“BESPARDONNIY” HƏYASIZLIQ – II HİSSƏ

    3

    “Hannibal andı” içmişəm, rizə-rizə doğransam da, bu iqtidardan yardım, kömək diləmərəm

    Bu məqaləni çoxdan başlamışdım. Çox ağır ittihamlarım qabaqdadır, hər söz üçün başımla cavabdehəm. Məndən bəzən soruşurlar, ay ağsaqqal, qorxmursan?

    Əvvəla, nifrət olan yerdə qorxuya yer qalmır. İkincisi, özümü haqlı sayıram, ömrümün qürub vaxtında məni çörəksiz, dərmansız qoyan üsul-idarənin qarşısında əyilən deyiləm. Mənə daha o pislik qalmayıb ki, eləməsinlər. “Hürriyyət” vasitəsilə mətbuata, doğru sözə, dövlətçiliyn özünə qənim kəsilən unikumlara müraciət edirəm, redaksiya ilə işiniz olmasın, ürəyinizdən nə bəd əməl keçirsə, onu mənə yönəldin. İstənilən səviyyədə, istənilən yerdə Sizlərə cavab verməyə hazıram.

    (Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/quotbespardonniyquot_hyasizliq)

    Çoxdan sübut olunub ki, mənən cırlaşıb tarixini unudan millət irz-namusunun tapdanması ilə, dədə-baba torpaqlarının itirilməsi ilə də barışır. Dağılmışda səlbə atırsan akademikə, professora, fəlsəfə doktoruna, şairə, siyasətbaza dəyir. Hələ indiyə qədər görmədim ki, bu güruhun içindən bir kişi şıxıb telekanalizasiya sahiblərini boğazlayıb desin, ay namərdlər, bu xalqa nə vermisiniz ala bilmirsiniz. Düyməni basırsan, ekranda ya sırtıq aparıcını, aləmə məşhur “mavini”, elit fahişəni, ya da sifətləri sürtük moçaya dönmüş YAP məddahlarını görürsən.

    Abırlı, zövqləri oxşayan, hamının xoşuna gələn verilişlər var. Heç kim bunu inkar edə bilməz. Amma çirkab nəhrinin qarşısında bu sısqa şırnaqdır…

    Bu və ya digər səbəblərdən iqtisadiyyat tənəzüllə uğrayanda, zavodlar, fabriklər dağılanda, qüvvələri səfərbər edib onları düzəltmək olur.

    Amma vay o gündən ki, millətin mənəvi sərvətlərinə, tarixinə, belə lap mətbəx mədəniyyətinə qəsdən özü də böyük məkrlə zərbələr vurulur.

    Tarix sübut edib ki, bu təxribatın qarşısı vaxtında alınmayanda toplum manqurdlaşır, ülvi, müqəddəs nəsnələr tapdaq altında məhv olur.

    Mən bədbəxt hələ on iki il bundan əvvəl yazmışdım:

    “Rəzalətə, bunamusluğa fikir verin, döyüşlərdə fövqaladə şücaətlər göstərib yerə sərilənlər unudulub, amma elə yeniyetmə qız, oğlan uşağı yoxdur ki, estrada həşəratının yataq macəraları, oynaşları, aşnaları barədə məlumatlı olmasın.

    Oturun televizorun qarşısında tamaşa edin!

    Göbəyini əsdirən həşəratın yanında peyğəmbər nişanəli bayrağımızı cındır kimi yellədən Kamran Həsənli, Faiq Ağayev üzlərindən piy daman toyxana lotuları, Azərbaycan qızları üçün örnəyə döndərilmiş estrada fahişələri, daş əsri səviyyəsində yumor, Speys-in, ATV-nin, “Xəzər”-in, İTV-nin düşük aparıcıları….

    Neçə illərdir ki, Səməd Səmədov adlı subyekt camaatı əməlli başlı barmağına dolayıb. Sovet hakimiyyəti illərində beləsini ən aşağı səviyyəli bədii özfəaliyyət dərnəyinin qapısına da yaxın qoymazdılar.

    Harınlamış ortabab məmurların, dükan sahiblərinin, işləri düz gətirən baqqalların toylarında xaltura ilə o ki var sərvət toplayan Səməd başqa fonoqram lotuları üçün örnək oldu. “Necə yəni, o qazana bilər, bəs bizə nə gəlib?” deyərək bütöv bir tüfeyli sürüsü musiqi məbədlərimizin içinə soxuldu…

    Çox keçmədi ki, vəzifəli, lampaslı şalvar geymiş yırtıcıların, məmləkəti talan edən “yeni azərbaycanlıların” məşuqələri, “mama Roza”ların məktəbini keçmiş yarımlüt həşərat, uşaqbazların könüllərini oxşayan “mavilər” telekanal, salon yiyələrinə cib xərcliyi verərək efirə, səhnələrə daraşdılar.

    Bir əxlaqsız mütrüf, fahişə qalmadı ki, klip çəkdirib özünü telekanallarda reklam etdirməsin. Qardaşı xristianlığı qəbul etmiş Fatma Abdullazadə və onun kimi pulgir “ideoloqların” təqdimatı ilə bir dəstə “sənətçiyə” fəxri adlar verildi.

