“QMİ-nin tövsiyələrini alqışlayıram” – Elçin Mirzəbəyli

117

Son illər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə gerçəkləşən və ənənəyə çevrilən qanvermə aksiyaları İslam dininin humanist mahiyyətinin olduğu kimi təqdim və qəbul edilməsində müstəsna əhəmiyyətə malikdir. Qanvermə aksiyaları “Mərhəmətli və Rəhmli Allahın adı ilə!” başlayan müqəddəs kitabımızda buyurulan xeyirxah əməllərin davamıdır və İslam fəlsəfəsinin, İslam mədəniyyətinin təməl mahiyyətini ehtiva edir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının Məhərrəmlik ayı ilə bağlı müraciətində bu ənənənin davam etdirilməsi üçün qanvermə aksiyalarının pandemiya səbəbindən məscidlərdə deyil, Qan bankının paytaxtda və bölgələrdəki filiallarında keçirilməsi tövsiyəsini bir vətəndaş olaraq dəstəkləyir:

“Hesab edirəm ki, yoluxma hallarının artmaması üçün bu aksiyalar kütləvi şəkildə keçirilməməli, sosial məsafə gözlənilməli, virusdan qorunmaq üçün gərəkli olan bütün qaydalara əməl edilməlidir. Əks təqdirdə dinimizin humanizm prinsiplərindən çıxış edərək, ehtiyacı olanlara qan verdiyimiz halda, günahsız insanların, müsəlman qardaş və bacılarımızın təhlükəli virusa yoluxmasına zəmin yarada bilərik ki, bu da heç bir halda məqbul sayıla bilməz. Yəni öz qanımızla bir insanı bəladan xilas etmək niyyəti güddüyümüz halda, günahsız insanları koronavirusa yoluxdurmaqla, özümüz də istəmədən dinimizin və Məhərrəm ayında həyata keçirilən ayinlərin mahiyyəti ilə ziddiyyət təşkil edən əmələ yol verə bilərik. Qənaətimə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah belə halların baş verməməsi üçün xüsusi qaydalar və mexanizmlər hazırlamalı, həyata keçirilməsinə ciddi nəzarət etməlidir”.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəmlik ayı ilə bağlı müraciətində ehsanlarının pandemiya dövrünün tələblərinə uyğun olaraq, imkansız ailələrə, maddi sıxıntı çəkən insanlara ərzaq, yaxud hər hansı bir formada, fərdi qaydada çatdırılmasına münasibət bildirən politoloq bunun pandemiyadan sonra da eyni qaydada davam etdirilməli olduğunu məqsədəuyğun sayır:

“Dinimizdə xeyirxah əməllərin nümayişkəranə şəkildə həyata keçirilməsi məqbul hesab edilmir. Bu səbəbdən təziyyə ehsanlarının yardım şəklində, fərdi qaydada ehtiyacı olanlara çatdırılması dinimizin təbliğ etdiyi başqa bir sifətin – təvazökarlığın da əyani təbliğinə zəmin yarada bilər. Mərhəmətli və eyni zamanda təvazökar olmaq əsl müsəlmanlıq, əsl insanlıq nümunəsidir.

Ümid edirəm ki, yaxınlarımızı, doğmalarımızı, müsəlman bacı və qardaşlarımızı bu təhlükəli virusdan qorumaqla, tədbirli və təmkinli davranmaqla, birlik, bərabərlik, həmrəylik nümayiş etdirəcəyik”.