Qondarma “dqr xarici işlər nazirinin” və general Samvelin Rusiyaya girişinə qadağa qoyuldu

12

Rusiya hakimiyyəti Dağlıq Qarabağdakı qondarma erməni rejiminin “xarici işlər naziri”, “prezidentliyə namizəd” Masis Mailyanın və keçmiş səhra komandiri, general Samvel Babayanın ölkəyə girişini 5 il ərzində məhdudlaşdırıb. Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistanda nəşr edilən “Hraparak” (“Meydan”) qəzeti öz mənbələrinə istinadən yazır.

Masis Mailyan Dağlıq Qarabağda martın 31-nə təyin edilmiş “prezident seçkilərində” Ermənistan baş naziri Nikol Paşinyanın dəstəklədiyi namizəddir. General Samvel Babayan isə namizədliyini irəli sürə bilməyib, çünki onun “dqr vətəndaşlığını” itirdiyi əsas gətirilib. Babayan məhkəmə yolu ilə bu qərarın ləğvinə çalışsa da baş tutmayıb, nəticədə onun təsis etdiyi “Vahid Vətən” partiyası bu “seçkilərdə” Masis Mailyana dəstək verir.

 

Qəzet yazır ki, Mailyanın və Babayanın Rusiyaya girişinin qadağan edildiyi barədə məlumatı rəsmən nə təsdiq, nə təkzib edirlər. Lakin qərarın əsasında siyasi və ola bilsin həm də hüquqi səbəblər dayanır. “Biz bununla bağlı rəsmi sorğu göndərmişik və cavabını alanda dərc edəcəyik”,-qəzet bildirir.