Qüds qərarı Trampın siyasi karyerasının sonunu gətirəcək – TƏHLİL

    15

    Ağ Evin maraqları beynəlxalq hüquq normalarına qarşıdır

    İsrail isə yəhudilərin müqəddəs kitabı olan "Tövrat"ın hikmətli öyüdlərinə əməl etmir

    Türkiyə Fələstin xalqının hüquqlarını qorumaq, onları sionist rejiminin qanlı pəncəsindən xilas etmək üçün bütün gücünü səfərbər edib

    Ərəb dövlətləri hələ də hərəkətə keçməyə, Təl-Əvivi istər siyasi, istər iqtisadi, istərsə də güc yolu ilə yerində oturtmağa cəhd göstərmirlər

    Artıq hər kəsə bəllidir ki, mayın 14-də ABŞ prezidenti Donald Trampın qərarına əsasən, Ağ Ev Təl-Əvivdəki səfirliyini rəsmən Qüdsə köçürüb. Məhz bundan sonra Fələstində ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsinə etiraz olaraq kütləvi aksiyalar başlayıb. Son məlumatlara görə, həmin aksiyalarda İsrail ordusu ilə baş verən toqquşmalar nəticəsində 59 nəfər ölüb, 2771 nəfər isə yaralanıb. Təbii ki, baş verən olaylar Qüdsü, o cümlədən Fələstini əlindən gəldiyi qədər müdafiə etməyə çalışan qonşu və qardaş Türkiyənin haqlı etirazına səbəb olub. Buna görə də rəsmi Ankara dərhal Vaşinqton və Təl-Əvivdəki səfirlərini geri çağırıb.

    Mayın 15-də isə İsrailin Ankaradakı səfiri Eitan Naeh Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona Qəzza zolağında baş verən hadisələrlə bağlı etiraz notası təqdim edilib. Eyni zamanda, səfirə Ankaranı tərk edərək İsrailə qayıtmaq və bir müddət ölkəsində qalmaq tövsiyə olunub. Ardınca Türkiyə Xarici İşlər Nazirliyi İsrailin İstanbuldakı Baş konsulunun da ölkəsinə qayıtmasını tələb edib. Bundan başqa, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qəzzadakı hadisələrlə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasını çağırıb və həftənin cümə günü təşkilata üzv dövlətlərin İstanbulda bir araya gəlməsi gözlənilir. Ümumiyyətlə, sözügedən olaylardan sonra Türkiyə və İsrail arasında onsuz da bir o qədər də sıcaq olmayan ilişkilər, artıq daha da gərginləşib. İsrailin Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalatını dayandırması isə iki ölkə arasında siyasi münasibətlərlə yanaşı, iqtisadi əlaqələrin də ciddi ziyan gördüyünü və bu prosesin davam edəcəyini deməyə əsas verir.

    Bu arada, hadisələri analiz etdikdə, o cümlədən tarixə nəzər saldıqda aydın şəkildə görünür ki, İsrail və nəyin bahasına olursa-olsun onu müdafiə etməyi qarşısına əsas məqsəd qoyan ABŞ Qüds mövzusunda tamamilə haqsızdır. Çünki onlar beynəlxalq hüquq normalarına, həmçinin nüfuzlu təşkilatlar tərəfindən qəbul edilən qərarlara əməl etmirlər. Halbuki ötən ilin dekabr ayında BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını rədd edib. Belə ki, Türkiyə və Yəmənin hazırladığı layihənin əsasında qəbul edilən qətnamənin lehinə 128 ölkə səs verib. Tarixi faktlara gəlincə, qeyd etmək lazımdır ki, 1517-ci ildən 1917-ci ilədək Osmanlı İmperiyasının nəzarətində olan Qüdsün statusu 50 ildən artıqdır İsrail-Fələstin münaqişəsinin mərkəzi problemlərindən biridir. Çünki 1967-ci ildə altıgünlük müharibədən sonra İsrail Şərqi Qüdsü işğal edib. 1980-ci ildə təsdiqlənən qanun isə şəhəri İsrailin "bölünməz paytaxtı" tanıyır. Ərəblər isə öz növbəsində, Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı hesab edirlər. Onu da bildirməliyik ki, 1967-ci ildən etibarən İsrail bölgəyə 200 mindən artıq yəhudi sakin köçürüb. Bununla da hazırda, Müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri olan Həram əs-Şərif məscidinin, yəhudilərin müqəddəs saydığı Ağlama Divarının və xristianların Müqəddəs Məzar Məbədinin yerləşdiyi Qüdsün sakinlərinin 60 faizini yəhudilər təşkil edir. Beynəlxalq hüquq baxımından isə Qüdsdəki yəhudi məskənləri qanunsuz hesab edilir. Məhz elə bu səbəbdən də dünyanın nəhəng dövlətləri – Böyük Britaniya, Almaniya, Rusiya, Türkiyə, İran, Pakistan və digərləri ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyini adıçəkilən şəhərə köçürməsi qərarına qarşı çıxır.

