Quba hadisələrindən 8 il ötür – NƏ BAŞ VERMİŞDİ? – VİDEO

3

Sabah Quba hadisələrinin 8 ili tamam olur.

Yenisabah.az xatırladır ki, 2012-ci il martın 1-də Qubada rayonun o zamanki icra başçısı Rauf Həbibova qarşı qiyam baş vermişdi.

Rayon sakinlərinin etirazının səbəbi "Youtube" sosial şəbəkəsində Rauf Həbibovun qubalıları təhqir etməsi barədə yayılan video olmuşdu. Sonradan həmin vdeonun montaj olunduğu iddia edildi.

Rayon camaatı həmin videodan sonra martın 1-nə etiraz aksiyası təyin etmişdi. Sonradan aksiya kütləvi iğtişaşa çevrilmişdi. Rayon camaatı Rauf Həbibovun evini yandırmış, polislə qarşıdurma baş vermişdi. Hüquq-mühafizə çətinliklə də olsa qiyamı yatırmışdı.

Quba hadisələri ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirlirdi: "Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun 2011-ji il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000 nəfərə yaxın sakin 2012-ci il martın 1-də İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirmişdir. Tədbir ilk anlardan asayişin pozulmasına yönəlmədiyi və dövlətçiliyə dəstək xarakteri daşıdığı halda sonradan ayrı-ayrı destruktiv elementlərin təhriki ilə dinc məcradan çıxaraq ictimai qaydanın kobud surətdə pozulması, şəxsi və dövlət əmlakının qəsdən məhv edilməsi, vətəndaşlar üzərində zor tətbiqi ilə müşayiət olunan hərəkətlərə keçmişdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində əşyaların istifadəsi ilə törədilmiş əməllər nəticəsində İcra Hakimiyyətinin inzibati binasının şüşələri və orada olan avadanlıqlar sındırılmış, bir neçə yardımçı tikili və başçıya məxsus fərdi yaşayış evi yandırılmış, xidməti vəzifəsini yerinə yetirən 24 polis əməkdaşına xəsarət yetirilmişdir.

Fakt üzrə həmin gün Quba rayon prokurorluğunda Cinayət Məjəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və yə bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanılmış və Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin icraatına verilmişdir".

Rəsmi məlumata görə, həyata keçirilən tədbirlərlə cinayətdə iştirak etmiş 25 şəxs müəyyən olunaraq istintaqa cəlb edilib. Onlardan yalnız ictimai qaydanın kobud surətdə pozulmasında, fiziki və hüquqi şəxslərə məxsus əmlakın məhv edilməsində fəal iştirak etmiş 7 nəfəri, o cümlədən Fərhad Abdurahmanov, Alxas Dənyalov, Səxavət Vaizi, Samir Xanmədov, Xəyyam Yunusov, Zəmistan Əmiraslanov və Səfər Qəribov Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə tərəfindən həbs olunub.

Hadisələrin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində aparılan istintaq araşdırmaları göstərib ki, Quba şəhər bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri Elxan Əliyev 2011-ci il noyabrın 22-də keçirilən müşavirədə videoçəkiliş aparan "Xəyal" müstəqil teleradio şirkətinin icraçı direktoru Vüqar Qonaqovdan İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun çıxışının qısaldılmış variantını hazırlamağı xahiş etmiş və bunun müqabilində ona 140 manat ödəmişdir.

Vüqar Qonaqovun tapşırığı ilə şirkətin baş redaktoru Zaur Quliyev və montacçısı İslam Aslanov tərəfindən icra başçısının rayonun bəzi sakinlərinin qanunsuz hərəkətləri barədə söylədiyi fikirlərin ardıcıllığı pozulmaqla, ayrı-ayrı sözləri vətəndaşlarda hiddət doğuran məzmunda birləşdirilməklə süjet hazırlanıb. Həmin videomaterial 2011-ci il dekabrın 18-də kompakt diskdə Vüqar Qonaqova təqdim olunmuş və o, diski Elxan Əliyevə vermişdir.

Bundan əlavə, Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Quba ərazi şöbəsinin məsləhətçisi Zakir Məmmədov icra başçısının çıxışı, eləcə də Rauf Həbibova və onun qohumlarına məxsus ünvanları və ölçüləri göstərilən daşınmaz əmlakın siyahısı və görüntüləri montac edilməklə hazırlanmış videoçarxı rayondakı "Eniqma" mağazasında audio-video disk satıcısı işləyən Rövşən Məhərrəmova verərək internetdə yaymasını xahiş etmişdir.

Videoçarx Rövşən Məhərrəmov tərəfindən 2012-ji il fevralın 20-də "odnoklassniki.ru" və "mail.ru" saytlarında yerləşdirilmişdir. Həmin görüntüləri əldə edən rayonun ərzaq malları mağazasının satıcısı Əli Zeynalov onları Quba şəhərindəki "MMM" internet klubunun icarəçisi İmran Mustafayevə vermişdir. Öz növbəsində İmran Mustafayev ikinci qrup əlil olan Mustafa Nurullayevə məxsus loqin və paroldan istifadə etməklə videomaterialı fevralın 21-də "youtube.com" saytına yerləşdirmişdir"-deyə rəsmi məlumatda bildirilib.

Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Quba ərazi şöbəsinin məsləhətçisi Zakir Məmmədovun mənzilinə keçirilmiş baxış zamanı destruktiv məzmunlu çağırış vərəqələri, Siyəzən rayonu ərazisində gizlətdiyi 3 ədəd disk, "Xəyal" müstəqil teleradio şirkətinə məxsus prosessor və digər dəlillər maddi sübut kimi götürülüb.

Zakir Məmmədov, habelə Quba şəhər bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri Elxan Əliyev, "Xəyal" müstəqil teleradio şirkətinin icraçı direktoru Zaur Quliyev və baş redaktoru Vüqar Qonaqov Cinayət Məcəlləsinin 233-jü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib".