QMİ cümə namazlarına gedən dindarlara müraciət etdi

6

“Qafqaz Müsəlmanları İdarəsi koronavirusla bağlı məscidlərə, məscid rəhbərlərinə və imamlara xüsusi tapşırıqlar verib”.

Hurriyyet.org xəbər verir ki, bu barədə REAL TV-yə QMİ-nin sədr müavini Fuad Nurullayev məlumat verib. O bildirib ki, insanlar kütləvi şəkildə gəlib Cümə namazlarında iştirak edir:

“Bacardıqları qədər təmasda olmamağa çalışsınlar. Bəzən adi bir haldan böyük ajiotaj yarana bilir. Biz gigiyenik tədbirlərə xüsusi şəkildə riayət edilməsini istəyirik. Müəyyən insanlar var ki, səcdə zamanı möhürə baş vurur. Əgər imkanları varsa, hərə öz möhürünü evindən gətirsin. Bununla da hansısa şübhələrin yayılmasının qarşısını alsınlar”.

F. Nurullayev həmçinin təxirə salınan Ümrə ziyarətindən də danışıb. Onun sözlərinə görə, idarənin nümayəndəsi Səudiyyə Ərəbistanın Azərbaycandakı səfiriylə görüşüb: “Səudiyyə Ərəbistanının koronavirusla bağlı Ümrə ziyarətinə gedişin müvəqqəti dayandırılması məsələsi müzakirə edilib. Bu müvəqqəti xarakter daşıyır. Mütəxəssislər deyir ki, havalar istiləşəndə virusun yayılması minumum səviyyədə olur. Səudiyyə Ərəbistanında istilər tez başlayır. Yəqin ki, havalar istiləşəndən sonra ziyarət yenidən bərpa ediləcək. Məsələ Azərbaycan dövlətinin ciddi nəzarəti altındadır. Ölkənin müxtəlif ərazilərində qabaqlayıcı dezinfeksiya işləri görülür”.