Qubada erməni vəhşilikləri

168

Qarabağ münaqişəsi birbaşa hərbi yolla həll olunmalıdır!  Bəzi tarixçilər və jurnalistlər öz şəxsi fikirlərini qəbul elətdirmək istəsələr də onlara qulaq asan olmamışdır. Münaqişəni həll etmək üçün əvvəlcə onun tarixinə və yaranma səbəblərinə diqqət etmək lazımdır. 100 il qabaq Rusiya imperiyası Pyotrun vəsiyyətinə görə imperiyaların genişlənməsi zamanı işğal ərazilərində dayaqlanma və möhkəmlənmə prinsiplərinə görə Cənubi Qafqaza kütləvi şəkildə köçürülmüş ermənilərin yerləşdirilməsinə hazırlıq görmüşdü. Rusiya imperiyasının Avropa dövlətləri olan İngiltərə və Fransa, qonşu dövlətlər olan İran və Türkiyə ilə apardığı diplomatik danışıqlar İrəvanın və Qarabağın işğalının hazırlıq prosesi olmuşdur.

Hər dona girməyi bacaran erməilərin 1917-ci ildə rusların məsləhətilə tərtib etdikləri plana görə 1918-ci ilin  ilk aylarında Bakıdan  Tiflisə qədər öz torpaqlarında yaşayan  azərbaycanlıları qırıb  Kürə tökməli, Qubadan  Astarayadək yaşayanları isə qırıb Xəzərə tökməli idilər…

Həmin plana uyğun olaraq Rusiyada V. İ. Lenin  kimi arxadarı olan  Stepan  Şaumyan özünün  azəraycanlıların bir millət kimi məhvi barədəki fikirlərini  həyata keçirməyə başladı. İlkin olaraq ermənilər 1918-ci il mart – may aylarında Bakı, Şamaxı, Salyan,  Quba və Göyçayda yerli əhaliyə qarşı kütləvi qırğınlara əl atdılar…

Ruslar 1918-ci ilin fevralından İrəvan quberniyasında fasiləsiz, sistemli tərzdə qırğınlar törətməklə ərazini ermənilər üçün təmizləyib, erməni muxtariyyətinə ərazi yaratmaq siyasəti yeridirdilər.  Bu hazırlıqların nəticəsində  1918-ci il mayın 28-də Tiflisdə Ermənistan Respublikası elan edildi və dərhal ermənilər  Qarabağa iddia irəli sürdülər. Qafqaz ərazisində erməni dövlətinin yaradılması son ana qədər naməlum saxlanılmasına baxmayaraq ermənilər ilk imkanda yeni ərazilərə sahib olmaq cəhdi göstərirdilər. Ermənilə  Azərbaycanın tarixi torpaqlarında dövlət əldə etmələrinə qane olmayaraq qonşularına qarşı müxtəlif vaxtlarda yeni iddialarla qanlı mübarizələr aparmışlar(Bu məqalə əsasən Quba qəzasında  baş vermiş hadisələr haqqındadır. – F. B.)

Azərbaycan Respublikası Dövlət Arxivinin fond 1061, siyahı 1, iş 95, vərəq 5-8-də qorunan məlumatlara görə Fövqəladə Təhqiqat Komissiyasının materiallarının bir hissəsi 1918-ci ilin aprel-may aylarında Quba şəhəri və Quba qəzasında ermənilərin Azərbaycan əhalisinə qarşı törətdikləri cinayətlərlə bağlıdır. Sonralar bu barədə “Azərbaycanlıların soyqırımı və deportasiyası” kitabında, Vaqif Arzumanlı və Nazim Mustafanın “Tarixin qara səhifələri”  kitabında və başqa mənbələrdə geniş məlumatlar verilmişdir.  Azərbaycan Fövqəladə Təhqiqat Komissiyasının üzvü A. Novatskinin çıxışı isə “Tarix, fəlsəfə, hüquq” jurnalının 1989-cu il 4-cü №-də, “Ədalət” qəzetinin 1990-cı il may nömrəsində dərc edilmişdir. (Onu da qeyd etmək istəyirəm ki, yazıda Quba qəzası və onun ətrafında baş verən hadisələr haqda məlumatlar verilir. Şamaxı qırğınları, Göyçay qırğınları, Bakı qırğınları və ətraflarda törədilən vəhşiliklər heç də Qubadakılardan az olmamışdır. Məlumatlar rusca yazıldığından və üz köçürənlərin qeyri – dəqiqliyi üzündən xarabaya çevrilmiş, zərər çəkmiş yaşayış məntəqələrinin adları qarışıq yazılmış, təhrif olunmuş, bəzilərinin adları heç göstərilməmişdir. – F. B.)

