Qubada bəzi küçələrə şəhidlərin adı VERİLƏCƏK

132

Quba rayonu ərazisində bəzi yolların əsaslı təmiri, asfaltlanması işləri aparılır.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, Quba şəhərinin ən böyük yaşayış massivlərindən biri olan, “Aeroport ərazisi” adlanan, hazırda 32-33-cü məhəllənin küçələrinin yolları yenidən qurulur.

Yaşayış massivindəki küçələrin bəzilərinə Birinci Qarabağ müharibəsi şəhidlərinin və görkəmli şəxsiyyətlərin adları verilib. Hazırda adsız olan küçələrə Vətən müharibəsi şəhidlərinin adları verilərək, xatirələrinin əbədiləşdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda adı çəkilən yaşayış massivində 22 küçə mövcuddur və küçələrin ümumi uzunluğu 16 kilometrdən çoxdur.

Təxminən 40 ilə yaxındır ki, ərazidə əhalinin məskunlaşması başlanılıb. Burada minə yaxın yaşayış evi mövcuddur. Uzun illər ərazidə əhali yollarının narahatlığı səbəbindən müəyyən problemlərlə rastlaşırdılar. Yaxın vaxtlarda ərazidəki bütün küçələrin asfaltlanması işlərinin başa çatdırılması nəzərdə tutulur.