“Görüş xatirinə görüş imitasiya xarakteri daşıyır” – ELXAN ŞAHİNOĞLU

    27

    "Bu vəziyyətdə rəsmi Bakı İrəvanla lazımsız danışqılardan bir müddət imtina və ya fasilə vermək barədə düşünməlidir"

    "Gözlənildiyi kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsindəki görüşü nəticəsiz qaldı. Çünki görüşdən bir gün əvvəl Ermənistan ordusu təxribat törədərək təmas xəttində Azərbaycan hərbçisini qətlə yetirdi". Hurriyyet.org xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

    Politoloq hesab edir ki, bu insident olmasaydı belə, görüşdən nəticə çıxmayacaqdı: "Onsuz da hər il xarici işlər nazirlərinin ənənəvi görüşlərindən nəticə çıxmır. Azərbaycan XİN-nin yaydığı bəyanatdakı iki cümlə də Nyu-Yorkdakı görüşün əhəmiyyətsiz olduğunu göstərir. Birinci cümlədə deyilir: “Xarici işlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü, yenidən təmas xəttində azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı”. Yəni hərbçimizin qətlə yetirilməsindən sonra hansı nəticədən danışmaq olar? Qəsdən törədilmiş təxribatdır. İkinci cümlədə deyilir: “Mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparıldı”. Yəni nazirləri görüşdülər, əvvəlki mövqelərini təkrarladılar və ayrıldılar. Bu isə 25 ildən çoxdur davam edir".

    Onun fikrincə, bir daha təsdiq olunur ki, görüş xatirinə görüş imitasiya xarakteri daşıyır və bu Azərbaycanın maraqlarına cavab vermir: "Çünki həm vaxt uzanır, həm də Ermənistan belə bir görüntü yaradır ki, guya danışıqlara hazırdırlar, əsl həqiqətdə isə İrəvan imitasiya xarakterli bu danışıqlardan status-kvonun uzanmasına çalışır. Ona görə də bu vəziyyətdə rəsmi Bakı İrəvanla lazımsız danışqılardan bir müddət imtina və ya fasilə vermək barədə düşünməlidir. Bu beynəlxalq təşkilatlara da Azərbaycanın ciddi niyyətindən xəbər verər".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org