“AŞPA Azərbaycanla bağlı çox yumşaq qərar qəbul edib” – NATİQ CƏFƏRLİ

    6

    Natiq Cəfərli: "Azərbaycan hökuməti daxilindəki Rusiyameylli qüvvələr Qərblə münasibətlərin daha da kəskinləşməsində maraqlıdır"

    Elxan Şahinoğlu: "Səməd Seyidov yuxarıların qərarını gözləmədən vəzifəsindən istefa verməlidir"

    "İnsan hüquqlarını pozan, qeyri-qanuni həbslər həyata keçirən, rüşvət və korrupsiya əməllərində adı hallananlara qarşı fərdi sanksiyalar qəbul olunmalıdır"

    "Bu, ən azından Azərbaycanda məmurların fəaliyyətlərində normallaşmaya səbəb ola biləcək arqumentlərdən birinə çevrilə bilər"

    Bildiyiniz kimi, mayın 16-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞPA üzvlərinə qarşı sanksiyalar tətbiq edib. Onların arasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da var. Belə ki, AŞPA-nın qərarına əsasən qurumun keçmiş sədri və Azərbaycan üzrə sabiq həmməruzəçi Pedro Aqramunt (İspaniya) 10 il, Səməd Seyidov, Cezar Florin Preda (Rumıniya) və Jordi Xucla (İspaniya) isə 2 il müddətinə bəzi hüquqlarından məhrum edilib. Yəni bu müddətdə adıçəkilən deputatlar məruzəçi təyin edilməkdən, seçki müşahidə missiyalarında iştirak etməkdən, hər hansı bir komitədə sədr müavini və ya müavin vəzifəsini tutmaqdan, o cümlədən assambleyanın prezidentliyinə namizəd olmaqdan məhrum ediliblər.

    Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının məlum qərarından dərhal sonra məsələ ilə bağlı mətbuat konfransı keçirən Səməd Seyidov AŞPA-nın qəbul etdiyi qərarı Azərbaycana qarşı növbəti ikili standartlarla dolu yanaşma kimi dəyərləndirib. O bildirib ki, Avropa Şurasının rəhbərliyinə yazdığı məktubda Azərbaycana qarşı belə bir davranışın heç bir əsası olmadığını və bunun ölkəmizin əleyhinə olan qüvvələrin dəyirmanına su tökmək olduğunu vurğulayıb. Azərbaycan nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, bu davranışın kökü ondan irəli gəlir ki, bir neçə müddət əvvəl AŞPA-da xüsusi istintaq qrupu yaradılıb: "Biz bu istintaq qrupunun yaradılması ilə bağlı öz fikrimizi ortaya qoymuşduq ki, AŞ PA-nın ali prinsiplərindən biri qanunun aliliyidir, məhkəmə olmadan, hüquqi prosedur olmadan kimisə ittiham etmək qəti qadağandır. Məhz buna görə də bizə qarşı belə münasibət yarandı. Bizim fikrimiz özünü doğrultdu, həmin qrupun hesabatının böyük əksəriyyəti Azərbaycana qarşı yönəldi. Azərbaycanla bağlı qəbul olunmuş sənədlərin əksəriyyəti mənfi xarakterlidir, ancaq Ermənistanla bağlı sənədlər müsbətdir. Necə olur ki, Ermənistanda bu qədər hadisələr baş verir, mövcud rejim xalq tərəfindən tarixin zibilliyinə atılır, ancaq Ermənistanla bağlı müsbət rəy var? Britaniyalı deputat bildirmişdi ki, bu məruzəyə Azərbaycanın adını salmaq düzgün deyil, ona görə ki, başqa ölkələrdəki prosesi araşdırmırsınıza, Azərbaycanın adını bura salmaq qeyri-obyektivdir. Bununla belə, həmin deputatın təklifi qəbul olunmadı. AŞPA-da Azərbaycana qarşı fəaliyyətdə olan bir neçə qrup, o cümlədən Ermənistan lobbisi Azərbaycana əleyhinə belə addımlar atırlar".

