“Dayanma-durma”nı pozanlara qarşı “daşıma-düşürmə” əməliyyatı – Evakuator təxliyəsi və yeni xaos

    24

    Bakı Nəqliyyat Agentliyi dayanma-durma qaydalarını pozan sürücülərin avtomobillərinin evakuatorla təxliyəsini bərpa edib.

    Artıq qurum tərəfindən hansı küçə və prospektlərdə maşın saxlanacağı təqdirdə evakuatorın aparacağı barədə siyahı da yayılıb.

    Musavat.com-un əməkdaşının verdiyi xəbərə görə, onlardan biri Moskva prospekti olsa da, dəyişən heç nə yoxdur. “20 Yanvar” dairəsi ətrafında nəqliyyatın xaosu davam edir, kim harada istəyirsə, maşınını saxlayır.

    Hazırda “Azərsu” ASC-nin qabağı, Şəhidlər abidəsinin önü, “Velotrek” istiqaməti, həmçinin 3-cü mikrorayon dairəsi həndəvərində avtomobillər harada gəldi park edirlər.

    Bu da böyük tıxac, nəqliyyatın hərəkətinin iflic olması ilə nəticələnir. Xüsusən də “Azərsu” ASC qarşısında dəhşətli bir vəziyyət hökm sürür.

    Yolun bir cərgəsini taksilər, bir cərgəsini avtobuslar tutub, maşınlar keçə bilmirlər. Günün istənilən saatında sözügedən ərazidə basabas, tıxac yaranır. Əslində, bu məsələni bir neçə dəfə qabardılıb, lakin tədbir görülməyib.

    BNA-nın evakuator xidmətini bərpa etməsindən sonra gözlənilirdi ki, bəlkə “20 Yanvar”dakı nəqliyyat “faciəsi”nə son qoyular, amma “köhnə hamam, köhnə tas” qaydaları qüvvəsindədir.

    Bu da həm avtomobil sürücüləri, həm də marşrut sürücüləri tərəfindən narazılıqla qarşılanır. Çünki ən çox taksilər dayanma-durma qaydalarını pozurlar.

    Habelə, müşahidələrimizə əsasən deyə bilərik ki, “Şamaxinka” istiqamətində eyni fəlakətli durum yaşanır.

    BNA tərəfindən açıqlanan siyahıda həm “Şamaxinka”, həm 3-cü mikrorayon dairəsinin adı olmasına baxmayaraq, vəziyyət dəyişmir. Analoji vəziyyət Yasamalın Şərifzadə, Salamzadə küçələrində, Zərdabi prospektində müşahidə olunur.

    Metronun “Memar Əcəmi”, “Azadlıq prospekti” stansiyalarının ətrafı da eyni vəziyyətdədir. Bununla belə, sürücülərin əksəriyyəti nizam-intizam yaradılması üçün evakuator xidmətinin bərpasını lazımsız görürlər.

    Onların sözlərinə görə, BNA tərəfindən kameralar quraşdırılıb, ərazilərdə müfəttişləri fəaliyyət göstərir, onlar dayanma-durma qaydasını pozanları cərimələyirlər, maşının təxliyəsi isə ikiqat xərc deməkdir.

    Digər tərəfdən, şəhərdə bu xaosun yaranmasının başlıca səbəbi parkomatların ləğvi, yenilərinin təşkil edilməməsidir.
    Halbuki adıçəkilən qurum paytaxtda yeni parkomatların və taksi dayanacaqlarının quraşdırılacağını açıqlamışdı.

    Lakin bu istiqamətdə real işlər aparılmır və sürücülər harada gəldi maşın saxlamalı olurlar. Bütün bunlar dayanma-durma ilə bağlı səlahiyyətlərin yol polisindən alınıb nəqliyyat agentliyinə verilməsi ilə başlandı.

    BNA isə çıxış yolunu parkomatların təşkilində yox, evakuator xidmətinin bərpasında görür. Hərçənd, yenə xaotik mənzərədir. Üstəlik, bu ictimai narazılığı artıracaq, on minlərlə sürücünü bir qayda pozuntusuna görə iki dəfə (daşınma xərci olaraq sürücüdən 20 manat da alınır) cərimə döməyə məcbur qoyacaq.