Qondarma rejimin rəhbəri beynəlxalq axtarışa verildi

39

Arayik Aratunyan, Cəlal Aratunyan və digərləri barədə müxtəlif maddələr üzrə ittiham elan edilib

“Ermənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib”.

Bunu Baş prokuror Kamran Əliyev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, istintaq hərəkətləri çərçivəsində 1700 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib: “Həmçinin tibbi, ballistik və digər ekspertizalar təyin edilərək keçirilib”.

Baş prokuror deyib ki, və digərləri barədə müxtəlif maddələr üzrə ittiham elan edilib. O qeyd edib ki, həmin şəxslər barədə beynəlxalq axtarış elan edilib.

Əldə olunan məlumata əsasən, Azərbaycana qarşı törədilən hərbi və müharibə cinayətləri, raket atəşinə tutulması Arayik Aratunyan və ətrafı tərəfindən törədilib.

Kamran Əliyev qeyd edib ki, aparılan istintaq hərəkətləri ilə bu nəticəyə gəlinib: “Məqsəd əsasən əhalini qorxudaraq xof yaratmaqdır.”

Baş prokuror onu da vurğulayıb ki, düşmən tərəfindən Azərbaycana qarşı hücumlarda əcnəbi muzdluların döyməsi faktları ilə bağlı cinayət işlərinin istintaqı davam edir.Onun sözlərinə görə, muzdluların qarşı tərəfdə döyüşməsi sübutlarla təsdiq olunub: “Onların sırasında Gürcüstan, Fransa, ABŞ, Belarus və digər ölkələrdən olan ermənilər də var. Onlardan 6 nəfər barəsində beynəlxalq axtarış elan edilib”.

Ermənilər 7 ailəni həlak edib

Baş prokuror deyib ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmən ölkənin silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı hücumları nəticəsində 7 ailə həlak olub. Bundan əlavə, 4 uşaq hər iki valideynini itirib.

K.Əliyev həmçinin vurğulayıb ki, hücumlar nəticəsində Gəncədə 26, Goranboyda 22, Ağdamda 7, Bərdədə 27, Füzulidə 3, Beyləqanda 2, Ağcabədidə 1 mülki şəxs həlak olub.

“Ermənilərin hücumu nəticəsində 91 mülki şəxs ölüb, 400-ü yaralanıb”

“Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları nəticəsində sentyabrın 27-dən bu günədək 91 nəfər ölüb, 400 nəfər yalaralanıb”, – deyən Kamran Əliyevin sözlərinə görə, yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 428, çoxmənzilli yaşayış binalarının sayı 92, yaşayış evlərinin sayı isə 2 442-dir.

Ermənistanın dinc əhaliyə qarşı törətdikləri ilə bağlı 52 cinayət işi başlanıb

Kamran Əliyev onu da deyib ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmən ölkənin silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı 52 cinayət işi başlanıb.

Bu cinayət işlərindən 39-u dinc əhaliyə hücumlar, 5 cinayət işi muzdluların döyüşməsi, 1 cinayət işi vurulmuş zərərlə bağlıdır. Həmçinin DTX və Hərbi Prokurorluqda da əlavə cinayət işləri başlanılıb.

“Ermənistan dövlət olaraq məsuliyyət daşıyır”

“Azərbaycan Respublikasında törədilən hərbi və müharibə cinayətlərinə görə, Ermənistan dövlət olaraq, həmçinin digər şəxslər fərd olaraq məsuliyyət daşıyır”. Bu fikirləri isə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baş Prokurorluqda keçirilən brifinqdə deyib.

O qeyd edib ki, günahkar şəxslərin cəzalandırılması üçün bütün hüquqi addımlar atılacaq və beynəlxalq mexanizmlərdən istifadə olunacaq.

Hikmət Hacıyev deyib ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı hərbi cinayətlər törətməsi tam təsbit olunub.

O qeyd edib ki, Azərbaycanda mülki əhaliyə qarşı cinayətlərə görə də Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.

“Hərbi tribunalların yaradılmasına ehtiyac var”

“Həmişə bunu hüquqşünaslar da qeyd edirlər ki, Holokost o zaman Holokost oldu ki, Nürnberq məhkəməsində öz hüquqi qiymətini aldı”, – deyən Hikmət Hacıyev daha sonra əlavə edib: “Bu gün də Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi bu kimi cinayət əməlləri Avropa İnsan Hüquqları Məhkəməsində bir epizodda, yəni “Çıraqov Ermənistana qarşı” işi üzrə aparılan iş çərçivəsində öz ilk hüquqi qiymətini almışdı. Amma bütün bu əməllərin kompleks şəkildə qiymətləndirilməsi üçün beynəlxalq məhkəmə mexanizmlərinin və hərbi tribunalların yaradılmasına ehtiyac var ki, Ermənistanın siyasi-hərbi rəhbərliyində bu gün təmsil olunan şəxslər, həmçinin əvvəlki dövrlərdə də Azərbaycan xalqına qarşı cinayət əməllərini və insanlıq əleyhinə qarşı cinayət əməllərini törətmiş insanlar qanun qarşısında, yəni beynəlxalq ədalət mühakiməsi qarşısında cavablarını vermiş olsunlar. Bu, heç bir halda qisas deyil, bu, ədalətin təntənəsidir”, – o qeyd edib.

Hazırladı: İ.SABİRQIZI