Qüdrət Həsənquliyev: “Baş verənlərə cavabdeh vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir”

    18

     

    BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə budəfəki söhbətimiz elektrik enerjisi böhranı vaxtına düşdü. Biz də söhbətimizdə əsasən enerji məsələsi üzərində dayandıq.

    Millət vəkilinin “Hürriyyət”-ə müsahibəsini təqdim edirik:

     

    -Salam, Qüdrət bəy. Azərbaycanda elektriksiz günlər yaşanır. Rəsmi məlumatlara görə, havaların istiləşməsi nəticəsində vətəndaşlarımız elektrik enerjisindən 40% artıq istifadə etməyə başlayıb və bu da Mingəçevir Su Elektrik Stansiyasında bir yarımstansiyanın yüklənməsinə səbəb olub. Yarımstansiya tələbatı ödəyə bilmədiyindən sıradan çıxıb və bütün Azərbaycan qaranlığa qərq olub. Necə fikirləşirsiniz, bütün ölkənin bir yarımstansiyanın ümidinə qalması nə dərəcədə doğru siyasətdir?

    -Sözün doğrusu, bütün ölkədə elektrik enerjisinin olub-olmaması barədə tam məlumatsızam…

    -İnformasiyalardan belə anlaşılır ki, ölkənin böyük hissəsində elektrik olmayıb. Təkcə, Naxçıvanda işıq kəsilməyib.

    -Düzü, bəzən mətbuatda yazılanlar da reallığı əks etdirmir. Bunu dəqiqləşdirmək lazımdır. Bütün hallarda paytaxtın böyük hissəsində elektrikin olmaması ciddi narahatlıq doğurur. Çünki Azərbaycanda strateji əhəmiyyətli müəssisələrin əksəriyyəti bu məkanda yerləşir. İnanıram ki, həmin müəssisə və orqanlar xüsusi generatorlar vasitəsilə elektrik enerjisiylə təchiz olunub. Amma indiki temperaturun 40 dərəcədən yüksək olduğu bir zamanda uzunmüddətli elektrik kəsintisi vətəndaşlara xeyli dərəcədə əziyyətlər yaşadıb.

    Üstəlik, Azərbaycan elə bir coğrafiyada yerləşir ki, burada isti hava dalğaları vaxtaşırı ölkəmizə daxil olur və bir neçə gün, bəzən həftələrlə bu proses davam edir. Ona görə də bütün bu neqativ hallar əvvəldən nəzərə alınmalı, ehtiyat enerji mənbələri yaradılmalı idi. Məsələn, adi bir misal deyim sizə; dünən mən BBC-dən eşitdim ki, Böyük Britaniyanın ərazisinə də belə bir isti hava kütləsi daxil olub və suya tələbat bir neçə dəfə artıb. Bununla əlaqədar Londonda şlanklar vasitəsilə həyatyanı sahələrin suvarılması qadağan olunub və min funt-sterlinq həcmində cərimə müəyyənləşdirilib. Hətta London bələdiyyəsi sakinlərə xəbərdarlıq edib ki, çimərkən vanna qəbul etməsinlər, duşla kifayətlənsinlər. Azərbaycanda da mütləq alternativ tədbirlər həyata keçirilməliydi. Bu cür anomal hava şəraitinə (istənilən fəsildə yaşana bilər) müvafiq qurumlar hazır olmalıdırlar. Əgər bir yarımstansiyada qəza baş veribsə, digər mənbələr işə salınmalıdır.

    -Rəsmi açıqlamalardan belə çıxır ki, qəza 6 saylı blokda baş verib. Əgər 6 saylı blok vardırsa, deməli, müavif olaraq, 1, 2, 3 və sairə saylısı da var. Necə olur ki, bir blokda yaşanan qəza bütün sistemin sıradan çıxması ilə nəticələnib?

    -Bəli, ona görə bu, böyük qəbahətdir və baş verənlərə görə məsuliyyət daşıyan müvafiq vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir. Artıq prokurorluq cinayət işi qaldırıb, inanıram ki, günahkarlar layiqli cəzalarını alacaqlar.

    -Məni ən çox düşündürən odur ki, biz enerji ölkəsiyik. Rəsmilərimiz hətta dünyanın enerji təhlükəsizliyinin qarantı olduğumuzu iddia edirlər. Qazımız var, mazutumuz var, alternativ enerji mənbələri üçün hər cür şəraitimiz var. Amma biz yetərli qədər enerji istehsal edə bilmirik. MDB ölkələrinin müştərək Stastika Komitəsi var; onun hesabatına görə, biz adam başına düşən enerji istehsalında postsovet ölkələri arasında axırdan ikinciyik. Bizdən geridə sadəcə Tacikistan qalır. Adam başına düşən elektrik istifadəsində isə biz Tacikistandan da geridəyik. Buna baxmayaraq, biz həm də xaricə enerji satırıq. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 5 ayında elektrik enerjisi ixracatımızı 3 dəfə artırmışıq və 53 milyon dollardan artıq pul qazanmışıq. Amma ölkəmizin taleyini də bir Mingəçevir SES-na bağlamışıq. Bu paradoksallığı nə ilə izah edərsiniz?