Azərbaycan əhalisinə qarşı erməni silahlı dəstələrinin 1918-ci ilin mart soyqırımından sonra Bakı qəzasının bir hissəsi bolşevik diktaturasının əlinə keçmişdir. Bu hadisədən sonra Stepan Şaumyanın tapşırığı ilə Qubaya onun sadiq məsləkdaşı David Qelovaninin başçılığı altında 187 nəfərlik silahlı əsgər dəstəsi göndərilmişdi. David Qelovani Qubaya daxil olub, özünü Quba qəzasının Komissarı elan edib, yerli əhali tərəfindən təcili olaraq sovetlərin hakimiyyətinin tanınmasını tələb edib. Vəziyyətin çox ağır olduğunu nəzərə alan  qubalılar bu tələblə razılaşdılar. Qelovani şəhərdə bolşevik idarə üsulunu tətbiq etməyə başladı. Quba müsəlmanlarının dinc əhval – ruhiyyəsinə tam əmin olduqdan sonra, o, tərksilah edilib, saxlanılmağa Quba türməsinə göndərilmiş 200-ə yaxın erməni dustaqlar üçün yerli müsəlman əhalisi tərəfindən heç bir təhlükənin olmayacağına arxayın olduqdan sonra, erməni məhbusların hamısını azadlığa buraxdı.

David Qelovani sonralar yazırdı ki, Qubaya gələn dəstənin içərisində 12 nəfər erməni, bir neçə nəfər yəhudi vardı, qalanları isə ruslar idi. Dəstədə familiyasını bilmədiyi bir erməninin rəhbərliyi altında 2 pulemyot da vardı. Onlar buradan geri çəkilərkən Ağacanyanın dəstəsi Bulvar küçəsini yandırmış və Bazar küçəsində 16 nəfəri, Komendant küçəsində 7 nəfəri, şəhərin kənarında, köhnə həbsxana adlanan yerdə 35 nəfəri qətlə yetirmişdilər. David Qelovani bu hadisə barədə belə məlumat vermişdi: “Xaçmazdan köməyimizə poruçik Ağacanyanın başçılığı ilə yalnız ermənilərdən ibarət 150 nəfərlik dəstə və iki top gəldi. Növbəti gün o, Qubada əksəriyyəti ermənilərdən ibarət olan xristian əhalini şəhərdən çıxarmaq üçün bir yerə yığdı. Biz geri çəkilməyə başladıq. Əvvəlcə Xaçmaza, oradan isə Dərbəndə gəldik. Bir neçə gündən sonra hərbi nazir G. Korqanov Hamazaspın komandanlığı altında 2000 nəfərdən ibarət “cəza dəstəsi”ni Qubaya göndərdi”.

Qelovaninin dediyi bu sözlər başqa sənədlərdə də öz təsdiqini tapmışdı. 1918-ci ildə bolşevik drujinaçısı olmuş Arustamov xatirəsində “Xaçmaz stansiyasına çatarkən yol boyu meyitlərə rast gəldiyini, qarşıda daşnak batalyonun getdiyini, onlar qabaqda gedərək dinc vətəndaşları və daha çox türkləri güllələmələrini və onların mal – qaralarını məhv etmələrini” göstərmişdi.