    Bu arada, AŞPA tərəfindən Azərbaycan nümayəndə heyətinin rəhbərinə qarşı sanksiyalar tətbiq edilməsinin siyasi təzyiq vasitəsi olduğunu hesab edən deputat Fazil Mustafanın fikrincə, Səməd Seyidovun adının korrupsiyada hallandırılmasının heç bir əsası yoxdur: "Bu, o qədər ədalətsiz, o qədər haqsız qərardır ki… Açıq-aşkar Səməd Seyidovla əlaqəsi olmayan məsələdir. Çünki Səməd Seyidovun adının korrupsiyada hallandırılmasının heç bir əsası yoxdur. Faktoloji heç bir məsələ ortaya qoyula bilmir. Bu, sadəcə Azərbaycanın adına, Azərbaycan nümayəndə heyətinə təzyiq göstərmək üçün seçilən üslubdur ki, gələcəkdə Azərbaycanın mövqeyi orada zəifləsin. Ona görə də bunu qurum tərəfindən edilən biabırçı, bədnam hərəkət kimi qiymətləndirə bilərik. Siyasiləşmiş qərarlardan biridir. Avropa Şurası öz mahiyyətini ortaya qoyur və müəyyən qüvvələrin əlində alət olduğunu göstərir".

    “ABŞ-ın İsrailə dəstəyi daha çox simvolik xaraket daşıyır” - POLİTOLOQ

    "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, baş verən hadisədən sonra Səməd Seyidov yuxarıların qərarını gözləmədən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən istefa verməlidir: "Səməd Seyidov mətbuat konfransında deyib ki, AŞPA-nın ona qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək. Halbuki, o Strasburqda son çıxışında demişdi ki, bu qurum ona lazım deyil, mən də elə həmin gün status paylaşdım ki, sizə lazım olmaya bilər, ancaq bu qurumda üzvlük Azərbaycana lazımdır. Çünki meydanı Ermənistana boş buraxa bilmərik. Ona görə də Səməd Seyidovun "Azərbaycan AŞPA-nın strukturları ilə əməkdaşlığı davam etdirəcək" sözlərini təqdir edirəm. O Strasburqdakı açıqlamasını korrektə etdi. Görünür, hakimiyyətin yuxarı pilləsində onu başa salıblar ki, sən Azərbaycan deyilsən, dövlətin adından danışma! İndi isə Səməd Seyidov bir başqa addım atmalıdır, yuxarıların qərarını gözləmədən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən istefa verməlidir. Əslində bunu elə mətbuat konfransında elan etsəydi yaxşı olardı. Azərbaycan AŞPA-da Ermənistanla döyüşür, sanksiya altında olan Səməd Seyidov bu mübarizədə bizə zərər verə bilər".

    “İran balans yaratmağa çalışır” - NATİQ CƏFƏRLİ

    Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz politoloq Natiq Cəfərli hesab edir ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycanla münasibətlərin tam korlanmaması üçün çox yumşaq qərar qəbul edib: "Əslində artıq bir neçə il idi ki, Avropa və dünya mətbuatında Azərbaycanın deputatlarının Avropa Şurasındakı fəaliyyəti, o cümlədən İspaniya və İtaliya kimi ölkələrin deputatlarının bu fəaliyyətdə onlara kömək etməsi, oradakı lobbiçilik işinin qeyri-leqal formada həyata keçirilməsi, müəyyən insanların ələ alınması haqda onlarla məqalələr çap olunub. Nüfuzlu media qurumları bu mövzu ilə bağlı araşdırma aparırdı. Bu səbəbdən də Avropa Şurası Parlament Assambleyası bütün bunlara səssiz qala bilməzdi. Azərbaycanda Avropadakı mexanizmlərin necə işləməsi haqda o qədər də yaxşı təsəvvür yoxdur. Orda medianın yaratdığı ictimai rəy çox önəmlidir və buna görə də siyasətçilərın, Avropa Şurası Parlament Assambleyası kimi qurumların media çıxışlarına reaksiya verməməsi mümkün deyil. Azərbaycanda isə bunu başqa cür anlayır, sanki qərəz kimi başa düşürlər. Lakin fakt odur ki, Azərbaycandan fərqli olaraq Avropa məkanında medianın gücü həddindən artıq yüksəkdir və kütləvi informasiya vasitələrində gedən məlumatlara reaksiya verməmək mümkünsüzdür. Düşünürəm ki, ən yumşaq formada necə reaksiya vermək mümkün idisə, Avropa Şurası Parlament Assambleyası belə də reaksiya verdi. Yəni Azərbaycanla münasibətlərin tam axıra qədər korlanmaması üçün çox yumşaq bir qərar qəbul etdi. Əslində deputatların səsvermə, sual vermə hüququndan məhrum olunması sadəcə administrativ və inzibati cəzadır. Halbuki Qərb mediasında yayılan xəbərlərdən belə məlum olurdu ki, söhbət böyük lobbi fəaliyyətindən, hətta bəzi deputatların ələ alınmasından gedirdi. Sözün açığı, cəmiyyətdə, əsasən də müxalif çevrələrdə sanki Azərbaycanla bağlı sanksiyalar qəbul olunacaq kimi bir hava yaradılmasını, belə bir eyforiyanın formalaşmasını anlamıram. Çünki bu, doğru yanaşma deyil. Avropa Şurası Parlament Assambleyası ən yumşaq nə edə bilərdisə, onu da etdi. Yəni həm Avropa mediasının yaydığı məlumatlara reaksiya kimi qəbul edilməsi, həm də Azərbaycanla münasibətlərin korlanmaması üçün ən yumşaq və zəif qərarlardan biri qəbul olundu".

