“Azərbaycanda HDP-yə səs verənlərin yarısı Fətullah Gülənçidir” – SƏRDAR CƏLALOĞLU

    3

    "Hazırda deputatlar arasında, eləcə də Prezident Administrasiyasında Gülənçilər var"

    "Seçkilərin nəticəsi onu göstərir ki, Azərbaycan FETÖ-çülərin və PKK kürdlərinin azad şəkildə fəaliyyət göstərdikləri ərazilərdən biridir"

    "Azərbaycan hökuməti bunu araşdırmalı, türk siyasətində daha radikal dəyişikliklər etməlidir. Bunun üçün isə mütləq türk konfederasiyası yaradılmalıdır"

    Ötən sayımızda qeyd etdiyimiz kimi, terror təşkilatı PKK-nın siyasi qanadı olan HDP parlament seçkilərində Türkiyədə 11,7 faiz səslə 3-cü yerdə qərarlaşsa da, Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının 25,8 faiz səsini qazanaraq burada 2-ci olub. Söz yox ki, bu, həm qardaş ölkə Türkiyə, həm də Azərbaycan üçün olduqca təhlükəli məqamlardan xəbər verir. Yəni bu o deməkdir ki, hazırda ölkəmizdə Türkiyənin parçalanmasını arzulayan, qardaş ölkənin ərazisinin böyük bir hissəsinə iddialı olan, PKK terror təşkilatını dəstəkləyən insanların sayı heç də az deyil.

    Bu arada, deyilənlərə görə, bu gün Azərbaycanda məskunlaşan Türkiyə vətəndaşı olan kürdlər Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən müxtəlif müəssisələrdə, "Azərsun" kimi tanınmış holdinqlərdə və digər şirkətlərdə çalışır. Təbii ki, bu, onların seçkilərdə iştirak edərək HDP-yə səs verdiklərini deməyə əsas vermir. Əslində, əlimizdə bununla bağlı hər hansı məlumat da yoxdur. Sadəcə, demək istədiyimiz odur ki, hazırda Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının arasında mənşəcə kürdlər heç də az deyil və onlar yetərincə pristijli sahələrdə çalışırlar. Bəli, o da mümkündür ki, ölkəmizdəki Türkiyə vətəndaşı olan kürdlərlə yanaşı, milliyyətcə türk olanlar belə, HDP-yə səs versin. Odur ki, mövzu ilə bağlı fikrini öyrənmək məqsədiylə prezidentliyə keçmiş namizəd, ADP sədri Sərdar Cəlaloğluna müraciət etdik.

    ADP sədri hesab edir ki, onun türk konfederasiyası ideyasına qarşı Azərbaycanda başladılan kampaniya bir daha onu sübut etdi ki, bu gün ölkəmizdə türk düşmənləri, iki qardaş ölkənin bir-birinə daha da yaxınlaşmasını arzulamayan, bunun qəti şəkildə əleyhinə olan qüvvələr mövcuddur: "Həmin qüvvələr həmçinin, Azərbaycan türkünün özünü tanımasının, özünə qayıtmasının da əleyhinədir. Konkret seçki ilə bağlı məqama gəlincə, əslində Azərbaycanda HDP-yə səs verənlərin yarısı Fətullah Gülənçidir. Bunu hamı bilir ki, Gülənin ən güclü elektoratlarından biri Azərbaycandadır. Belə ki, hazırda deputatlar arasında, eləcə də Prezident Administrasiyasında Gülənçilər var. Bildiyiniz kimi, Türkiyədən gələn istənilən iş adamı burda iş görə bilmir. Yəni onlar hökumətdə olan bəzi adamlarla təmas qurmaqla, onların dəstəyi ilə iş görür. Beləliklə, Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının 28,5 faizinin HDP-yə səs verməsi burada yaşayan, çalışan kürd mənşəli türkiyəli iş adamlarının və bir də FETÖ-çülərin hesabına baş tutub. Azərbaycanda FETÖ-çülər tamamilə təmizlənməyib. Biz dəfələrlə demişik ki, həm parlamentdə, həm də Prezident Administrasiyasında FETÖ-çülər var. Və onlar Türkiyə vətəndaşı olan FETÖ-çüləri dəstəkləyir, burda onlara iş qurmağa, müxtəlif yerlərdə təmsil olunmalarına şərait yaradırlar. O cümlədən Türkiyə mənşəli kürdlərə də Azərbaycanda çox gözəl şərait yaradıblar".