Hamazasp qubalılar qarşısındakı çıxışında “Mənə əmr olunub ki, Xəzər sahillərindən Şahdağa qədər bütün müsəlmanları məhv edim və evlərini yerlə bir edim”, – deməsi bir daha göstərir ki, ermənilərin və eləcə də, Bakı XKS rəhbəri Stepan Şaumyanın əsas məqsədi, heç də yerlərdə Sovet hakimiyyətini qurmaq deyil, bolşevik – sovet bayrağı altında müsəlmanları qırmaq, onları qorxutmaq, gələcək erməni dövləti üçün geniş ərazilər əldə etmək olmuşdu. Ermənilərin Qubadakı azğınlığı  9 – 10 gün davam etmişdir. Mayın 1-də şəhərə daxil olan erməni silahlı dəstələri həmin gün şəhərin aşağı hissəsində 713 müsəlmanı qətlə yetirmişdilər. Onların çoxu qadın və uşaqlar idi. Böyük şosse və Bazar küçələrindəki evlər qarət edilmişdi. Hamazaspın silahlı dəstələri şəhəri dörd hissəyə bölərək hər bir hissədə ayrıca qərargah yaratmışlar.  Ermənilərin özbaşınalıqları 2 gün davam etmiş və onlar daha 1012 adamı öldürmüşdülər. Hamazaspın “Cəza dəstəsi” Quba şəhərini və Quba qəzasının 122 kəndini darmadağın etmişdi. Quba şəhərində iki mindən çox adam – kişi, qadın və uşaq qətlə yetirilmişdir və həmin kəndlərin əhalisinə, ümumi dəyəri 58.121.059 manat ziyan vurulmuşdur. Quba şəhər sakini Hacı İsmayıl Orucov isə öz izahatında yazırdı ki, ölüləri dəfn edən mollanın dediyinə görə o, 2800 nəfərin cənazəsinin torpağa tapşırıldığını saymışdır.

1918-ci ilin aprel-may aylarında Quba şəhəri və Quba qəzasında ermənilərin Azərbaycan əhalisinə qarşı törətdikləri cinayətləri araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası 1918-ci il dekabrın 12-də işə başlamış və 1920-ci il aprelin 20-də başa çatdırmış, erməni cinayətkarlığını üzə çıxaran 3 cilddən ibarət 451 vərəq material tərtib etmişdir. Fövqəladə Təhqiqat Komissiyası tərəfindən Quba qəzası üzrə qərar layihəsi hazırlanmışdır. Bu materiallar arasında zərər çəkənlərin və şahidlərin dindirilmə protokolları, Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Novatskinin  və digər şəxslərin hazırladığı məruzələr, aktlar, şəhərin ayrı – ayrı ailələrinə və sakinlərinə dəymiş maddi zərərin miqdarı barədə siyahılar və s. vardır. A. Novatskinin məruzəsi “Quba şəhəri və Quba qəzasının kəndlərinin dağıdılması və qeyd olunan şəhər və kəndlərin əhalisinə qarşı edilən zorakılıqlar haqqında məruzəsi” adlanır.

Məruzədə yazılanlara diqqət edək:

