“2023-cü il prezident seçkilərində İmamoğlu Ərdoğana ciddi rəqib ola bilər”

    33

    Şahin Cəfərli: "İstanbul seçkilərinin təsiri lokal miqyasda qalmayacaq və Türkiyədəki siyasi proseslərin gedişinə çox ciddi təsir göstərəcək"

    Kamran Sultanlı: "Əgər İmamoğlu növbəti illərdə güclü fəaliyyət göstərsə, Ərdoğanın alternativinə çevrilə bilər"

    Bildiyiniz kimi, iyunun 23-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilər keçirilib. Türkiyənin Ali Seçki Qurumunun yaydığı rəsmi məlumata görə, seçkilərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 54,03, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım isə 45,09 faiz səs toplayıb. Qeyd edək ki, seçkidən sonra ilk açıqlamasını verən Əkrəm İmamoğlu qələbəsinin yeni bir başlanğıc olduğunu bəyan edib: "Təbii ki, uğurumuzu qeyd edəcəyik. Burdan vətəndaşlara çağırış edirəm: heç kimin qəlbini qırmayın. Sabahdan etibarən mən bələdiyyə sədri kimi, 16 milyon insanımıza ədalətli şəkildə xidmət edəcəyəm".

    Bu arada, CHP namizədinin İstanbul bələdiyyə başqanı seçilməsini şərh edən tanınmış türkiyəli yazar Yusuf Qaplanın fikrincə, AKP-nin daxilindəki bəzi şəxslər bu partiyaya zərər verirlər. Bu barədə axar.az-da yer alan informasiyada deyilir ki, Qaplan bunu PKK-nın çevriliş oyunu kimi dəyərləndirib: "Əkrəm İmamoğlunu 2023-cü ilə hazırlayırlar. Özü də bunu AKP-dəki bəzi şəxslərin əli ilə edirlər. Görəsən, günahkarlar bundan nəticə çıxaracaqlarmı?" Gördüyünüz kimi, o, bu sözlərlə İmamoğlunun qarşıdan gələn seçkilərdə prezidentliyə namizədliyini irəli sürəcəyinə eyham vurub. HDP nümayəndəsi Sezai Təməlli isə qeyd edib ki, İstanbul seçkisində nəticələrin müəyyən edilməsində təmsil olunduğu partiyanın təsirli rolu olub: "HDP tərəfsiz siyasətini qoruyaraq seçkini bir demokratiya mübarizəsinə çevirməklə, bütün xalqların ümidi olub". O, PKK-nın keçmiş lideri, hazırda İmralı həbsxanasında cəza çəkən terrorçubaşı Abdulla Öcalanın İstanbul bələdiyyə sədrliyinə keçirilən seçkilərlə bağlı HDP-yə bitərəf qalması yönündə çağırışına da münasibət bildirib: "Qütbləşmə siyasətindən yana deyilik, seçki strategiyamız və taktikamız dəyişməzdir".

    "İstanbuldan sonra hakim Ədalət və İnkişaf Partiyası digər bölgələrdə də mövqelərini itirəcək"

    CHP lideri Kamal Kılıçdaroğlu isə demokratiyaya inanan bütün dünyanın Türkiyə ilə qürur duyduğunu vurğulayıb: "İnanın, bütün səmimiyyətimlə səsimizi çatdırmışıq. Demokratiyaya inanan bütün dünya Türkiyə ilə qürur duyur. Demokratiyaya inanan insanlar, demokratiyanı sona qədər müdafiə edənlər, sizlərlə hər kəs qürur duyur. Mən bu millətin fərasətinə inanırdım. Xalqımıza, xalqımızın iradəsinə arxalanırıq. Allahın izni ilə 800 min fərqlə biz bunu həll etdik. Hər şey nə ilə başlayıb, bilirsinizmi? Hər şey ədalət yürüşü ilə başlayıb. Haqq, hüquq və ədalət dedik. Bütün maneələri birlikdə dəf etdik".

    Onu da nəzərinizə çatdıraq ki, Türkiyənin sabiq baş naziri Əhməd Davudoğluna yaxınlığı ilə seçilən AKP-dən olan keçmiş deputat Səlcuq Özdağ bu qənaətdədir ki, İstanbuldan sonra hakim Ədalət və İnkişaf Partiyası digər bölgələrdə də mövqelərini itirəcək: "Son seçki sayəsində Türkiyə düşərgələrə, qütblərə ayrılmağı təklif edən siyasəti rədd etdi. Bu seçimin nəticələri İstanbulla kifayətlənməyəcək. Başqa siyasi yansımaları da olacaq". Son seçkinin artıq Ərdoğanın siyasətinin vətəndaşlar tərəfindən dəstəklənmədiyini göstərdiyini deyən Özdağın fikrincə, bundan sonra Türkiyə siyasətində kartlar yenidən paylanılacaq və yeni siyasətçilər ortaya çıxacaq.

