Qulu Məhərrəmlinin məntiqsiz və ona yaraşmayan mühakimələri

180

1956-cı ildə romanları bütün dünyada çap olunan, adı dillər əzbəri, SSRİ yazıçılar İttifaqaının sədri Aleksandr Fadeyev intihar etdi. Bütün dünyada onu tanıyanlar mat qaldılar. Halbuki səbəb çox aydın idi. Amma bu aydınlıq Fadeyevdən qat-qat artıq rəzillik və həqiqətə xəyanət edən yazıçılar, şairlər üçün nümunə olmadı. Deməli  o kişiyə xristian da olsa, rəhmət düşür. Məsələ ondadır ki, həmin ildə vaxtilə Stalinin qabağında dönə-dönə rəqs edən Nikita Xruşşov Stalinin şəxsiyyətə pərəstişi və 30 il ərzində ölkədə törətdiyi qırğınları açıb tökdü. Bu danılmaz faktların amansız həqiqət olduğunu və özünü əsərlərinin pərəstiş obyekti olan Stalinin necə cəllad olduğunu bilib Fadeyev initihar yolunu seçmişdi. Halbuki məsələn, bizim Səməd Vurğun Stalinişeir və poemalarında Fadeyevdən on dəfə çox yüksək epitetlərlə tərif edib hətta bütün əsərlərində Stalinə pərəstiş nümayiş etdirməsiylə fəxr də etmişdi. Amma onu (Allah rəhmət eləsin) özü yox təbiət məhkum etdi.

 Mən bu misalı ona görə gətirdim ki, Azərbaycan ziyalıları da eynilə rus ziyalıları kimi düşünmə qabiliyyətinə malikdirlər. Və mənfi mənada ruslarda bu 80 rəqəmini təşkil edirsə, bizdə 99-dur.

“Hürriyyət qəzetinin  12 sentyabr 2020-ci il tarixli nömrəsində tanınmış filoloq və jurnalist Qulu Məhərrəmlinin iki səhifəlik müsahibəsi çap olunmuşdur. Biz onunla yaxın olmasaq da və cəmi-cümlətanı bir dəfə rastlaşıb ötəri şəkildə söhbətləşsək də, mənim bu adama uzaqdan-uzağa hörmətim var. Həm də ona görə ki 80 illiyimə həsr olunmuş kitabda haqqımda son dərəcə xoş və müsbət fikirlər söyləmişdir.  İnanıram ki  o sözlər ürəkdən gəlib. Çünki heç kim ona zəng vurmamış, hətta 80 illiyimi belə, hardansa qəzetlərdən eşitimiş olub. Ona görə bu hörmətli professor haqqında bu yazını xeyli tərəddüdlə yazmalı oldum. Və elə bilirəm ki, mənim fikirlərimin əslində onun üçün faydalı olacağını bilib mənə qarşı münasibətini dəyişməyəcək.

 Bu geniş müsahibədə günümüzün reallıqları haqqında həqiqəti əks etdirən fikirlər az deyil. Buna görə Qulu müəllimi heç şübhəsiz ki, vicdanlı publisistlərimizdən biri hesab etmək olar. Mən onun müsahibəsindən bir abzas, daha doğrusu iki-üç cümlə misal gətirəcəyəm və fikirlərim də həmin iki-üç cümlədəki qənaətlərin şərhinə aid olacaq.

 Azərbaycanda elmlər doktoru və professorların sayı bəlkə də Fransada olduğundan çoxdur. Amma fransız tələbələrinin dünyagörüşü, ədəbi zövqü, həqiqət ehtirası bizim bu professorlarımızın hüç birində yoxdur və hələ uzun müddət belə də olacaq. Halbuki tələbə  hara, hansı ölkədə təhsil almasından asılı olmayaraq professor hara?

Qulu Məhərrəmli müsahibəsində belə deyir: “37-ci ilin repressiyalarında ziyalıları xalq düşməni adı ilə həbsxanalara salır, güllələyirdilər, indi isə daha təhlükəli üsul – onları mənəvi cəhətdən tərk-silah etmək, yəni mənəvi terrora məruz qoymaq yolu seçilib. Başını girləyən şair, yazıçılarla heç kimin işi yoxdur, amma müəyyən milli düşüncəsi, fərqli zəkası olan insanlara qarşı total hücum aparılır. Mirzə Cəlildən Rəsul Rzaya, Səməd Vurğundan Bəxtiyar Vahabzadəyə, Anardan Ramiz Rövşənə kimi aparılan hücumlar bu xalqın dəyərlərini sarsıtmaq məqsədi güdür.”

  Pah atonnan! İki cümlədə həqiqət nə qədər təhrif oluna bilər? İki cümlədə nə qədər yanlış mühakimələr üst-üstə qalanar?