– Bir neçə gün sakitlikdən sonra ermənilər üçün gözlənilmədən, dağlar tərəfdən Qubanın azərbaycanlı və ləzgi kəndlərinin əhalisindən ibarət olan silahlı dəstə şəhərə yaxınlaşaraq Qelovanidən şəhəri buraxmaq və əsir kimi təslim olmaq tələbini qoydular. Qelovani kəndlilərin bu təklifini rədd etdi. Silahlı kəndlilər şəhəri atəşə tutmağa başladılar. Bir neçə günlüyə uzanan atışma başladı. Qelovaninin köməyinə bir top və pulemyotlarla silahlanmış əsgər dəstəsi gəldi. Bu köməyə baxmayaraq, ermənilər kəndlilərin qarşısında duruş gətirə bilmədilər və şəhəri tərk etmək məcburiyyətində qaldılar. Qelovani şəhəri tərk edərkən özü ilə şəhərin əksəriyyəti ermənilərdən ibarət olan bütün xristian əhalisini zorla apardı. Kəndlilər geri çəkilənlərin təqibini davam edərək, yol boyu onları atəşə tuturdular. Atışmada Qelovaninin  çıxarıb apardığı dinc xristian əhalidən bir neçə nəfər həlak oldu. Onlardan – erməni Maçak Kasparov, erməni keşişi Aleksandr Baqdanov, Duxol Poqosov, ruslardan – provaslav keşişi, əczaçı Qolubçik, aksiz məmuru Polesnı, meşəbəyi Abrosimov, doktor Mixelsini göstərmək olar. Qelovani öz dəstəsi və sağ qalan qaçqınlarla birlikdə çıxıb getdi. Bundan sonra şəhərdə sakit və dinc həyat davam edirdi. Kəndlilərin silahlı dəstələri Qelovanini Qubanı tərk etməyə məcbur etdikdən sonra evlərinə dağılışdılar.

Yuxarıda təsvir edilən hadisələrdən təxminən iki həftə sonra, Qubaya belə bir xəbər çatdı ki, Bakıdan Qubaya pulemyot və toplarla silahlanmış böyük qoşun dəstələri hərəkət edir. Şəhər əhalisindən bəziləri əmlak və mülklərini başlı – başına buraxaraq, meşələrə, dağlara qaçdılar, lakin əhalinin əksəriyyəti Qubaya yönələn qoşun dəstələrinin onlara qarşı hər hansı bir təhlükə törədə biləcəklərini gümanlarına belə gətirmədiklərindən, evlərini tərk etmədilər. 1918-ci il may ayının birində səhər tezdən tərkib etibarı ilə əsasən ermənilərdən ibarət olan, artıq yuxarıda adını çəkdiyimiz dəstə, məşhur daşnaksakan Hamazasp və onun köməkçisi Nikolayın başçılığı altında, şəhəri mühasirəyə alıb, onu tüfəng, pulemyot və toplardan atəşə tutdular. Araya dəhşətli bir vahimə və qarışıqlıq düşdü. Silahlılar demək olar ki, heç bir müqavimət görmədən şəhərə daxil oldular. Şəhərin ələ keçirilməsi müsəlman əhalinin başına ağlasığmaz vəhşiliklərin, müsibətlərin gətirilməsi ilə müşayiət edilirdi. Ermənilər küçələrdə qarşılarına çıxan uşaq, qadın və kişiləri qəddarcasına öldürür, evlərə soxularaq bütün ailələri görünməmiş qəddar bir vəhşiliklə qətlə yetirirdilər. Onlar hətta südəmər uşaqlara belə aman vermədən, onları analarının qucağında güllələyirdilər, xəncərlə doğrayırdılar. Bu qarışıqlıq zamanı onlar Kərbəlayi Məmməd Tağının 14 nəfərdən ibarət ailəsinin və Məhəmməd Rəsul oğlunun 5 nəfərlik ailəsinin başlarını kəsmiş,  Hacı Dadaşbala Qasım oğlunun arvadı Bibixanım və oğlu Abdul Qasımı diri – diri oda ataraq yandırmış, Kərbalayı Abuzər Məstan oğlunu və iki qızı – Hökumə və Püstəni qucaqlarındakı körpələrlə birlikdə tikə – tikə doğramış, Məşədi Qəmbər Molla Məhəmməd Saleh oğlunu, onun arvadını və beş körpə uşağını şaqqalamışlar.