    -Əvvəla, sualınızın az enerji istehlakı ilə bağlı hissəsiylə əlaqədar demək istərdim ki, inkişaf etmiş ölkələrdə adətən enerjidən istifadə nisbətləri yüksək olur. Çünki belə ölkələrdə vətəndaşlar komputerdən, televizorlardan, kondisionerlərdən istifadə edirlər, minlərlə, milyonlarla istehsal və emal müəssiələri var, ictimai nəqliyyat, şəxsi avtomobillər də hər gün daha çox bu enerjidən istifadə edir. Biz isə enerji sərfiyyatında MDB ölkələrindən geri qalırıqsa, bu, ilk növbədə iqtisadiyyatın və vətəndaşlarımızın sosial vəziyyətinin göstəricisidir. İqtisadiyyatımız daha çox neft və neft məhsullarının ixracından asılıdır. Səmimi etiraf edək ki, bizim insanlarımız bir çox hallarda isti havalarda belə, kondisionerləri yandırmırlar. Çünki enerji pulunu ödəmək imkanları olmur. Bilirsiniz ki, enerji daşıyıcılarının qiyməti Azərbaycanda orta aylıq əmək haqqı ilə müqayisədə xeyli bahalıdır. Vətəndaşlarımız o halda elektrik enerjisindən faydalanırlar ki, bu, həyati önəmə sahib olur. Görünür, son günlər hava temperaturu həddindən artıq yüksəldiyindən dözümsüzlük şəraiti ortaya çıxıb və əhalimiz kondisionerləri işə salıb, bu da enerjiyə tələbatı birdən-birə artırıb, nəticədə bu xoşagəlməz hadisə baş verib.

    -Belə çıxır ki, özümüzü regionunun lideri kimi görməyimizə baxmayaraq, həqiqətdə biz maddi rifah halımıza görə hamıdan geridəyik.

    -Enerji resurslarından çox istifadə edilməməsi iqtisadiyyatın həcminin böyük olmamasından və onun qiymətlərinin aylıq məvaciblərlə müqayisədə xeyli baha olmasından irəli gəlir. Hətta elə rayonlarımız var ki, sakinlər qaz ola-ola meşələrə gedib odun gətirib yandırır, yeməkləri bu ocaqlarda bişirir, su qaynadır, qışda odun sobasıyla isinirlər. Çünki qazın pulunu verməyə imkanları yoxdur. Qazın rahatlığına baxmayaraq, pulunu ödəməklə bağlı problemləri olduğundan bu yola əl atırlar. Əlacsızlıqdan evdə odun yandıranlar da var. Sözsüz ki, bütün bunlar əhalinin maddi durumuna bağlıdır. Vəziyyəti dəyişmək üçün iqtisadi islahatlar dərinləşdirilməlidir. Bu edilərsə büdcə gəlirlərini bir neçə ilə 3-4 dəfə artırmaq olar.

    -Məni bir şey narahat edir: Ermənistan adambaşına düşən elektrik enerjisi istehsalına görə bizdən xeyli irəlidədir. Rəsmi statistikaya görə, bizdə iki ay ərzində adambaşına 414 kilovat/saat, onlarda isə 517 kilovat/saat enerji istehsal olunur. Hökumət nümayəndələri deyə bilər ki, onlarda Atom Elektrik Stansiyası var, ona görə bizdən öndədirlər. Yaxşı, bəs, biz niyə onda alternativ enerji mənbələri barədə düşünmürük? Rəsmilərimiz son elektrik böhranını temperaturun artması ilə izah edirlər. Halbuki, bunun özü də bir enerji mənbəyidir. Niyə Günəş enerjisini elektrik enerjisinə çevirə bilmirik?

    -Sözün doğrusu, bu məsələni mən dəfələrlə qaldırmışam. İstər parlamentdə, istərsə də Prezident seçkiləri kampaniyasında alternativ enerji məsələsini ciddi şəkildə gündəmə gətirmişdim. Misallar çəkmişdim ki, məsələn, bir çox Qərbi Avropa ölkələri özünün enerjiyə olan tələbatının 50%-ni, bəziləri 30%-ni, hətta Avropa İttifaqı 2020-ci ildə artıq 20%-ni, qarşıdakı 10 ildə isə 30%-ni alternativ mənbələrdən təmin etmək haqqında düşünürlər. Onlar əsasən, külək enerjisindən istifadə edirlər. Avropanın bir çox ölkələrində, bilirsiniz ki, bizdəki qədər günəşli hava yoxdur. Buna baxmayaraq, onlar günəş panellərindən geniş faydalanırlar.

    Alternativ bərpa olunan enerji niyə zəruridir? Ona görə zəruridir ki, bu zaman ekologiyanın çirklənməsindən söhbət getmir. Ekologiya həm də insanların sağlamlığı deməkdir. Sağlam bir təbii mühitin yaradılması ekoloji təmizlikdən keçir. Hazırda Bakının küçələrində təqribən 700 minə qədər avtomobil şütüyür. Onların buraxdığı zəhərli qazlarla tənəffüs edirik, havamız, ətraf mühitimiz çirklənir. Onu da nəzərə alsaq ki, Bakıda meşə zolaqları istənilən səviyyədə deyil, insanların almalı olduğu oksigen normanın 45-47%-ni təşkil edir. Ona görə də xüsusilə Bakıda insanlarımız tez-tez xəstələnir, ömür ortalaması qısalır.

