“Əhaliyə verilən təbii məişət qazında tələblərə uyğun olmayan qarışıqlar mövcuddur” :AMEA VİTSE-PREZİDENTİ

    9

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İbrahim Quliyev Azərbaycanda əhaliyə verilən məişət qazının tərkibi barədə xəbərdarlıq edib.

    Onun Xalq Qəzetində dərc olunan məqaləsində deyilir ki, "əhaliyə verilən təbii məişət qazının tərkibində müvafiq normativ sənədlərin tələblərinə uyğun olmayan, yanmayan qaz qarışıqlarının, eləcə də ağır karbohidrogen qatışıqları var".

    "Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün müəyyən tədbirlər həyata keçirilməsinə baxmayaraq, qaz sızması ilə əlaqədar partlayış (yanğın) hadisələrinin, eləcə də çoxsaylı ölümlə nəticələnən dəm qazından zəhərlənmə hallarının baş verməsi hələ də davam etməkdədir", professor bildirib.

    Geologiya-mineralogiya elmləri doktoru, belə bir nəticənin aparılan araşdırmalara əsaslandığını da qeyd edib.

    AMEA-nın vitse-prezidenti onu da əlavə edib ki, səbəb "SOCAR-ın tabeliyində olan qurumlara məxsus qazpaylama stansiyalarında təbii qazın təmizlənməsi, tənzimlənməsi və paylanması məqsədi ilə istismarda olan qurğu və avadanlıqların bəzilərinin köhnə olması, müasir tələbələrə cavab verməməsi"dir.

    İbrahim Quliyev bu problemin həlli üçün "respublikaya müasir modul qaz təmizləyici stansiyaların (qurğuların)" gətirilməsini tövsiyə edib.

    "Azəriqaz" İstehsalat Birliyinin sözçüsü İbrahim Kərbalayev BBC News Azərbaycancaya müsahibəsində qazın tərkibində heç bir zərərli maddənin olmadığını deyib.

    "Qazın tərkibi təmizdir və tərkibində heç bir zərərli qatqı yoxdur", – cənab Kərbalayev bildirib.

    İbrahim Kərbalayev deyir ki, təbii qaz dövlət laboratoriyalarında yoxlanır və ancaq bundan sonra əhaliyə paylanır.

    SOCAR-dan BBC News Azərbaycancaya bildirilib ki, "Bakı şəhərində olan qazpaylayıcı qurğuların hamısı son dövrlərdə yenilənib və bütün avadanlıqlar tam müasir standartlara cavab verir".

    Hurriyyet.org