(Ardı var)

Füzulu Baratov,

AJB-nin üzvü

 

***

Qubanın o vaxtkı ağsaqqallarından Molla Şahbaz, usta Məhəmməd, Rəsul Bayram oğlu,  Məşədi Musa Zeynal oğlu, Məşədi Əli Məşədi Feyzulla oğlu, Kərbalayı Dadaş Bağır oğlu, Cabbar Məmmədəli oğlu, Saibə Həsən qızı, Səfərəli Məşədi Talıb oğlu və bir çox ailə başçıları qətlə yetirilmişdilər. Şəhərə hücum edən erməni quldur dəstələri tərəfindən ələ salmaq və əzab vermək halları da az olmamışdı. Məsələn, əsgərlər möhtərəm ağsaqqallara özləri üçün müsəlman qadınlarının gətirilməsini əmr edirdilər. Belə əmrləri yerinə yetirməkdən imtina etdikləri üçün Əlipaşa Kərbəlayı Məhərrəm oğlu və onun oğlu yerində güllələnmişlər.

Öldürülən qadın, kişi və uşaqların ümumi sayı iki min ətrafında idi.

Ermənilər adları qohumları tərəfindən gizlədilən yüzə yaxın müsəlman qadınını və qızları zorladılar. Müsəlmanların əmlakı qarət olunurdu. Hesablamalara görə Qubada Hamazaspın dəstələri tərəfindən dörd milyon manat nağd pul, dörd milyon beş yüz min dəyərində qızıl və qızıl əşyaları, qiymətli daş – qaş, 25 milyon rubl dəyərində qida ehtiyatları və müxtəlif mallar qarət olunub ermənilər tərəfindən daşınmışdı. Qeyd etmək yerinə düşər ki, Stepan Şaumyan öz məsləkdaşları ilə birlikdə həbs edilərkən onun çamadanlarındakı 80 milyon qızıl pulun çoxu Qubadan yağmalanmış qənimət idi.

Təkcə Qubada Hamazaspın dəstəsi 105 ev yandırmışdır. İbrahim bəy Şıxlarskiyə, Məşədə Əli Hüseynova, Orucəli Əhmədova,  Bəkir Mehrəliyevə, Səttar Məmmədyarova, Hidayət Əmirbəyova, Rəcəb  Orucova, Əli bəy Zizikskiyə, Yusif bəy Abdulsəlimbəyova, İsgəndər Abdullayevə məxsus böyük   mülk – evlərin, şəhərdəki məscidlərin, müsəlman idarələri yerləşən binaların yandırılıb külə döndərilməsi nəticəsində əhaliyə olduqca böyük ziyan vurulmuşdur.