 Ümumiyyətlə respublika siyası rejiminin ədəbiyyat, incəsənət və mədəniyyətin bütün sahələrində çalışan az və ya çox istedadı olan adamlara münasibət göz qabağındadır. Və ümumilikdə Qulu müəllim tərəfindən düz qiymətləndirilir. Lakin konkret adlara gələndə isə professor ideyasının əksinə nümunə olacaq adlar çəkir. Əlbəttə, böyük Mirzə Cəlil istisna olmaqla. Bu ziyalılarımız arasında o qədər adiləşmiş bir hadisədir ki, demək olar ki bütün filoloq, bütün tənqidçi və ədəbiyyatçıların yazılarında az qala hər gün rast gəlirəm. Və buna həm heyrət edirəm və bu  həm də məni güldürür. Bu nəyin nəticəsidir? Əlbəttə bir çox faktorların. Əvvələn ona görəki, respublikamızın demək olar ki bütün tanınmış rütbəli filoloqları bu cür düşünür. İkincisi, müəllifin sadaladığı adlar demək olar ki xalqın da pərəstiş obyektidir. Bu pərəstiş içimizə elə girib ki, demək olar ki hamı əlbəttə bəzi lüt-üryan təbəqə nümayəndələrini və ya sovet dövrünün ziyalılarının oğul-uşaqlarını nəzərə almasaq sosializmin necə mənfur bir rejim olduğunu hamı etiraf edir. Və yazıq Səməd Vurğun da ömrü boyu – yəni  6 cildlik külliyyatının demək olar ki 60-70 faizini deyil, hətta 80-90 faizini Stalinə, onun yaratdığı sosializmə, kommunist partiyasına, onun yaratdığı komsomola həsr etmişdir. Hətta dillər əzbəri olan və vətənpərvərlik ruhunda təmiz Azərbaycan dilində yazdığı “Azərbaycan” şeirinin də sonu yadınızdadırsa belə bitir:

Stalinin eşqiylə sən

  Güləcəksən hər bir zaman

  Azərbaycan, Azərbaycan.

Səməd Vurğuna qarşı hansı total hücumlar olub, bilmirəm (əlbəttə mənim və bir neçə başqalarının kiçik qeydlərini nəzərə almasaq). Səməd Vurğunun dağ boyda tunc heykəli hələ də Bakının ən mərkəzi yerində ucalmaqdadır (hələ Qazaxada da var). Səməd Vurğun iki dəfə Stalin mükafatı almışdı. Elmi səviyyəsinin necə olduğunu bilmirəm, akademik idi. Onun bu görünməmiş şöhrəti vəfatından sonra daha geniş vüsət alıb. Üstəlik Səməd Vurğun 1937-ci ildə Qulu Məhərrəmlinin dediyi kimi  “xalq düşməni”  adıyla tutulan və sonra güllələnənlər haqqında lənətlər yağdırmışdır.

Mən nə Sanılıyam, nə də Cavadam

  Onlara düşmənəm, onlara yadam.

Bu Səməd Vurğun barədə yanlış və haqsız mühakimə. İndi keçək Rəsul Rza, Bəxtiyar Vahabzadə, Anar və Ramiz Rövşənə. Əlbəttə, Rəsul Rza Səməd Vurğundan fərqlənir. Hərçənd ki onun “Lenin” poeması  gorbagor Leninə həsr olunmuş ən parlaq, ən yüksək, ən pafoslu mədhiyyə olsa da, yaxşı şeirləri də var. “Rənglər” silsiləsi, “Buruqların söhbəti” kimi şeirləri var ki, heç şübəhsiz ki, kiçik də olsa bir kitab düzələ bilər. Və o da son illərdə məncə heç kim tərəfindən terrora məruz qalmayıb. Əksinə, haqqında müsbət yazılar çap olunub və hətta Axundov kitabxanasının foyesində abidəsi də ucalır. Doğrudur, bir vaxt Heydər Əliyevlə aralarında bir konflikt baş vermişdi. Amma bir neçə il sonra Rəsul müəllimin yaxasına “Sosialist əməyi qəhrəmanı” nişanını sancmaqla ziddiyyət aradan götürüldü.

 Bəxtiyar Vahabzadəyə gəldikdə isə, onun şöhrəti demək olar ki yuxarıdakıların hamısını ötüb-keçib. Pərəstişkarlarının sayı-hesabı yoxdur. Sağlığında 12 cildlik külliyyatı çap olunub. Akademik seçilib, xalq şairi titulunu alıb, Milli Məclisin deputatı olub. Ay Qulu, insafın olsun da… Əgər  “Gülüstan” poemasını nəzərdə tutursansa, allaha şükür, heç bir təqib və terrordan zərər çəkmədi, yəni məruz qalmadı. Əksinə həmin poema da ona digər bir qismin rəğbətini qazandırdı. Ona na görə ki,  mərhum prezident Heydər Əliyevin də, indiki prezident İlham Əliyevin də ona böyük rəğbətləri vardı. Və bu rəğbətlərdən sonra kim cəsarət edib mərhum xalq şairinə hücum etməyə cürət edə bilərdi? Üstəlik, mərhum şair milli azadlıq hərəkatının ideya rəhbərlərinin biri idi.

 Qaldı ki, Anar və Ramiz Rövşənə, bunlar elə bir şanlı şəxsiyyətlər və ədəbi fiqurlar deyillər ki, kiminsə terroruna məruz qalsınlar.

Əksinə, Anar xalq yazıçısı, Ramiz Rövşən bircə güclü şeiri, bəndi, hətta misrası belə, olmasa xalq şairidir. Üstəlik, Qulu müəllimin dediyinin əksinə olaraq Bakının ən yaxşı yerində çoxotaqlı mənzil də alıb. Hətta o mənzili necə alması da yadımdadır. Hansı bir yığıncaqdasa Anar ev almalı olan yazıçıların siyahısında onun da adını çəkdi. Heydər Əliyev soruşdu ki – “yaxşı şairdirmi?” – “Bəli, yaxşı şairdir”- deyə Anar cavab verdi və bununla da mənzil məsələsi  həll olundu. Bundan sonra Ramiz də borclu qalmayıb Anarı “böyük yazıçı” adlandırdı. Və nəticədə

Bu yaxınlarda  “xalq şairi” dərəcəsinə layiq görüldü.

 Anara gəldikdə isə, bu barədə danışmağa ehtiyac görmürəm. Çünki hər şey göz qabağındadır.

 

Əlisa  NİCAT