    Azərbaycan dövlətinə qarşı hər hansı sanksiyanın tələb olunmasının absurd olduğunu qeyd edən politoloqun sözlərinə görə, bu ölkənin vətəndaşı olaraq Azərbaycanın dövlət olaraq sanksiyalara məruz qalması marağımızda olmamalıdır: "Düşünürəm ki, Azərbaycanda insan hüquqlarını pozan, qeyri-qanuni həbslər həyata keçirən və bu zaman insanları incidən, rüşvət və korrupsiya əməllərində adı hallanan şəxslərə qarşı fərdi sanksiyaların qəbul olunması çox doğru olardı. Çünki bu, ölkədə məmurların özünə çəki-düzən verməsinə səbəb ola bilərdi. Lakin dövlət olaraq Azərbaycana qarşı sanksiyaların tələb olunması heç də doğru yanaşma deyil. Ona görə ki, bu dövlət hamımızındır. Bu gün müxalifətdə olan qüvvələr sabah iqtidarda da ola bilərlər. Ümumiyyətlə, tətbiq olunacaq hər hansı sanksiyanın sonradan ləğv olunması çox uzun və ağrılı, o cümlədən hamıya mane olan bir prosesdir. Bunun üçün sadəcə 907-ci düzəlişi xatırlamaq kifayətdir. Hələ mərhum Elçibəyin zamanında Azərbaycana qarşı qəbul olunan bu sanksiyanı indiyədək ləğv etdirə bilməmişik. Belə ki, bu günə qədər bu sanksiya hər il uzadılır, amma tətbiqi dayandırılır. Bu səbəbdən də hesab edirəm ki, dövlətə qarşı sanksiyanın tətbiq olunması doğru deyil. Ancaq Azərbaycanda insan hüquqlarının pozulmasında aktiv rol oynayan fərdlərə qarşı sanksiyaların olması çox yaxşı olardı. Çünki bu, ən azından Azərbaycanda məmurların fəaliyyətlərində normallaşmaya səbəb ola biləcək arqumentlərdən birinə çevrilə bilər".

    Bu arada, Azərbaycanın Avropa Şurasından çıxması ilə bağlı məsələyə gəlincə, Natiq Cəfərli indiki şəraitdə bunun mümkün görünmədiyini vurğulayıb: "Çünki nə Avropa Şurası, nə də Azərbaycan hökuməti bunu istəyir. Avropa Şurası mötəbər bir qurum kimi hələ də Azərbaycanla münasibətlərin yaxşılaşmasında maraqlıdır. Azərbaycan da öz növbəsində, bu təşkilatda qalmaqda maraqlıdır. Hətta Rusiya ilə Avropanın əlaqələrinin bu qədər korlanmasına, Rusiyaya qarşı çox sərt sanksiyaların tətbiq olunmasına baxmayaraq, Kreml belə, Avropa Şurasından çıxmağı düşünmür. Hətta Rusiya ən çox üzvlük haqqı verən 5 ölkədən biridir. Odur ki, Azərbaycan hökumətinin də sözügedən məsələyə çox kəskin reaksiya verəcəyini, Avropa Şurasından çıxmaqla bağlı qərar qəbul edəcəyini düşünmürəm. Çünki bu, həm ölkənin mənafeyi, həm də hökumətin özünün imici baxımından çox bərbad bir addım olardı. Amma təbii ki, Azərbaycan hökumətinin daxilində Avropa, Qərblə inteqrasiyanın daha zəif olmasında və münasibətlərin daha da korlanmasında maraqlı olan qüvvələrin olduğu artıq heç kimə sirr deyil. Onların adını şərti olaraq Rusiyameylli qüvvələr qoysaq, həmin şəxslərin, qüvvələrin Azərbaycanın Qərblə münasibətlərinin daha da kəskinləşməsində marağı var. Çünki Rusiya ilə Qərb qarşıdurmasının kəskinləşdiyi bir dövrdə Azərbaycanın Qərb dövlətləri ilə daha da yaxınlaşması Kremlin maraqlarına cavab vermir. Hesab edirəm ki, məhz bu məsələnin daha ciddi şəkildə müzakirə olunmasına və araşdırılmasına ehtiyac var".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org