    Bakı həm də küləklər şəhəridir. Bir balaca külək əsən kimi toz buludundan nəfəs almaq çətinləşir. Bu da insanın tənəffüs imkanlarını daraltmaqla yanaşı, həm də orqanizmə müxtəlif mikrobların düşməsiylə nəticələnir. Bakının küləyindən alternativ enerji istehsalı üçün yararlanmaq lazımdır və bunun üçün hətta müvafiq Agentlik də formalaşdırılıb. Biz də isə bəzən görülən işlər görüntü yaratmağa xidmət edir. Hətta onu da vurğulamışdım ki, günəş panellərinin bir çoxunu magistral yolların kənarlarına düzüblər. Maşınlar yanından keçdikcə, toza bürünür və lazımi səviyyədə enerji toplaya bilmir. Sanki məqsəd görüntü yaratmaqdan ibarətdir. Necə ki, bizdə bir çox olimpiya kompleksləri də rayon mərkəzlərindən xeyli kənarda, magistral yolun kənarında salıblar. Məqsəd onları rayona gələnlərə göstərməkdir. Nəticədə rayonda yaşayan gənclərin həmin komplekslərə getməsi böyük müşkülə çevrilir. Bəzən bunun üçün avtobuslara, ictimai nəqliyyatlara ehtiyac yaranır. Bir sıra rayonlarda isə ümumiyyətlə ictimai nəqliyyat yoxdur. Alternativ enerji qurğuları da eyni qaydada gözdən pərdə asmaq üçün salınır. Bəzən yol boyu uzanan geniş sahələrdə külək tribunları nəzərə çarpır. Bir çoxlarının pərləri isə hətta küləkli havada belə fırlanmır.

    -Elədir. Məncə, bütün bunların ən önəmli səbəbi kadr seçiminin düzgün aparılmamasından qaynaqlanır. Sizinlə müsahibəyə gələrkən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin bir neçə il əvvəl verdiyi açıqlamasını oxudum. Adamdan soruşurlar ki, nə etməyi planlaşdırırsınız. Cavab verir ki, çaylar üzərində 12 Su Elektrik Stansiyası salmaq istəyirik. Qurumun sədri sanki alternativ enerjinin nədən ibarət olduğunu bilmir, amma Agentliyə rəhbərlik edir. Bu zehniyyətdə olan adam gedib dağların güngörməzində günəş panelləri quraşdırmayıbsa, Allaha şükür etməliyik.

    -Yox, mən hesab etmirəm ki, Agentliyin rəhbəri məfhumları bu qədər qarışdırsın. Mümkündür ki, o, bərpa olunan enerjidən danışarkən bu misalları çəkib. Bilirsiniz ki, karbohidrogen qaynaqlardan fərqli olaraq su bərpa edilən enerji mənbəyi sayılır. Bununla belə, mən hesab edirəm ki, Azərbaycanda diqqət daha çox günəş və külək enerjilərinə yönəldilməlidir. Onsuz da bizdə çaylar yetərli elektrik enerjisi almaq üçün o qədər də böyük deyillər. Həmin çayların üzərində tikilən elektrik santrallarının gücü böyük olmayacaq. Həm də SES-lərin xərci də çox olur…

    -Bundan başqa əkinə yararlı torpaqların suyu kəsilir, kənd təsərrüfatı müəssisələri dağılır…

    -Bəli, su elektrik stansiyaları çoxsaylı ekoloji problemlər yaradır. Çaylarda balıqların hərəkətinin qarşısını alır. Əkin-biçin üçün ciddi problemlərə yol açır. Sözüm onadır ki, Azərbaycanda, xüsusilə Bakıda bərpa olunan enerji mənbəyi kimi daha çox külək və günəşə üstünlük verilməlidir. Bu istiqamətdə xüsusil dövlət proqramları qəbul olunmalı və ciddi şəkildə həyata keçirilməlidir. Və bu məqsədlə Dövlət Neft Fondundan ciddi vəsaitlər ayrılmalıdır. Mən əminəm ki, bu işlər yerinə yetirilsə, qısa müddətdən sonra Azərbaycan onun bəhrəsini görəcək.

    -Dövlət Neft Fondundan söhbət düşmüşkən, yadıma SOCAR düşdü. Belə bir atalar sözü var: “El dəli olanda mollaya gedir, molla dəli olanda hara gedər?” Həmin atalar sözünə bənzəməsin; indiki iqtisadi böhranda hər kəs gözünü SOCAR-a dikib. Son büdcə müzakirələrində məlum oldu ki, SOCAR da gözünü büdcəyə dikib. Sizcə, bu paradoksal hal deyilmi?

    (Ardı var)

     

    Söhbətləşdi: Heydər Oğuz