Hamazaspın “cəza dəstəsi” Qubaya gedərkən Bakı – Xaçmaz dəmir yolu stansiyasına çatana kimi hərəkət etdikləri istiqamətdə dəmir yolunun hər iki tərəfində qarşılarına çıxan adamlara və ətrafda yerləşən bütün müsəlman kəndlərinə hücum edirdilər, evləri yandırırdılar, dağıdırdılar, əmlaklarını talan edirdilər, qaçmağa imkan tapmayan sakinləri isə uşaq, qadın olduğuna rəhm etmədən öldürürdülər. Bəzən elə hallar olurdu ki, ermənilərlə danışıqlara cəhd etmək üçün kəndlilər onlara nümayəndələrini göndərirdilər, lakin ermənilər onlarla heç bir danışıqlara başlamadan hamısını gülləyərdilər, onların gəldikləri kəndləri isə talayaraq, yerlə yeksan edirdilər. Belə bir hadisə  Əlixanlı cəmiyyətində olmuşdu: burada erməni dəstəsi onlarla danışmaq istəyən kəndxuda Mirzə Məmməd Dadaş oğlu və Gülhüseyn Məmməd oğlunu heç bir danışıqsız öldürdülər. Buna oxşar başqa bir hadisə Dəvəçi cəmiyyətində baş vermişdi, belə ki, Dəvəçi bazar və Qızılburun kəndlərinin sakinləri on beş nəfər hörmətli ağsaqqallarını duz – çörəklə ermənilərlə danışıqlara göndərdilər. Ermənilər duz – çörəyi qəbul etmədən, danşığa gələnlərin hamısını son nəfərinədək qətlə yetirdilər. Hamazaspın ermənilərdən ibarət ordusu öz vəhşiliklərinə heç bir sərhəd qoymadan, hətta müsəlmanların dini hisslərinə belə hörmət qoymurdu: onlar tərəfindən çoxlu məscidlər yandırıldı, müsəlmanların müqəddəs Qurani Kərim kitabı tikə – tikə cırılıb ayaqlar altına atılır, yandırılırdı. Müəyyən edilmişdir ki, Hamazaspın dəstəsi Quba qəzasında 122 müsəlman kəndini yandırıb, qarət edib: Dəvəçi, Saadan, Çarxana, Dərə Zarat, Sağolcan, Əlixanlı, Eynibulaq, Urah, Ərəb Əlməmməd, Ağasıbəyli, Kolanı, Ərəb Həmyə, Tuqay, Nardərə, Siyəzən, Rəhimli, Surra, Qulamlar, Butbut, Andreyabad, Xəlillər, Qızılqazma, Borbor, Sincanboyat, Kilvar, Qaraqaşlı, Aşağı Quşçu, Sarvan, Əmirxanlı, Tura, Aygünlü, Cek, Qiblə Qrız, Qaraqurtlu, Qaraçı, Nərəcan, Xudat, Aşağı Buduq, Xaçmaz stansiyası, Təzə və Köhnə Xaçmaz, Mürşüdoba, Əzizlər, Qaracəlli, Qobuqırağı, Mürsəliqışlaq, Şıxlar, Qıraqlı, Nabran, Xasbulat, Bəbəli, Babaşlı, Aşaği Mehrəliqışlaq, Bəyqışlaq, Canaxırqışlaq, Qımılqışlaq, Yusifqışlaq, Qızılqışlaq, Dalğalı, Çarxı, Yergüc, Hülövlü, Xırdaoymaq, Qaraçaylı, Xanlıqoba, Həzrə, Qullar, Həsən Əfəndi, Ərəb, Ərəb Sof, Qarabağlı, Çaxmaqlı, Cığatay, İlxıçı Kazyonnı, Avaran, Xural, Çiləgir, Nəcəfkənd, Əcəxur, Zuxul, Düztahir, Uğur, Böyük Moruq, Gican, Qusar, İmamqulukənd , Yuxarı Zeyxur, Həsənqala, Urva, Aşağı Əlik, Aşağı Ləgər, Hil, Köhnə Xudat, Əvəcuq, Zeyxur, Kuzun, Yasab, Amsar, Nügədi,  Daşlı Yataq, Rəngidar, Qımıl, Əlibəyqışlaq, İqriq, Əniq, Aşağı Xuc, Alpan, Digah, Zeyid, Mirzəmmədkənd, Üçgün , Hacıqayib qışlaq, Susay, Xucbala, Cimi, Rustov, Yenikənd, Talabı, Çiçi, Söhüb, Nöydün, Zərqova, Afurca, Güləzi…  Bu kəndlərin talanı nəticəsində Hamazaspın yuxarıda adları sadalanan kəndlərin yerli əhalisinə vurduğu ziyanın məbləği 58.121.059 manat civarında idi.

