Qozbeli qəbir də düzəltməz

108

Bizi, ölkəmizi, mədəniyyətimizi qətiyyən saya almayan və yüz minlərlə soydaşımızı bütün insani və başqa hüquqlardan məhrum edən bir dövlətə, bi xalqa bu əndazəsiz yaltaqlıq nəyə və kimə lazımdır?

Əndazəsizlik hər yerdə var. Lakin dünyada birinci yerdə bizik. Bunun iki əsası, iki səbəbi var: utanmazlıq və kütbeyinlik!  Əndazəsizliyimizin birincisi yaltaqlıqdır. Bu da aydındır ki, utanmazlıqdan doğur. Bizdə “görənlər, eşidənlər nə deyərlər” düşüncəsi yerli-dbli yoxdur.

Heyvanlar aləmində belə şeylər olmur. Çünki tamamilə yazılmamış qanunların hökmü ilə yaşayırlar. Əgər pələng, yaxud bəbir indicə yeyib doyubsa, çayda su içən zaman hər növ ceyran gəlib qorxub-çəkinmədən onunla yanaşı su içə bilər. Pələng və ya bəbir qətiyyən ona toxunmayacaq. İnsanlar arasında isə beləsinə rast gəlmək mümkün deyil. Əgər hər hansı bir milyonçu yolda  və yerdə pul görsə, onunla yanaşı bir başqası – yoxsul bir adam bu pulu görüb onu götürmək istəsə milyonçu qətiyyən aman verməz. Ya cəld tərpənib ondan qabaq götürər, ya da tutub zorla ondan alar. Çünki bizim dövlətlilər doymaq nə olduğunu bilmir və qazanc məsələsi ortaya çıxanda ədalət və mərhəmət anlayışları beynindən silinib gedir.

Bizdə o dərəcədə, sağlam düşüncənin yoxluğu o dərəcədə qabarıqdır ki, hətta ölkə parlamentində belə, təmsil olunanlar bəzən nə dediklərinindən özlərinin də xəbərləri olmur. Məsələn, görürsən hətta elmlər doktoru dərəcəsi almış deputat heç bir müdafiəyə ehtiyacı olmayan, əksinə bütün ehtiyacı olanlara maddi, hüquqi, mənəvi kömək etmək iqtidarında olan bir şəxsin müdafiəsinə qalxır. Halbuki onun özü müdafiə etmək istədiyi adamdan bütün parametrlərdə yüz dəfə gücsüz, yüz dəfə az imkanlı, yüz dəfə aciz ola-ola həmin güclünün müdafiəsinə qalxır. Bilmək olmur ki, bu bədbəxt özündən yüz dəfə güclü olanın nəyini müdafiə edəcək və edə bilər və onun müdafiəsinin nə əhəmiyyəti var? Amma nəinki o, ümumiyyətlə parlament üzvlərinin demək olar ki,  hamısı səhərdən-axşamacan bu cür müdafiəyə və bu müdafiəni elan etməyə, bu barədə car çəkməyə hazırdırlar.

Bilirsizmi, parlament hüquqlarından məhrum edilə bilər və formal xarakter daşıya bilər, belə ölkələr çoxdur. Ən bariz nümunəsi Rusiya parlamenti sayıla bilər. Amma məgər İran parlamenti belə deyil? Və hətta müəyyən demokratik ənənələri olan Türkiyə parlamenti də demək olar ki, hazırda bu gündədir.

Mənim artıq deputat olası dövrüm keçib. Amma hətta belə bir imkanım olsaydı da qətiyyətlə bu şərəfdən imtina edərdim. Axı mən Fazil Mustafa və ona yaxın olan başqaları deyiləm ki, ömrümdə bir dəfə də hər hansı bir vəzifəli adamın açıq-aşkar nöqsanlı işini, əməlini, hərəkətini tənqid etmək əvəzinə heç bir arxası, vəzifəli qohumu olmayan Babəki və ya Şah İsmayılı Xətaini  söyüb-qaralamaqdan əl çəkməyim. Halbuki əksinə, hər hansı bir naziri və ya yüksək rütbəli məmuru tənqid etmək Babəki və ya Şah İsmayılı ləkələməkdən qat-qat təhlükəsiz olmalıydı. Çünki bu böyük insanların arxasında xalq durmalıdır. Xalqın qorxusundan, qəzəbindən “deputat” Fazil Mustafa bircə kəlmə də danışmağa cəsarət etməməlidi. Çünki hansı bir tele-ekrandasa Xətaini ləkələyəndə küçədə bir dəstə xalq nümayəndəsi onu tutub o ki var əzişdirməli idilər. Amma bu baş vermir. Çünki axı bizdə xalq yoxdur.

Bizim bu əndazəsizliyimiz qəribədir ki, daha çox ancaq özümüzə zərərli olan, bizi hörmətdən salan işlərdə özünü göstərir. Məsələn, qədim müəlman və erməni şəhəri olan (10-15 min də gürcü yaşayırmış) Tiflisdə 100-150 il qabaq bütün məhəllə və meydanlar türkcə adlanırdı. Ortaçala, Şeytanbazar, Günbəz meydanı və s. Bu gün isə bütün bunların heç izi-tozu da yoxdur. Bakıda isə dümək olar heç vaxt bir gürcü məşhuru yaşamayıb. Amma Tiflisdə Mirzə Fətəli, Mirzə Şəfi, Fətəli xan Xoyski və başqa bütün müsəlman aləmində, hətta qərbdə məşhur olan azərbaycanlılar yaşayıb. Amma onların heç birinin adına bir dalan da yoxdur. Amma bizdə nə bilim Rustaveli prospekti, keçmiş Ketsxoveli küçəsi, Caparidze heykəli və s. və i.a. Bu heç! Ay danabaşlar, məgər Tiflisdə Bakı küçəsi varmı ki, sən yaltaqlanıb Bakının ən geniş və gur küçəsini “Tbilisi” prospekti  adlandırmısan? Əşşi, adam başıboş və yaltaq ola bilər. Amma axı bu dərəcədə də yox da. Səni, bizi, ölkəmizi, mədəniyyətimizi qətiyyən saya almayan və yüz minlərlə soydaşımızı bütün insani və başqa hüquqlardan məhrum edən bir dövlətə, bi xalqa bu əndazəsiz yaltaqlıq nəyə və kimə lazımdır? Yaxud İrəvan məsələsi. Bəli, İrəvanı biz tikmişik, yüz illərlə bizim olub, əhalisi də bizimkilər olub, indi hansı bir səbəbdənsə və ya dığalara olan məhəbbətdən sonradan gəlib 5-6 min də erməni yaşayırmış. Yaxşı, şəhəri verdik ermənilərə və yüz ildir ki, artıq bu şəhər Ermənistanın paytaxtı olub, bütün dünyada belə də tanınır. Ən əsası İrəvanda artıq bir nəfər də azərbaycanlı yaşamır. Hətta yaşasaydı belə, bunun elə bir əhəmiyyəti yox idi. Üstəlik bu şəhərin şair və bəstəkarları Bakı haqqında bir kəlmə də musiqili və ya musiqisiz tərifli söz yazmayıblar. Bəs sən niyə sovet dövründə  bir-birinin dalınca 3 “Yerevan” mahnısını yazırsan (İrəvan da yox ha!) və hamısını da nəqərat kimi

Qardaş olub Hayastan – Azərbaycan

– deyirsən. Adə, ay yaramaz, bir dənə yazdın kifayətdir. Üç dənə də mahnı olar? O bir dənə yazsaydı, yenə cəhənnəmə.

Xülasə, utanmazlıq və kütbeyinlik bizim gözəgörünməz bayrağımız və şüarımızdır. Neyləməli,  biz də beləyik və utanmaz-utanmaz özümüzdən razı olub özümü millət də hesab edirik.

Əlisa NİCAT