    Sərdar Cəlaloğlunun fikrincə, sözügedən seçkilərin nəticəsi onu göstərir ki, Azərbaycan FETÖ-çülərin və PKK kürdlərinin azad şəkildə fəaliyyət göstərdikləri ərazilərdən biridir: "Bu həm də ölkəmizdə anti-türk qüvvələrin mövcudluğundan xəbər verir. Digər tərəfdən, Rusiyameyilli qüvvələr də bu məsələdə aktiv rol oynayıb. Belə ki, o adamlar ki, Azərbaycanda HDP-yə səs verib, onların ölkəmizə gəlişi, burda yerləşməsi, iş görməsinin arxasında həm də Rusiyapərəst qüvvələr dayanır. Bildiyiniz kimi, PKK Rusiya tərəfindən yaradılan və Türkiyə əleyhinə istifadə olunan bir təşkilatdır. Və bu gün də Rusiya açıq şəkildə PKK-ya dəstək verir. Yəni PKK-ya ya Moskva, ya da Bakıdakı Rusiyameyilli qüvvələr dəstək verir. Türk konfederasiyası məsələsində mənim əleyhimə çıxan Rusiyapərəst qüvvələr açıq şəkildə göstərdilər ki, onlar Azərbaycanda Türkiyənin əleyhinə, Rusiyanın lehinə olan hər şeyi dəstəkləyirlər".

    Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının 28,5 faizinin terror təşkilatı PKK-nın siyasi qanadı olan HDP-yə səs verməsinin utancverici nəticə olduğunu deyən ADP sədri bildirdi ki, bu, ölkəmizdə açıq şəkildə türkpərəst siyasətin aparılmaması, Türkiyə ilə qardaşlıq əlaqələrinin yüksək səviyyədə qurulmaması ilə bağlıdır: "Ərdoğan başda olmaqla AKP hakimiyyətinin ölkəmizin maraqlarını müdafiə etdiyi, Qarabağ məsələsində bizimlə bir yerdə olduğunu bəyan etdiyi bir vaxtda Türkiyənin düşməni, onu parçalamağa çalışan qüvvələrə Azərbaycanda belə bir dəstəyin olması çox utancverici, qardaşlıq əlaqələrinə uyğun olmayan hərəkətdir. Bu həm də onu göstərir ki, Türkiyədə sıxışdırılan PKK-çı və FETÖ-çülərin məskunlaşdığı münbit ərazilərdən biri də Azərbaycandır. Bu da ölkəmizdə açıq şəkildə türkpərəst siyasətin aparılmaması, Türkiyə ilə qardaşlıq əlaqələrinin yüksək səviyyədə qurulmaması ilə bağlıdır. Əgər cəmiyyətdə hamı mən dediyim kimi, türk konfederasiyasının mahiyyətini dərk edib onu qəbul etsəydi, Azərbaycan türkləri özlərini türk kimi dərk etsəydi, Azərbaycan türkləri həqiqətən də dostla düşməni bir-birindən ayırd etməyi bacarsaydı, ölkəmizdə Rusiyameyilli qüvvələr zəif olsaydı, o zaman Azərbaycanda HDP-yə bu qədər səs verilməzdi. Bu onu göstərir ki, həm Türkiyə, həm də Azərbaycan üçün ölkəmizdəki mövcud vəziyyət, hakimiyyətdəki Rusiyapərəst qüvvələr real təhlükə mənbəyidir".

