“Baş verən son olaylar Paşinyanın əleyhinədir” – SİYASİ ŞƏRHÇİ

    30

    Firuzə Hüseyn: "Onun Koçaryanın həbsdə saxlanılmasına göstəriş verməsinə səbəb "Qarabağ klanı"nın onu devirə bilmə qorxusudur"

    "Mart ayında məhkəmə prosesi davam edən və apreldə azadlığa buraxılan Ermənistanın eks-prezidenti Robert Koçaryan yenidən həbs olundu. Koçaryanın həbs olunmasına səbəb kimi 2008-ci il mitinqi zamanı bir çox insanın ölümündə təqsirli olması götürülüb". Hurriyyet.org-un məlumatına görə, bu fikirlər siyasi şərhçi Firuzə Hüseynə məxsusdur.

    Onun fikrincə, baş nazir Nikol Paşinyanın Koçaryanın həbsdə saxlanılmasına göstəriş verməsinə səbəb "Qarabağ klanı"nın onu devirə bilmə qorxusudur: "Koçaryan xüsusilə də Rusiyanın Ermənistandakı sağ əli olduğu üçün bu, Paşinyanın planlarını alt üst edirdi. Bildiyiniz kimi, Paşinyan Qərbyönümlü siyasət yürütdüyü üçün ənənəvi Ermənistan-Rusiya münasibətlərində soyuqluq yaranmışdı. Üstəgəl, Koçaryanın axırıncı çıxışları zamanı Paşinyana meydan oxuyaraq nitqlər söyləməsi Paşinyanı bir az da qorxuya saldı".

    Siyasi şərhçinin sözlərinə görə, Paşinyanın Koçaryanı həbsdə saxlamaqdan başqa yolu yoxdur: "Çünki Koçaryan azadlığa çıxarsa Paşinyanla yerləri dəyişəcək. Yəni Robert əvəzini Paşinyandan çıxacaq. Buna görə də baş nazir Koçaryanın imkanlarını maksimum azaltmaq istəyir. Qeyd edim ki, Koçaryan çıxışları zamanı Paşinyanın Qarabağa ağır yük kimi baxmasından söz edərək onu bir növ bacarıqsızlıqda, zəifliklə ittiham edib. Bundan əlavə, Koçaryan Paşinyanı qondarma DQR-in işlərinə qarışmaqda ittiham edib. O, bildirib ki, nə özü, nə də Sarkisyan Qarabağın işlərinə qarışıb. Koçaryanın iddiasına görə, Paşinyan qondarma DQR-ə təsir göstərməklə Ermənistanın danışıqlar zamanı mövqeyini zəiflədir. O, bir tərəfdən istəyir ki, anti-hakimiyyət çıxışları ilə Paşinyanın reytinqini endirsin və öz köhnə titulunu qazanaraq güc sahibi olsun. Bir tərəfdən də Koçaryan özü də qorxur ki, Paşinyan Qərbə meyl etməklə, Qərb Cənubi Qafqaza ayaq açacaq və bu da Rusiya ilə tamamən vidalaşmalı olacaq. Koçaryan bunlardan sonra Kremlin Qarabağ məsələsində neytral qalmasından da ehtiyat edir".

    Firuzə Hüseynin bildirdiyinə görə, bu da o deməkdir ki, Ermənistan Qarabağı işğalda saxlamaqda Rusiyaya arxalanır: "Ona görə də Rusiya-Ermənistan münasibətləri onun üçün bu qədər önəmlidir. Paşinyan isə Koçaryanı həbsdə saxlamaqla baş verəcəkləri sadəcə ləngidə bilər. Çünki baş verən son olaylar hamısı onun əleyhinədir".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org