın sahəsini məcburi qaydada genişləndirməli və növbəti aydan artırılmış sahəyə görə də icarəhaqqı ödəməlidir. Bu isə onsuz da durumu acınacaqlı olan ticarətçilərə sərf eləmir.

    İcarəhaqqı arta-arta gedir, alver yox…

    Elman adlı ticarətçi:

    “Mən müqaviləni Ticarət Mərkəzi ilə yox, mağazanı icarəyə götürənlə bağlamışam. O da deyir, vəziyyət belədir, mənlik bir iş yoxdur, çıxış yolu da odur ki, mallarını yığışdırıb çıxıb gedəsən. Gedə bilmirəm, çünki onsuz da batmışam. Alver yox, icarəhaqqını aybaay qalıdırırlar, məcbur qalıb biz də satdığımız malların qiymətini qaldırırıq. Müştəri də deyir, o boyda yolu şəhərdən bura gəlib bu malı burda axtarınca, elə eyni qiymətə qapımın ağzından alaram. Beləcə, alver qurudu. İcarəhaqqı isə arta-arta gedir. Mənim icarəyə götürdüyüm mağazanın sahəsi kifayət edəndən də çoxdur. Ancaq deyirlər, xeyri yoxdu, yenə genişləndirilməli, qabağa çəkilməlidir”.

    Yanğın olsa, texnika hərəkət edə bilməyəcək

    Ramin adlı ticarətçi deyir, ötən ay icarəhaqqı 200 manat artırılıb. Üstəlik, Ticarət Mərkəzinin rəhbərliyi ay ərzində müxtəlif bəhanələrlə onlardan icarədənkənar ödənişlər də tələb edir. Ticarətçilər həm də düşünür ki, mağazaların qarşılarının artırılması texniki cəhətdən də düzgün deyil. Ticarətçi sözünə davam edir:

    “Gediş-gəliş yollarının sağı da, solu da mağazalardır. Mağazanın qarşısına mal çıxaran kimi gəlib deyirdilər, yığın içəri, texniki şərtləri pozmayın, çölə mal çıxarmaq olmaz. Ancaq indi gediş-gəliş yollarını həmişəlik daraldırlar. Burda bir yanğın çıxsa, nəinki yanğınsöndürən maşın, heç yanğınsöndürən özü də bu darısqal gediş-gəliş yoluyla hərəkət edə bilməz”.

    Çoxu borca görə asılı vəziyyətə düşüb

    Sahibkarlar deyirlər, bir tərəfdən müştəri yoxluğu, bir tərəfdən yığışlıb qalmış icarəhaqları onları çıxılmaz duruma salıb:

    “Burda çoxu borc-xərc üzündən Ticarət Mərkəzinin rəhbərliyindən asılı vəziyyətdə qalıb. Deyir, gətir borcunu ödə, çıx get. Borc da 5 manat deyil, 10 manat deyil… Çoxu burda girov kimi qalıb. Borc çıxıb getməyə imkan vermir, sahibkarı bura zəncirləyir, alver də yoxdur ki, satıb borcdan çıxasan, aybaay icarəhaqqı üst-üstə yığılır, borc üstünə borc gəlir… Bir sözlə, dərin bir quyunun dibinə düşmüşük, çıxa bilmirik”.

    Meydan TV müxbiri Sədərək Ticarət Mərkəzində olub, cərgələrdəki artırma işləri ilə bağlı fotoçəkiliş etmək istəyərkən maneələrlə qarşılaşıb. Rəhbərliklə görüşmək də mümkün olmayıb. Özünü təqdim etməyən şəxslər rəhbərliyin yerində olmadığını bildiriblər.