    Картинки по запросу tramp qüds

    İş o yerə çatıb ki, artıq yəhudilərin özləri belə, Qüds və Qəzza məsələsində tutduğu mövqeyindən dolayı İsraili ciddi tənqid atəşinə tutmağa başlayıb. Məsələn, "ABŞ və İngiltərə İsrailə yardım etməyin yəhudi xalqının lehinə olmadığını anlamalıdır" deyən "Neturey Karto" ortodoks yəhudi camaatının nümayəndəsi Hamam Bek birmənalı şəkildə bəyan edib ki, bu gün dünyada yəhudi xalqı üçün ən təhlükəli ölkə İsraildir: "Sionistlərə kömək etmək yəhudi xalqının mənafeyinə uyğun deyil. Yəhudilərə kömək etmək istəyirsinizsə, o zaman Türkiyə prezidentinin etdiyini təkrarlayın və səfirliyinizi oradan geri çağırın. Ortaya çıxın və açıq şəkildə İsrail dövlətinə qarşı olduğunuzu söyləyin. İşğalçılara qarşıyıq. Bölgəyə sülh gətirmək istəyirik. Yəhudilər olaraq bizlər İsrail dövlətinin sülh yolu ilə tamamilə dağıdılması üçün dua edirik. İki dövlət də istəmirik. Tək dövləti, dənizdən çaya qədər Fələstin xalqının geri dönməsini istəyirik. Orada yəhudilər və müsəlmanlar birlikdə sülh içində yaşaya bilərlər". Bundan başqa, son 2-3 gün ərzində İsrail əsgərlərinin 60-dan artıq fələstinlini öldürməsinə etiraz əlaməti olaraq İsraildə solçular küçələrə axın edərək nümayişlər keçirib və ölümlərin dərhal dayandırılmasını tələb ediblər. Belə ki, İsrailin baş naziri Benyamin Netanyahunun rəsmi iqamətgahının qarşısına toplaşan etirazçıların əllərindəki plakatlarda "Qəzzanı indi azad edin", "Qəzzadakı etiraz terrorçuluq deyil" şüarları əks olunub. İsrailin paytaxtı Təl-Əvivdə isə yüzlərlə solçu yolları bağlayıb, nəqliyyatın hərəkətinə imkan verməyib. Onlar "Atəş açmağı dayandırın", "Ərəblər və yəhudilərin düşmənçiliyini rədd edirik" kimi şüarlar səsləndiriblər.

    Təbii ki, İsrailin paytaxtın Qüdsə köçürülməsi ilə bağlı qərar verməsindən və ABŞ-ın bunu dəstəkləməsindən sonra Qüds ətrafında proseslərin daha kəskin fazaya qədəm qoyacağı məlum idi. Lakin məsələnin maraqlı tərəfi ondadır ki, Donald Tramp həm Avropanın, həm də müsəlman ölkələrinin onun məlum qərarına kəskin şəkildə etiraz etdiyini bildiyi halda, yenə də sionist İsrailin yanında olmağa üstünlük verdi. Bu isə bir daha onun sübuta yetirir ki, Ağ Evin maraqları beynəlxalq hüquq normalarına, o cümlədən Avropanın və İslam dünyasının maraqlarına qarşıdır. Əgər belə davam edərsə, o zaman yaxın gələcəkdə həm Avropa, həm də müsəlman dünyası artıq ABŞ-ı demokratiyanın, insan hüquq və azadlıqlarının zəmanətçisi kimi deyil, terroru dəstəkləyən ölkə kimi qiymətləndirmək məcburiyyətində qalacaq. Bu isə o deməkdir ki, Qüds qərarı Trampın siyasi karyerasının sonunu gətirəcək.

    İsrailə gəlincə, Benyamin Netanyahunun başçılıq etdiyi hökumətin fələstinlilərə qarşı törətdiyi qətliam bir daha onu təsdiqləyir ki, rəsmi Təl-Əviv yəhudilərin müqəddəs kitabı olan "Tövrat"ın hikmətli öyüdlərinə, orada tövsiyə olunan gözəl əxlaq xüsusiyyətlərə heç bir halda əməl etmir. Görünür, Qəzza zolağında yüzlərlə günahsız insanın – qoca, cavan, hətta körpələrin belə, qətlinə fərman verən İsrail rəsmiləri unudublar ki, "Tövrat" "Qonşunu xor görmək günahdır, nə xoş məzluma lütf edənə!", deyə buyurur. Bu kitab həmçinin, ədalətli davranmağı, sədaqətli olmağı, zülmdən uzaq durmağı, yoxsuluq haqqını yeməməyi tövsiyə edir. İsrail rejimi isə "Tövrat"ın dediklərinə belə, məhəl qoymadan bu gün açıq-aşkar şəkildə Qəzzada terror aktını həyata keçirir. Lakin buna baxmayaraq, Ərəb Dövlətləri Liqası ara-sıra yarı yumşaq, yarı sərt bəyanatlar verməklə işini bitmiş hesab edir. Bəli bu gün dünyanın ən böyük xalqlarından biri olan ərəblər Qəzzada baş verənlərə o qədər də ciddi və yetərincə sərt reaksiya vermirlər. Qardaş və qonşu Türkiyə isə Fələstin xalqının hüquqlarını qorumaq, onları sionist rejiminin qanlı pəncəsindən xilas etmək üçün əlində olan bütün gücünü səfərbər edib. Ərdoğan başda olmaqla, Türkiyənin az qala bütün rəsmi dairələri və şəxsləri İsrailin Qəzza sektorunda törətdiyi qətliamları məhz terror aktı kimi qiymətləndirlər.

    Əfsus ki, bütün bunlara baxmayaraq, ərəb dövlətləri hələ də hərəkətə keçməyə, rəsmi Təl-Əvivi istər siyasi, istər iqtisadi, istərsə də güc yolu ilə yerində oturtmağa cəhd göstərmirlər. Halbuki geniş imkanlara malik olan Ərəb Dövlətləri Liqası Fələstin xalqının müdafiəsi və müsəlmanların qətlinə son qoyulması üçün Yaxın Şərqdə İsrailə qarşı uzun illərdir dirənən və bölgədə müstəqil Fələstin dövlətinin yaradılması istiqamətində səy göstərən "Həmas" İslam Müqavimət Hərəkatına hərtərəfli dəstəyini nümayiş etdirsə, o zaman mövcud problem tez bir zamanda ədalətli şəkildə öz həllini tapa bilər.

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org