“BÜDCƏ ŞƏFFAFLIĞI AŞAĞI DÜŞÜB, SON VAXTLAR GETDİKCƏ PİSLƏŞİB”

    3

    Qubad İbadoğlu: “Biz əlavə vəsaitin necə xərclənməsi üzərində düşünməliyik”

    Nazim Bəydəmirli: “O vəsaitlərin əhəmiyyətli bir hissəsi mənimsənilir”

    Neftin qiymətinin bahalaşması ilə əlaqədar olaraq dövlət büdcəsində "qara qızıl"ın qiymətinə yenidən baxılacağı gözlənilir. Göründüyü kimi, 2018-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 45 dollardan götürülməsi neftin qiymətinə yenidən düzəliş edilməsi zərurətini yaradıb. Maraqlıdır ki, neftin qiymətinə yenidən baxılması zərurətdən irəli gəlir, yoxsa bu, hansısa başqa səbəblə bağlıdır. Bildiyiniz kimi, dövlət büdcəsinin illik gəlirləri və xərcləri ilin əvvəlindən müəyyən olunub. Dövlət büdcəsinin xərcləri ilin əvvəlindən müəyyən olunmasına rəğmən, istisna xəclər də ola bilər ki, bunu da dövlət büdcəsinin 4 aylıq yekunlarına görə yaranmış profisit qarşılaya bilər. Amma ilin ortasına yaxın bir müddətdə neftin büdcədə qiymətinə düzəliş edilməsi həm də israfçılığa, korrupsiyaya yol açan bir addımdır.

    “Tikinti üçün vəsait ayrılacaqsa, büdcə dəyişikliklərindən daha çox korrupsionerlər faydalana biləcək”

    Neftin dövlət büdcəsində qiymətinə yenidən baxılması ilə bağlı İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı alim Qubad İbadoğlu Hurriyyet.org-a bildirdi ki, neftin qiymətinə yenidən baxılmasına ehtiyac var: “Çünki qiymət səviyyəsi faktiki qiymətlə müqayisədə çox aşağı müəyyənləşdirilib. Bilirsiniz ki, neftin dünya bazar qiyməti 80 dollara yaxınlaşıb. Amma orta qiymət dövlət büdcəsində 45 dollar götürülmüşdü. Təbii ki, neft 80 dollara qalxıbsa, orta qiymət 80 dollar demək deyil. Orta qiymət proqnozla müqayisədə 50 faizə yaxın artıb. Yəni neftin qiymətinin bahalaşması bir tərəfdən Dövlət Neft Şirkətinin dövlət büdcəsinə ödənişlərinin artırılmasına gətirib çıxara bilər, bir tərəfdən isə Hasilatın Pay Bölgüsü sazişi üzrə fəaliyyət göstərən şirkətlərin mənfəət vergisini, ödəmələrin həcmini artırır. Başqa bir mənbə isə neftin qiymətinin artımı ilə bağlı yaranmış ödəmələrdir. Yəni bütünlükdə neftin qiymətinin bahalaşması bir əsas yaradır. Amma hesab etmirəm ki, bu, ən vacib əsasdır. Çünki Azərbaycanın dövlət büdcəsinin icrasının 4 aylıq yekunları da göstərir ki, büdcədə 650 milyon manatdan çox profisit yaranıb və bu profisitin yaranmasının davam edəcəyi halda təbii ki, onun xərclənməsi istiqamətində büdcəyə yenidən baxılması məqsədəmüvafiq sayıla bilər. Bu baxımdan, hər iki amili, həm neftin qiymətini, həm də büdcənin 4 aylıq icra vəziyyətinin nəticələrini əsas götürüb, 2018-ci ilin dövlət büdcəsinə yenidən baxmaq mümkündür. Amma burada əsas məsələ mədaxil tərəfdən baş verən dəyişikliklərdir. Təbii ki, biz büdcəni 10 faiz artırsaq, təxminən 2 milyard manat əlavə vəsaitin xərclənməsi üzərində də fikirləşməliyik. Ən başlıca məsələlərdən bir məhz büdcə dəyişikliklərindən sonra vəsaitlərin necə bölüşdürülməsidir və sahələrə yönəldilməsidir. Əgər yenə də bu büdcə artımından investisiya məqsədilə tikinti üçün vəsait ayrılacaqsa, onda büdcə dəyişikliklərindən daha çox korrupsionerlər faydalana biləcək. Çünki bu sektor potensial olaraq korrupsiya üçün münbit şəraiti olan sektordur”.

