“Qonşudan yaxşı işləri, yaxşı əməlləri öyrənməkdə fayda var” – RÖVŞƏN AĞAYEV

39

“Gürcüstanın bütün uğurları Covid 19-la mübarizdə öz nəticəsini göstərir, bu ölkədə az qala 1 ayda yoluxmanın ümumi sayı bizdə artıq 1 gündə baş verir”

“Qonşudan yaxşı işləri, yaxşı əməlləri öyrənməkdə fayda var. Son 15 ilin Gürcüstanı bütün postsosialist məkan üçün örnəyə çevrildi – korrupsiyanın kökünü kəsməkdə, cəmiyyətin demokratikləşməsində. Biz bir dəfə onların yaxşı bir örnəyindən yararlandıq və peşman da olmadıq – Saakaşvilinin “bir pəncərə” sistemini tətbiq etmək üçün yaratdığı “Ədliyyə Evləri”ni biz ASAN xidmət kimi ölkəyə gətirdik”. Hurriyyet.org xəbər verir ki, bu fikirlərin müəllifi İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevdir.

Bunun nəticəsinin də yaxşı olduğunu vurğulayan ekspertin sözlərinə görə, ən azından məişət korrupsiyasının kökü əhəmiyyətli dərəcədə kəsildi: “Həm də xidmətlərin elektronlaşması, “bir pəncərə” sayəsində artıq sənədləşmə zərurətinin aradan qalxması insanların izafi zaman, pul itkisinin də qarşısını aldı. Amma sonra ordan heç nə götürmək istəmədik. Məsələn, polis, vergi və gömrük sistemində fundamental islahatları çox önəmlidir. Bunlardan daha əvvəl isə gerçək çoxpartiyalı sistem və çoxpartiyalı paralment yaratdılar, bir siyasi qüvvənin uzun müddət hakimiyyətdə qalmasının cəmiyyətin strateji maraqlarına zərbə olduğunu anlayıb Saakaşvili kimi siyasət ustasına və onun partiyasına 10 ildən artıq ölkəni idarə etməmək üçün qırmız kart göstərdilər, müxalif televeziyanın fəaliyyətinə yaşıl işıq yandırdılar, kommunal sektorun dövlətsizləşdiriilməsinə və liberallaşdırılmasına getdilər, kifayət qədər şəffaf özəlləşdirmə apardılar və bu mənbədən dövlət büdcəsinə yaxşı pul cəlb elədilər, şəffaf satınalma mexanizmi yaratdılar və hətta Ukraynanın “ProZorro” kimi dünyaya səs salmış satınlama sisteminin yaradıcıları Gürcüstan təcrübəsindən yararlandıqlarını dilə gətirdilər”.

Rövşən Ağayev bildirib ki, Gürcüstanın bütün bu uğurları Covid 19-la mübarizdə öz nəticəsini göstərir: “Bu ölkədə az qala 1 ayda yoluxmanın ümumi sayı bizdə artıq 1 gündə baş verir. Necə edirlər, necə nail olublar – “qonşudan yaxşını öyrənməkdə fayda verib” öyrənmək lazımdır. Amma buna qədər gərək yuxarıda onların etdiyinin hamısını edəsən. Yoxsa mühərriki xarab avtomobilin təkərlərini, hətta kuzovunu da dəyişsən yerindən tərpənəsi deyil”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org