    "Dəmirtaşın kürdlər üzərində Öcalandan daha çox təsir gücünə malik olduğu ortaya çıxdı"

    Картинки по запросу Şahin Cəfərli

    Beləliklə, "Hürriyyət" xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın karyerasının ən ağır məğlubiyyəti ilə üzləşdiyini bildirən siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, İstanbulda 2 dəfə arxa-arxaya uduzmaq tarixi olaydır. "Bunun iqtidar və ölkə siyasəti üçün siyasi nəticələri qaçılmazdır" deyən politoloq hesab edir ki, Ərdoğanın "Öcalan açılımı" tərs təpdi: "Kürdlər səsvermədə iştirak edib İmamoğlunu dəstəklədi, MHP-lilərin isə Yıldırıma dəstəyi xeyli azaldı. Dəmirtaşın kürdlər üzərində Öcalandan daha çox təsir gücünə malik olduğu ortaya çıxdı. Bu seçki son günlər həm də bir növ, Dəmirtaş-Öcalan referendumuna çevrilmişdi. Qalib məlumdur. Bu, HDP üçün PKK-nın təsirindən və basqısından xilas olub, ümummilli miqyaslı normal bir sol partiya kimi fəaliyyət göstərmək üçün yaxşı şansdır. İstifadə etsələr, həm özləri, həm də Türkiyə üçün yaxşı olar".

    Şahin Cəfərlinin fikrincə, İmamoğlu öz ittifaqının (CHP+İyi Parti) maksimum səsini toplamaqla bərabər, HDP, MHP və digər kəsimlərdən də ciddi səs alaraq ümummilli konsensusla İstanbul meri kreslosuna oturacaq: "Bu, qütbləşmiş Türkiyə üçün tarixi əhəmiyyətli hadisədir. İstanbul seçkilərinin təsiri lokal miqyasda qalmayacaq və Türkiyədəki siyasi proseslərin gedişinə çox ciddi təsir göstərəcək. Aradakı səs fərqi siyasətdəki zəlzələnin də şiddətini müəyyən edəcək".

    Düz 1 il əvvəl Ərdoğanın İstanbulda 50 faiz səs aldığını, İmamoğlunun isə 54 faiz səs qazandığını vurğulayan siyasi şərhçi qeyd edib ki, bu bir ildə ölkənin siyasi iqlimi kardinal şəkildə dəyişdi: "Xalq avtoritarizmi rədd etdi və son illər cümhuriyyətin bütün köklü qurumlarını, demokratik institutlarını dağıda-dağıda gələn Ərdoğanı dayandıraraq onun milli iradənin ifadə vasitəsi olan qutunu ortadan qaldırmasına imkan vermədi. Xalq çox net mesaj verdi ki, seçki ilə gələn bir gün seçki ilə də gedəcək və kimsənin Ana Yasada qeyd olunduğu kimi laik, demokratik, sosial hüquq dövləti olan Türkiyə Cümhuriyyətini ürəkbulandırıcı kleptokratik-nepotist avtokratiyaya çevirmək cəhdlərinə legitimlik qazandırılmayacaq".

    "Türkiyə demokratiyası üçün seçki institutu son qala idi və xalq onu qorudu"

    Картинки по запросу Kamran Sultanlı

    Türk xalqının demokratiyaya səs verərək, ona sahib çıxdığını bildirən müstəqil ekspert Kamran Sultanlının sözlərinə görə, Türkiyə demokratiyası üçün seçki institutu son qala idi və xalq onu qorudu: "CHP namizədi Əkrəm İmamoğlu aşırı fərqlə İstanbul Böyükşəhər Bələdiyyəsi başqanı seçildi. Burada həm də İmamoğlunun apardığı möhtəşəm kampaniyanın nəticəsini də qeyd etməkdə fayda var. Əgər Ərdoğan 31 mart seçimlərinin nəticəsini qəbul etsəydi, ona qarşı demokratiya amilindən tənqidlər edən bir çoxuna cavab verə bilərdi. Lakin İstanbulu itirməyi gözə ala bilmədilər. İstanbulun Türkiyənin əsası olması, ölkənin bütün tərəflərindən və bütün etnoslarından ibarət bir mozaika olması, ölkə iqtisadiyyatının, sənayəsinin habelə, Türkiyəyə qoyulan investisiyaların 85-86 mld.-lıq hissəsinin, İstanbul olmasını nəzərə alsaq, bu şəhəri itirmək iqtidar üçün ciddi zərbə idi. Həmçinin, Ərdoğanın digər iki böyük meqapolisi itirməsi İstanbulu itirməmək üçün daha ciddi səy göstərməsinə səbəb oldu".