    “İnvestisiya büdcəsinə vəsait ayrılması və onun qapalı olaraq xərclənməsi narahatçılıq doğurur”

    “Dövlət büdcəsinin gəlirləri və xərcləri əvvəlcədən müəyyən olduğu halda, büdcədə neftin qiymətinin artırılması israfçlığa yol açmırmı?” sualına isə Q.İbadoğlu belə cavab verdi: “Hər halda, mən dediklərim də o qənaətə gəlməyə əsas verir. Çünki neftin qiymətindəki dəyişiklikləri əsas götürüb büdcənin mədaxilini və məxaricini artımaqla yanaşı, biz əlavə vəsaitin necə xərclənməsi üzərində düşünməliyik. Nəzərə alsaq ki, büdcə şəffaflığı aşağı düşüb, son vaxtlar getdikcə pisləşib. Bunu beynəlxqaq büdcə layihəsinin Açıq Büdcə İndeksi də təsdiq edir. Çünki sorğunun nəticlərinə görə Azərbaycanıın bu indeksdə vəziyyəti xeyli pisləşmişdi və Azərbaycan birdən-birə xeyli geriləmişdi. Hesab edirəm ki, bunun başlıca səbəblərdən biri odur ki, o prosesə ictimai nəzarət mexanizmi tətbiq olunmur. Ona görə də düşünürəm ki, büdcə şəffaflığının azaldığı bir şəraitdə investisiya büdcəsinə vəsait ayrılması və onun qapalı olaraq xərclənməsi narahatçılıq doğurur”.

    “Neft Fondundan xərclənən layihələr barəsində məlumatlar da çox azdır”

    “Artan neft gəlirlərinin Neft Fondunda qalması məqbul deyilmi?” sualına gəlincə, ekspert qeyd etdi ki, söhbət vəsaitin harada qalmasından getmir: “Yenə deyirəm ki, 2017-ci ildə Açıq Büdcə İndeksinə görə Azərbyacanın reytinqi xeyli pisləşib. Əgər 100 ballıq sistemdə 51 idisə, ötən il Azərbyacan 100 mümkün baldan 37 bal toplayıb. Yəni təxminən Azərbaycanın səviyyəsi 2006/08-ci il səviyyəsinə düşüb. Bu baxımdan, ölkədə şəffaflıq azalırsa, vəsaitn harada saxlanılması əhəmiyyət daşımır. Əslində, o pulu tibbi sığorta üçün xərcələsək, sosial məqsədlər üçün istifadə etsək, məsələn, xaricdə təhsil üzrə dövlət proqramının tətbiqinə yönəltsək, bu, daha ünvanlı və təsirli ola bilər. Amma indiki halda inanmıram ki, o istiqamətlərə vəsait ayrılsın. O vəsaiti Neft Fondunda saxlamaqla yenə də xərcləyəcəyik. Amma Neft Fondundan xərclənən layihələr barəsində məlumatlar da çox azdır”.

    “Ayrılmış vəsaitləri xərcləyib qurtarmaq üçün kağız üzərində tenderlər keçirilir”

    Keçmiş deputat Nazim Bəydəmirli isə dedi ki, büdcədə neftin qiymətini artırılmasının müsbət tərəfi ondan ibarətdir ki, büdcə xərclərini tam bağlamaq olacaq, kəsir problemi olmayacaq: “Hökumətin əlavə islahat aparmasına ehtiyac qalmayacaq. Mənfi tərəfi də ondan ibarətdir ki, büdcə gəlirləri dəqiqləşəndən sonra, ilin əvvəlində nəzərdə tutulmayan layihələrə ayrılan vəsait 3-cü, 4-cü kvartala düşür. Bu səbəbdən ilin sonuna doğru tez-tələsik ayrılmış vəsaitləri xərcləyib qurtarmaq üçün kağız üzərində tenderlər keçirib, o vəsaitlərin əhəmiyyətli bir hissəsi mənimsənilir, korrupsiya artır”.

    Şamo EMİN, Hurriyyet.org