“Qrupdan çıxmaq bizim üçün çətinləşdi”

51

Qurban Qurbanov: “Belə sürətli futbolçulara qarşı istər-istəməz səhvlər olur”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin III turunda “Sivasspor”la oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bildirib. Təcrübəli mütəxəssis rəqibin müdafiədə yaxşı oynadığını və əks-hücumlarda sürətli olduğunu söyləyib:

“Sivasspor”u təbrik edirəm. Vacib 3 xal qazandılar. Çox yaxşı müdafiə olunan və sürətli əks-hücumlar edən komandaya qarşı oynadıq. Futbolçular çox çalışdılar. Maksimum səylə topu özümüzdə saxlamaq istəyirdik. Bir standart vəziyyət, bir də əks-hücumdan qol buraxdıq. Qrupdan çıxmaq bizim üçün çətinləşdi. Qrafikimiz çox sıxdı. Bu oyunu yaddan çıxarıb, qarşıdakı matçlara baxacağıq. Daha doğru, daha düzgün hazırlaşmalıyıq”.

Qurbanov rəqibin sürətli futbolçularına qaşrı müdafiədə səhvlərin olmasını normal olduğunu qeyd edib: “Əvvəlki matçlarla müqayisədə rəqibin heyət seçimində fərq oldu. Amma taktiki planda gözlədiyimiz kimi oynadılar. Baxmayaraq ki, 3-4 yeni futbolçu meydanda idi, amma oyun sistemi eyni olaraq qalırdı. Fasilədən sonra daha fərlqi futbolçular meydana çıxdı. Həm müdafiədə, həm hücumda çox nizam-intizamlı oynadılar. Bu cür təcrübəli, sürətli futbolçulara qarşı istər-istəməz səhvlər olur. Bu da normaldı. Onlar bu səhvlərdən istifadə edib qələbə qazandılar”.