    "Kürdlərin İmamoğluna dəstək vermələri Dəmirtaşın kürdlər arasında əsas nüfuza malik olduğunu sübut edir"

    Ekspertin fikrincə, Ərdoğanın məhşur "İstanbulu alan Türkiyəni alar" fikri bu şəhərin AKP üçün nə demək olduğunu açıq ortaya qoyur: "Siyasi establişmentin zirvəsinə getmək üçün İstanbul böyük və olduqca önəmli tramplindir. Vaxtilə Ərdoğan özü də bu şəhərdən Türkiyənin başına keçmişdi. 31 mart seçkilərindən sonra əsas mübarizə mazlum mübarizəsi idi. Türk xalqı bu mübarizədə İmamoğlunu seçdi. 31 mart seçkilərindən sonra İstanbulda əsas mübarizə kürdlərin səsi uğrunda gedirdi. Buna görə hakim partiya bir sıra addımlar atdı. Abdullah Öcalanın öz vəkilləri ilə görüşməsi qadağası götürüldü, daha sonra Öcalanın bəyanatı İmralıdan yayıldı. Həmçinin, Necirvan Barzani Ərdoğan tərəfindən qəbul edildi. Türkiyə XİN rəhbəri İraq Kürdistanına göndərildi, Masud Barzani, Nacirvan Barzani ilə görüşdü. Öcalanın qardaşı "TRT 1"ə çıxarıldı. Bütün bunlar kürdlərin səsini qazanmaq üçün atılan addımlar idi. Lakin bütün bunlara baxmayaraq, kürdlər İmamoğlua səs verdilər. Burada HDP və onun həbsdə olan lideri Səlahəddin Demirtaşın da xüsusi rolu var. Dəmirtaş yeni seçkinin təyinatından dərhal sonra bəyanat yayaraq demokratik qüvvələrə dəstək olacağını qeyd etdi. HDP hər dəfə bəyanat yayaraq, AKP-yə qarşı bəyanatlar verirdi. PKK lideri Öcalanın birtərəf qalmaqla bağlı kürdlərə çağırısına baxmayaraq, PKK-nın hazırkı lideri olan Murad Karayılan kürdlərin İmamoğluna dəstək olmalı olduğunu vurğuladı. Kürdlər İmamoğluna dəstək verdilər. Bu isə Dəmirtaş fenomeninin kürdlər arasında əsas nüfuza malik olduğunu sübut edir".

    "Seçkinin nəticələrindən sonra İmamoğlu Türkiyə siyasi sferasında parlayan yeni fenomenə çevrildi"

    Kamran Sultanlı hesab edir ki, Öcalanla bağlı atılan addımlar milliyətçilər tərəfindən mənfi qarşılanıb və bu, sonda seçkinin nəticələrinə öz təsirini göstərib: "Bu, onların İmamoğlu fenomeninə meyl etdiklərini göstərir. Seçkinin nəticələrindən sonra İmamoğlu Türkiyə siyasi sferasında parlayan yeni fenomenə çevrildi. Bu Türkiyədə psixoloji tupikin aşındığını, 2023-cü il prezident seçkilərində İmamoğlunun Ərdoğan üçün ciddi rəqib ola biləcəyi nəticəsinə gəlir. CHP Türkiyə siyasi məkanında öz rolunu bununla artırmış olacaq. Bu seçkilər hakim partiyada yeni qopmalara da səbəb ola bilər. Əgər İmamoğlu növbəti illərdə güclü fəaliyyət göstərsə, türk xalqının alternativinə çevrilə bilər. İmamoğlu Türkiyədə ideoloji qütbləşməyə də ciddi təsir edəcək. Türkiyənin demokratik və rifahlı olması bizim maraqlarımıza uyğundur. Çünki Ankara bizim dünyaya açılan qapıdır".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org