Adı xatırlanan Gelovaninin ifadələrindən görünür ki, Hamazaspın dəstəsi Qubaya cəza tədbirləri üçün komissar Stepan Şaumyanın arzusu ilə başqa komissarlara bildirilmədən və onların razılığı alınmadan göndərilmişdir. Orduya adamların səfərbərliyə alınması ilə bağlı işlər hərbi komissar Karqanov tərəfindən həyata keçirilib və dəstə təxminən iki min nəfərdən ibarət olmaq şərtilə əsasən “Daşnaksutyun” partiyasının üzvü olan ermənilərdən təşkil edilib və ordunun başına məşhur daşnak Hamazasp qoyulub. Dəstənin komissarı Venunts adlı birisi təyin edilmiş və “cəza dəstəsi” adını alan bu dəstə heç bir siyasi məqsəd güdmürdü. Bu faktı Hamazasp özü Qubada etdiyi çıxışlarda etiraf etmişdi. O çıxışlarının birində çəkinmədən açıq – aşkar belə bəyan etdi: “Mən erməni xalqının  qəhrəmanı və bu xalqın maraqlarının müdafiəçisiyəm. Mən Qubaya cəza dəstəsi ilə ona görə göndərilmişəm ki, iki həftə bundan əvvəl burada öldürülən ermənilərin qisasını alım. Mən bura qanun – qaydanın bərpası və Sovet hakimiyyətinin qurulması üçün göndərilməmişəm, mən bura sizin öldürdüyünüz ermənilərin sizdən qisasını almaq üçün göndərilmişəm və mənə əmr edilib ki, Şirvanda, Şamaxıda etdiyim kimi, Xəzər dənizinin sahilindən Şah dağa, Dağıstana qədər ərazilərdə olan bütün müsəlmanları məhv edim və sizin evlərinizi yerlə yeksan edim, türklərin qırdığı bizim erməni qardaşlarımızın qanını yerdə qoymayım, lakin mən sizə rəhm etdim”.

Hamazaspın “cəza dəstəsində” onun özündən, komissar Venunts və köməkçisi Nikolaydan başqa Quba ərazisində törədilən cinayətlərdə iştirak edən aşağıdakı erməni şəhər sakinlərinin də adları vardır: Arutyun Ayrepetov, dəllək Cavad, Arutyunov, Avakov, balıq sənayeçisinin oğlu Avakov, tələbə Amircanovlar. Tacir Mirzə Əmircanovun qardaşı və bacısı oğlanları, Mirzə Əmircanovun özü, dükançı Məlikov Vartan, Quba şəhərində evi olan Qriqorinin oğlu Arutyun, dəyirmanı olan Mirzəcanın nəvəsi, Vartan Avakov, Arutyun Baba oğlu, Aleksandr Mukasyans, Tatevos Yaqub oğlu, Babacan oğlu ilə birlikdə, Arutyun Karapet oğlu iki oğlu və qardaşı oğlu ilə birlikdə. Ermənilərlə cinayət əməllərində iştirak edən bu insanların əməlləri Quba şəhər sakinlərindən hadisələrdə zərərçəkənlərdən qubalı Məşədi İbad Bağırov, Kərbalayı Abuzər Məstan oğlu, Məşədi Hüseynqulu Bağırov, Məşədi Həmdulla Əliyev, Şükür Turab oğlu, Məşədi Molla Yusifxan, Hacı Əhməd Əlimurad oğlu və Molla Hacıbaba Axundzadə tərəfindən təsdiq edilmişdi.

Şərh olunanlar adları sadalanan zərərçəkənlərdən başqa, aşağıdakı Quba şəhər sakinlərinin zərərçəkənləri tərəfindən də təsdiqlənmişdir: Kərbəlayı Məmmədəli, İrzaqulu Sultanov, Məşədi Sultan Əsgərov, Məşədi Hacağa Kərbalayı Əhməd oğlu, Mir Ələkbər Mir Məmməd oğlu, Durna Məşədi Talıb qızı, Kərbalayı Paşa Turab oğlu, Zəhra Yusif qızı, Molla Şıxhüseyn Axundzadə, Dəvəçi icması kəndxudası Şaban Şərkər oğlu, Saadan kənd icmasının kəndxudası Dadaş Musa oğlu, Əlixanlı icmasının kəndxudası Hacı Mədin İsmayıl oğlu, Tuqay icmasının kəndxudası Hüseyn Əlibəy Hüseynbəy oğlu, Siyəzən icmasının kəndxudası Baləmi Zülfüqar oğlu, Boyat icmasının kəndxudası Bilal Məşədi Məmmədbağır oğlu, Cek icmasının kəndxudası İsrafil Məmməd oğlu, Qibləkey kəndinin mollası Molla Seyfəddin İxtiyar oğlu, Qaraqurdlu icmasının kəndxudası Şeyda Şıxəli oğlu, Seyidlər kənd sakinlərindən Hacı Seyid Abdulxaliq Hacıseyid oğlu, Nərəcan kənd icmasının kəndxudası Xəmməd Barat oğlu, Şollar kənd sakinlərindən Rəsul Xanməd oğlu, Aşağı Buduq kənd icmasının kəndxudası Məstan Nəsir oğlu, Şıxlar bəylərindən mülkədar Həsən bəy, Susay kənd sakinlərindən Ulubəy Xeyirbəy oğlu, Avaran kənd icmasının kəndxudası Hacı Şeyda Nəzərəlı oğlu, Nərəcan kənd sakinlərindən İbrahim Zahidov, Nügədi icmasının kəndxudası Rüstəm Fineydan oğlu, Möhüc icmasının kəndxudası Rza Səfərəli oğlu, Möhüc kənd sakinlərindən Murad Rəsul oğlu, Fətulla Cəfər oğlu, Amsar icmasının kəndxudası Hacı Mustafa oğlu, Digah kəndinin sakini Ömər Şıxkərim oğlu və Alpan kəndinin mülkədarı Bəybala bəy Qayıbovun izahatları və eyni zamanda zərərçəkən icmalar tərəfindən tərtib edilmiş Quba şəhərinə baxış protokolu və aktlarında bu hadisələrin təsdiqi öz əksini tapmışdır.

