“Qol vura bilmiriksə, oyunu udmaq çətindir”

198

Visente Qomes: “Təkcə müdafiəçiləri günahlandırmaq olmaz

“İki fərqli hissə izlədik. İlk hissədə qol imkanları olmadı. İkinci hissədə rəqibin azlıqda qalmasından istifadə etdik və qolu vurduq. Daha sonra əlimizə düşən imkanlardan istifadə edə bilmədik və rəqib hesabı bərabərləşdirməyi bacardı”.
Bu sözləri “Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 11-ci turunda “Keşlə” ilə səfər oyunundan (1:1) sonra mətbuat konfransında deyib.

– “Sabah”ı bu vəziyyətdən çıxartmaq üçün nə etməyi düşünürsüz?
– Dəyişikliklər etməyə başlamışıq. Ötən oyunda qələbə qazandıq, indi də 1 xal qazandıq. Qol imkanlarını dəyərləndirə bilmiriksə, oyunu udmaq çətin olur.
– Vurduğunuz qoldan sonra sanki hesabı qorumaq üçün oynayırdız. Bunun səbəbi nə idi?
– Hücumçuları bir-biriylə əvəz etməyimə səbəb onların fərqli xüsusiyyətlərinin olmasıdır. Ramil Şeydayev daha çox boş mövqelərə açılan futbolçudur. Ona görə, meydana buraxdım və oyunumuza müsbət təsiri oldu.
– Müdafiədən nə dərəcə razı qaldız?
– Müdafiə xəttimiz pis çıxış etmədi. Sadəcə, ümumi şəkildə komanda olaraq yaxşı çıxış etmək lazımdır ki, belə qollar buraxmayaq. Təkcə müdafiəçiləri günahlandırmaq olmaz.
– Oyunun qırılma nöqtəsi hansı epizodu hesab edirsiz?
– Demək çətindir, amma Veysəl Rzayev və Ulisse Diallo qol vura bilsəydi, fərqli olardı.
– Sezar Meza Kolli qoldan sonra sizə nə dedi?
– Sadəcə, oyunla bağlı fikirləri idi. Başqa heç nə danışmamışıq.
– Şeydayevin karyerasında enişə getdiyini düşünürsüz?
– Hər bir futbolçunun karyerasında hər zaman eniş olur və bu da normaldır.
– Qışdan sonra komandada hansı mövqelərə dəyişiklik etməyi düşünürsüz?
– Hələ bu haqda bir şey deyə bilmərik.