“Qızım ciddi travma alıb, mənimlə qalmaq istəmir” – Boksçu tərəfindən döyülən qadın

    3

    Boks üzrə milli komandamızın üzvü Məryəm Cəbrayılova ətrafında yaşanan qalmaqal səngimək bilmir.

    Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, artıq idmançı barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozma) maddəsi ilə ittiham irəli sürülüb. Onun cinayət işinin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ağamalı Qafarovun icraatına verilib.

    Zərərçəkmiş Günay Zeynalova musavat.com ilə əlaqə saxlayaraq, küçədə qızının gözü qarşısında döyülməsinin həyatında yaratdığı çətinliklərdən danışıb. O bildirib ki, sözügedən hadisənin təsirindən nə özü, nə qızı çıxa bilib:

    “Hələ özümüzə gələ bilməmişik. Hadisənin baş verməsindəın 3 aya yaxın vaxt keçib. Qızımla psixoloq yanına gedirik. Qızım mənimlə tək qalmır, qorxur. Anamı yanımızda istəyir. Nənəsinə deyir ki, məni anamla tək qoyma. Həm uşağımın psixologiyasının pozulması, həm də Məryəmin rahatlıqla, heç nə olmamış kimi ortalıqda gəzməsi mənə pis təsir edir. Heç kim qızımın durumunu düşünmür. Bu sadə qadın davası deyil. Bir uşağın gözü önündə anasının döyülməsi və çarəsiz qalması bilirsiniz nə deməkdir? Bəlkə də, maşında tək olsaydım, məsələnin dərinliyinə getməzdim. Ortada bir uşaq var. İstəmirəm ki, başqa uşaqlar da qızımın yaşadığını yaşasın. Başqa qadınlar da təhlükədə olsun. Yaxın günlərdə məhkəmə olacaq. Inanıram ki, hakim ədalətli qərar çıxaracaq. Mən Azərbaycan qanunlarına, hüquq-məhkəmə sisteminə inanıram. Çünki mənə tək mənəvi yox, maddi ziyan da dəyib. M. Cəbrayılova cəzasını alsa, o zaman ürəyim az da olsa, rahatlayar”.

    Qeyd edək ki, zərərçəkmiş G.Zeynalova daha əvvəl mətbuata açıqlamasında bildirib ki, avtomobillə Xaqani bağı istiqamətində hərəkət edərkən əks yoldan daxil olan M.Cəbrayılovanın da içərisində olduğu avtomobil onun qarşısını kəsib və yolu bağlayıb.

    G.Zeynalova etirazını bildirdikdə isə avtomobildən düşən M.Cəbrayılova ona hücum edib, pəncərədən əlini uzadıb, üzünə yumruq vurub. Hətta yenicə əməliyyat olsa da, onun yarasının üstünə zərbələr endirib.

    M.Cəbrayılova musavat.com-a açıqlamasında yaşananların G.Zeynalova tərəfindən şişirdildiyini və həmin qadına əl qaldırmadığını deyib.