Yuxarıda yazılanları əsas tutaraq, belə hesab edirəm ki, Quba şəhərini darmadağın edən, Quba qəzasının 122 kəndini viran qoyan yuxarıda adları sadalanan “cəza dəstəsinin” üzvlərinə – Hamazasp, onun köməkçisi Nikolay, komissar Venunts, Arutyun Ayrapetov, dəllək Cavad, Avakov, Əmircanov və başqalarına qarşı onların törətdikləri cinayətlərlə bağlı onlara qarşı Qanunlar toplusunun 13, 129, 927, 1633. 1453, 1607 maddələri ilə cinayət işi açılsın. Keçmiş komissarlardan Stepan Şaumyan və Karqanova qarşı isə onların ölümü ilə bağlı olaraq cinayət işi açılmasın.

Komissiyanın üzvü

  1. Novatski

Mənbə: ARDA, fond 1061, siyahı 1, iş 95, vərəq 5-8

 

Qeyd. Quba mahalında o zaman ermənlərin yandırdıqları bir sıra kəndlər – Əlixanlı, Ərəbəlməmməd, Ərəb Xəmnə, Qulamlar, Butbut, Tura, Əzizlər, Bişbişi, Aşalı, Küləşqışlaq, Yusifqışlaq, Dəndəlik, Xızı, Fəriz, Ərəb Sofu, Qəriblər, Əbilə kəndləri büsbütün dağıdılmış, heç sonralar dirçələ bilməmişdir. Bəzi kəndlərdə, məsələn, Nardərə, Qarabulaq, Nohur düzü kimi qədim yaşayış məskənlərində hətta indinin özündə 3 – 5 ev qalıb. Adları çəkilən məntəqələrdə elə bizim günlərdə təzə binaların özülü qazılarkən 75 il əvvəl ermənilərin yandırdıqları binaların külü üzə çıxır. (Vaqif Arzumanlı, Nazim Mustafa “Tarixin qara səhifələri”,  Bakı – “Qartal”, 1998, səh. 86)

Bakı Dövlət Universitetinin professoru, 35 kitab müəllifi Vaqif Arzumanlı ilə 2010-cu ildə söhbət edərkən tarixçilərimizdən çox gileyli olduğunu hiss etdim. Sözün doğrusu, mən də çoxdan tarixçilərimizdən narazı idim. Akademiyada A. A.  Bakıxanovun, Ziya Bünyadovun kitablarında ermənilərin xeyrinə dəyişikliklər ediblər. Bunu ya arvadı ermənilər edib, ya da şərəfini, qeyrətini pula satanlar…

Ardı var

AJB üzvü  Füzulu Baratov