“Cabir 012” ləqəbli avtoşun ölümünə görə həbs edilənə 11 il 6 ay cəza verildi

    36

    "Cabir 012" ləqəbli avtoş öldürməkdə ittiham edilən şəxsin məhkəməsi davam etdirilib.

    Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Ehtiram Şərifov barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

    Hökmə əsasən E.Şərifova 11 il 6 ay cəza təyin edilib. Onun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

    İttihama görə, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib.

    Ötən il noyabr ayının 17-də, günorta saatlarında Ehtiram Şərifov qəsəbə sakini Cabir Babayevi güllələyərək öldürüb. O, polisə gələrək könüllü təslim olub.

    Qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoş"larından olub, "Cabir-012" adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib.

    Belə ki, Cabirin dostu olan bir nəfər Ehtiramın qardaşı Vüqarın üzünə xəsarət yetirib. O da həmin şəxsi güllələmək istəyib və bu zaman atəş təsadüfən Cabirə tuş gəlib.

    İstintaq orqanı tərəfindən Ehtiram Şərifovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Qeyd edək ki, Cabir Babayev sosial şəbəkələrdə və “youtube”də “avtoş” kimi tanınıb. Onun sosial şəbəkələrdə “avtoş”luq etməsi ilə bağlı video çarxları olub.