    Bu açıqdan-açığa millətin üzünə, milli mədəniyyətimizə tüpürmək idi. Özlərini ziyalı, millətin əshabi-girani sayan güruhun içindən bir kişi çıxıb etiraz səsini ucaltmadı. Hamı qorxdu!

    Vaxtilə millətin iftixarı sayılan şəxslərin qürur hissi ilə gəzdirdikləri titullar, fəxri adlar qəsdən mədəniyyətimizin qəbir qazanlarına verildi.

    Əfsanəvi ifaçılara çox görülən ad Ədalətlərə, Elzalara, Faiqlərə veriləndə elə bildim atamə söydülər. Pulgir haramzadalar Prezidentin özünü aldadaraq ona belə sərəncamı imzalatdıra biliblər.

    Bütün varlığımla əminəm ki, araqarışıqlıqda bu sənədi Prezidentə sırıyanlar çox yaxşı bilirdilər ki, bununla iqtidarın nüfuzuna böyük zərbə dəyəcək( “Yeni xəbər” qəzeti 8 iyul 2006-cı il “Prezidenti həyasızcasına aldadıblar”).

    İkinci ricət

    Paradoksal vəziyyət yaranıb, adam nə oxuduğuna, bnə də gördüyünə inanır. Bir tərəfdə ziqiymət muğamımız əsl fəlakətdən xilas edilir, hər müsabiqə bütün Şərqə səs salır, el sənətkarlarına, muğam ifaçılığında illər boyu zəhmət çəkmiş sənətçilərə əməlli təqaüd verilir, onlar üçün hər cürə şərait yaradılır, bir tərəfdə isə “nümunəvi əxlaqı” ilə şöhrət qazanmış ziyanəvərlər hörmət, var-dövlət sahibi olurlar. Onları toylarına, ziyafətlərinə çağırıb ciblərini pulla dolduranlar kimlərdir? Hakimiyyətin yuxarı eşalonunda yağlı vəzifələrdə oturmuş məmurlar, düymə basan arsız deputatlar və qısa müddətdə formalaşmış nuvoriş zümrəsi. Azərbaycan estradasına rus qaraçılarının boğazını, ən zəhlətökən ifa tərzini gətirmiş Faiq Ağayevə bir çıxışına görə on min manat verən əbləhin qapısına gedib bir simsarsız ailə üçün on-on beş manat istəsən heç üzünə baxmayacaq.

    …İndi durub beş-altı kəlmə deyəcəyəm, yenə də məhşər bərpa olacaq, sən cürət edib üzərinə “tabu” möhürü vurulmuş mətləblərə əl qatmısan, al cəzanı! Onsuz da bir cəza almışam, yuxarıda ərz etdim ki, günahım olmaya-olmaya qocalıq təqaüdümdən ayda yüz manat kəsib saray məddahı Elmira Axundovaya göndərirlər. Elə bu günlərdə eşidirəm ki, ona hətta “xalq yazıçısı” fəxri adını da veriblər. Təəcüblənmədim, bir torpaqda ki, Aygün Kazımova “xalq artisti” adını alırsa, Elmira Axundova niyə şanlı addan mərhum olsun? Kişinin qızı neçə cild “Şərəfnamə”, “Zəfərnamə” yazıb.

    Bu yazıdan sonra bir bəhanə tapıb mənim yerdə qalan son 90 manat təqaüd pulumu əlimdən alacaqlar. 90-nı xırdalayan, ürək xəstəsi, güc-bəla ilə yeriyən mənim kimi bimarı həbsxanaya atıb elə oradaca canını almaq bu üsul-idarə üçün su içmək kimi bir şeydir. Qorxmuram, cəhənnəmimi düşmən münasibət bəslədiyim Sovet hakimiyyəti dövründə yox, müstəqillik dövründə gördüm. Milli himn səslənəndə ağızlarını tərpətməyi də özlərinə ar bilən, cəzasızlıq mühitində xalqın milyonlarını həzm-rabedən keçirib, sonra da həyasızcasına vətəndən, dövlətçilikdən dəm vuran, fahişələrini yağ-bal içində saxlayan vampirlərlə bir torpaqda yaşamaqdansa, ölüm yaxşıdır.

    Dünya bilir ki, Çində korrupsionerlər, rüşvətxorlar hamının gözü qabağında stadionlarda güllələnirlər, özü də bu aksiya bütün telekanallarla göstərilir. Bizdə isə ölkəni tarac edən alçaq əvvəlcə sərvətini, sonra da əziz-giramlarını xaricə ötürür. Əksəriyyət isə ümumiyyətlə heç yerindən də tərpənmir, tələb olunan məbləği lazımi ünvana çatdırır və sonra da rahatca başlayır həyatdan kam almağa.

    Bir qərinə ərzində Bakının yeraltı aləmini özü və qohum əqrəbası üçün “Kubinka” ya döndərib astronomik gəlir əldə edən Tağı Əhmədovu hər gün konsert salonlarında, eyş-işrət yerlərində görmək olar. Kişi hərdən vəcdə gəlib şeir zad da oxuyur. Bir milyonluq kabab yeyən vələdüzina hansısa ölkədə oturub bizlərə üç barmağın kombinasiyasını göstərir, yəni, ölün canınız çıxsın…

    (Ardı var)

    Firuz Haşımov