“Bir neçə gün də ucuzlaşma gözləsən heç ərik yeyə bilməyəcəksən…” – “BAZAR LÖVHƏLƏRİ”

    36

    Meyvə-tərəvəz mövsümü olsa da, bazarlarda qiymətlər hamı üçün əlçatan deyil. Baxmayaraq ki, məhsul bol, çeşid müxtəlifdir.

    Virtualaz.org-un əməkdaşları Bakının “Vosmoy bazarı” kimi tanınan, Nizami rayonu, Naxçıvanski küçəsindəki meyvə-tərəvəz bazarında qiymətlərlə maraqlanıblar. Məlum olub ki, bu həftənin əvvəlindən pomidor və kartofun da qiyməti bir qədər qalxıb. Satıcılar yaxın bir neçə gündə xüsusilə pomidorun, əriyin, tutun, gilasın yenidən bahalaşacağını söyləyiblər.

    Hazırda bazarda ərik 3-8, gilas 3-9, tut 6, şaftalı 4, albalı 3, moruq 3, çiyələk 2 manat 50 qəpik – 3 manat, armud 2 manat 50 qəpik – 3 manatadır. Şəmkir, Qazax və Zirə pomidorunun qiyməti isə son 1 həftədə 20-40 qəpik bahalaşıb.

    Satıcılar deyirlər ki, aprel-may aylarında havaların qeyri-sabit keçməsi, aramsız yağışlar, dolu xüsusilə ərik ağaclarını məhv edib, məhsuldarlıq aşağıdır. Buna görə də, bu mövsümdə əriyin qiyməti 3 manatdan aşağı olmayacaq. Bəzi bölgələrdə isə gilas ağaclarını xəstəlik vurub.

    “Bir neçə gün də gözləsən, ərik heç yeməyəcəksən”

    Satıcılardan biri əriyin qiyməti ilə bağlı sualı “bir neçə gün də gözləsən, heç yeyə bilməyəcəksən” deməklə cavablandırıb. And-aman edib ki, bu gün tezdən Ləiş bağlarından gətirilmiş əriyin kiloqramına 2 manat 80 qəpik ödəyib, 3 manat 50 qəpikdən satır: “Rayonlarda da ərik bahadır, ötən həftə kilosunu 2 manat 60 qəpikdən verdilər. Bu il dolu vurub, meyvə yoxdur. Gələn həftədən qiymət artacaq”.

    Naxçıvandan gətirilmiş əriyin qiyməti 7-8 manatdan aşağı deyil. Gilasın qiyməti isə məhsulun növü, ölçüsü və dadına görə dəyişir. Məsələn, mürəbbə üçün yarayan ağ gilas 2 manat 50 qəpikdən təklif edilir. “Öküz ürəyi” 5-7, “Romanovka” 6, “Napoleon” 7, “ala gilas” 5 manatadır. Bir qədər ucuz gilas yemək istəyən məhsulun qurdlu olub-olmadığına fikir verməməlidir. Albalı isə bir qədər ucuzdur, 3 manata iri, “ətli”, həm də qurdsuz albalı almaq olar.

    Tutun qiymətinə gəldikdə, xar tut 7, ağ tut isə 6 manatdır. Tut mövsümü başa çatdığından cəmi 10 gün əvvəl 1 manat 50 qəpiyə satılan xırda ölçülü tut indi 3 manatdan təklif edilir. Şaftalı isə həm bol, həm də, görünür, ucuz olacaq. Çünki satıcılar bir neçə gündən sonra qiymətlərin aşağı düşəcəyini düşünürlər.

    10-15 günə pomidor ucuzlaşacaq

    Aydın adlı satıcı pomidorun bahalaşmasını mövsümlə əlaqələndirərək deyir ki, istixana mövsümü başa çatıb, tağlardan məhsul yığılıb, bitib. Buna görə də, qiymət bahalaşıb, yaxın bir neçə gündə bahalaşma davam edəcək. Amma 10-15 gündən sonra Xaçmaz pomidoru satışa çıxarılacaq, qiymətlər də enəcək.

    Bazarda daha çox Zirə pomidorunun qiymətində müşahidə edilir, Aydın söyləyir ki, alıcılar əsasən Zirə pomidoruna üstünlük verirlər, təlabat isə qiymətlərə təsir edir. Hazırda Zirə pomidorları 1 manat – 1 manat 20 qəpikdir. “Şəmkir və Qazax pomidorlarının qiyməti çox dəyişməyib, 60 qəpiyə də pomidor var”, – satıcı danışır.

    Digər satıcı isə əlavə edir ki, Rusiya bazarlarında Azərbaycan pomidoruna təlabat var, məhsullar ora daşınır. “Taxıla baxmayın, yaş məhsulları uzun müddət saxlamaq sərfəli deyil. Fermer pomidoru lap 10 gün soyuducuda saxladı, axı qiyməti əvvəlcədən proqnozlaşdırmaq olmur. Bir də gördün Xaçmaz pomidoru gəldi, qiymət 40 qəpiyə düşdü, fermer neyləsin”, – satıcı izah edir. Xiyarın qiyməti isə 40-50 qəpikdir, yaxın bir neçə gündə 3, 4 kiloqramı 1 manatdan təklif ediləcək.

    Ağdam soğanı, Gədəbəy kartofu, Sabirabad qarpızı…

    Ağdam soğanı 80-90 qəpik, Gədəbəy, Tovuz, Şəmkir məhsulu kimi satılan kartof isə 80 qəpik – 1 manatadır. Ötən il 7-8 manatdan satılan sarımsaq isə 1 manat 50 qəpik – 2 manata təklif edilir. Satıcılar deyirlər ki, sarımsaq bol olub, kartof isə rayonlardan az gəlir. “Səhər vaqondan cəmi 5 kisə kartof ala bildim, onun da kilosunu 68 qəpikdən verdilər. 80 qəpiyə satıram ki, yer pulunu çıxarım”, – yaşlı satıcı gileylənir.

    Badımcan, kələm, kökün qiyməti isə aşağı düşüb, ucuzlaşma davam edəcək. Məsələn, tumsuz, “dolmalıq” badımcan 1 manat 50 qəpiyədir, satıcı turşu üçün bir neçə gün gözləməyi məsləhət bilir. Yaxın 5-6 günə badımcanın kiloqramı 30 qəpiyə düşəcək.

    Bazarda qarpız 50 qəpik, yemiş 1 manatdandır. Amma satıcılar alıcı qıtlığından şikayətçidirlər. Deyirlər ki, indi məhəllədə, küçədə maşınla qarpız satanlar çoxalıb, heç kim özünə yük edib bazardan qarpız almaq istəmir. Gün ərzində 5-10 manat qazananda şükür edirlər.

    Bir məqamı da qeyd edək ki, “Diqlas” Ticarət Mərkəzindəki yanğından sonra paltar bazarı meyvə-tərəvəz bazarına qarışıb. Küçədən başlayan alver yaxınlıqdakı beşmərtəbəli binaların həyətinə qədər davam edir. Hətta piyada keçidi üçün yer qalmayıb ki, alıcı əlindəki ağır yüklə yoluna davam edə bilsin. Bazardan kənarda – yol qırağında quraşdırılmış piştaxtalarda, araba üzərində satılan meyvə-tərəvəzin qiyməti isə nisbətən ucuzdur. Satıcılar deyirlər ki, yer haqqı ucuz olduğu üçün aldıqları məhsulun üzərinə çox pul qoymurlar. Amma…əmması odur ki, çoxları pal-paltar, yaxud toz-torpaq içində satılan məhsullara üstünlük vermir. Qiymət ucuz olsa da…