    Sərdar Cəlaloğlunun sözlərinə görə, Azərbaycanda HDP-yə səs verənləri ölkəmizdə məskunlaşdıran, onlara münbit şərait yaradan Azərbaycanın hakimiyyət dairəsində təmsil olunan müəyyən qüvvələrdir: "Onlar ya mənşəcə kürddür, ya FETÖ-nün Azərbaycan hakimiyyətində yerləşdirdiyi adamlardır, ya da Rusiyanın burdakı təmsilçiləridir. Təbii ki, Türkiyə Azərbaycanda kimi FETÖ-çü, kimin PKK-çı, Azərbaycan hakimiyyətində kimlərin anti-türk, Türkiyəyə düşmən olduğunu çox yaxşı bilir. Mən ən yüksək səviyyədə Türkiyə rəhbərləri ilə görüşmüşəm. Onların nazirləri, səfirlərlə, eyni zamanda vaxtilə Rəcəb Tayyib Ərdoğanla da görüşmüşəm. Onların Azərbaycandakı real vəziyyətlə bağlı çox obyektiv məlumatları var. Lakin onlar Azərbaycan dövlətinə və Azərbaycan türklərinə olan qardaşlıq əlaqələrinə görə özlərini görməməzliyə qoyurlar. Yəni Türkiyə-Azərbaycan strateji əlaqələri, Azərbaycan türklərinə olan məhəbbət baxımından Türkiyə buradakı neqativ hallara münasibət bildirməyəcək. Baxın, indi burda bir sıra suallar ortaya çıxır. Məsələn, Türkiyəni parçalamağa çalışan, Azərbaycana düşmən olan kürdləri Azərbaycana kim yerləşdirib? FETÖ-çülər indiyədək niyə ifşa olunmayıb və nədən hələ də Azərbaycanda fəaliyyətlərini davam etdirirlər? Düşünürəm ki, Türkiyəni parçalamağa çalışan, qardaş ölkənin düşməni olan qüvvələrin – 28,5 faiz HDP-çinin Azərbaycanda necə müstəqil fəaliyyət göstərməsi ilə bağlı sual Türkiyə tərəfindən qeyri-rəsmi şəkildə Azərbaycan iqtidarının qarşısında qoyula bilər. Özü də bu adamlar ya otel, ya da restoran işlədir. Yəni hamısı yetərincə imkanlıdır. Bu gün Azərbaycanda demək olar ki, sıravi Türkiyə vətəndaşı yoxdur. Buradan da belə görünür ki, Azərbaycana gələn Türkiyə vətəndaşı olan iş adamlarının böyük əksəriyyəti – 28,5 faizi FETÖ-çü və PKK-çıdır. Azərbaycanda isə bir iş görmək üçün hakimiyyətlə əlaqədə olmalısan. Bunu onu göstərir ki, elə Azərbaycan iqtidarında da dolayısı yolla HDP-nin siyasətini dəstəkləyən qüvvələr var. Onlar isə məhz Rusiyameyilli qüvvələrdir. Çünki Rusiya da Türkiyənin parçalanmasını istəyir, HDP də bunun arzusundadır. Bəlkə də Arif Rəhimzadə, Ağacan Abıyev, Tahir Kərimli, Araz Əlizadə kimi insanlarla HDP-çilərin Türkiyəyə münasibətində heç bir fərq yoxdur. Artıq bəzi şeyləri açıq şəkildə deməliyik. Uzun illərdir Azərbaycanda Türkiyənin əleyhinə çox ciddi fəaliyyət göstərən qüvvələr var. Yəni Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edən qüvvələrin uzun illərdir hakimiyyətdə qalması ölkəmizdə anti-türk bir altyapı formalaşdırıb. Bu çox ciddi məsələdir. Ona görə də Azərbaycan hökuməti bunu araşdırmalı, türk siyasətində daha radikal dəyişikliklər etməlidir. Bunun üçün isə mütləq türk konfederasiyası yaradılmalıdır. Əgər türk konfederasiyası yaransaydı, o zaman Azərbaycanda Türkiyənin əleyhinə 1 faiz belə, səs verən adam ola bilməzdi. Məhz bu səbəbdən də bəzi adamlar türk konfederasiyasının əleyhinədir".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org